Məhkəmə qərarları › İş №2(001)-6551/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6551/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6551/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və dəbbə pulunun (cərimənin) ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə əsas borc üzrə 1794,67 manat, 03.08.2021-ci il tarixə faiz borcu üzrə 9,8 manat olmaqla, cəmi 1804,47 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bank ilə Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli, ******* №-li kredit müqaviləsinə əsasən ona illik 1 % dərəcəsi ilə 1796,17 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə düşən öhdəlikləri lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuş, nəticədə iddia qaldırılan günə banka əsas borc üzrə 1794,67 manat, 03.08.2021-ci il tarixə faiz borcu üzrə 9,80 manat olmaqla, cəmi 1804,47 manat məbləğində borcu yaranmışdır. Cavabdeh öhdəliklərini icra edilməldiyi, gecikdirildiyi bütün hallar üçün cavabdehdir və banka dəymiş zərəri ödəməlidir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh mağazadan əşya almaq üçün bankdan kredit götürmüşdür. Yanvar ayından etibarən borcu ilə bağlı ödəniş etməmişdir. Ümumiyyətlə əsas borcdan hər hansı ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, borc məbləğini qəbul edir. Oğlunun dostu onun adında “Sunny” TM-dən 2013-cü ildə qızıl almışdır. Mağaza bankla əlaqəli işləmişdir. Əvvəl banka olan borcunun oğlunun maaşı ilə ödəmişdir. Əsas borcdan hər hansı ödəniş etməmişdir. Hazırda 300 manat maaş alır. Ailədə ondan başqa işləyən şəxs yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli ******* saylı “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsinə və ödəniş cədvəlinə əsasən bank borcalana 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla, illik 1 % dərəcəsi ilə 1796,17 manat kredit verməyi, borcalan isə həmin kreditdən məqsədli istifadə etməyi, müəyyən müddətə faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. İlk ödəniş tarixi 21 yanvar 2020-ci il, sonuncu ödəniş tarixi 18 dekabr 2024-cü il olaraq müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borclu Cavabdeh ünvanlanan 04.03.2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh banka olan borcunu icra etməyəcəyi təqdirdə barəsində məhkəmədə iddia qaldırılacağı və kredit müqaviləsinə xitam veriləcəyi ilə bağlı xəbərdar olunmuşdur. İddiaçı ASC-nin 03.08.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 1796,17 manat əsas və 9,80 manat faiz borcu olmaqla, ümumilikdə 1804,47 manat məbləğində borcu vardır. Kredit müqaviləsi üzrə sonuncu dəfə 18 yanvar 2021-ci il tarixində 2,50 manat ödəniş edilmişdir. 05.08.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli ******* saylı “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən bank Cavabdeh 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə illik 1 % ödəmək şərtilə 1796,17 manat istehlak krediti verilmiş, Cavabdeh isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı cavabdehdə müqavilə üzrə yaranmış borcunu tələb edir. İddiaçı tərəfindən dövlət rüsumu qismində 30 manat məbləğində pul ödənilmişdir, həmin məbləğ də cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, Cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qəbul edərək və borcalanın kredit borcu məbləğini mübahisələndirməməsini nəzərə alaraq o qənaətə gəlir ki, iddia tələbi əsaslıdır və borcalan Cavabdeh əsas borc üzrə 1794,67 manat, faiz borcu üzrə 9,8 manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli ******* saylı “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsi” ləğv edilməli, Cavabdeh 1794,67 manat əsas, 9,80 manat faiz borcu olmaqla, cəmi 1804,47 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 18 dekabr 2019-cu il tarixli ******* saylı “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar kredit müqaviləsi” ləğv edilsin. Cavabdeh 1794,67 (bir min yeddi yüz doxsan dörd manat, altmış yeddi qəpik) manat əsas, 9,80 (doqquz manat, səksən qəpik) manat faiz borcu olmaqla, cəmi 1804,47 (bir min səkkiz yüz dörd manat, qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar