Məhkəmə qərarları › İş №2(001)-6567/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6567/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6567/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Zahid oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh Zahid oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.10.2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********16274 olan Samsung S10 + markalı telefon üçün 1242 manat ödənilməmiş hissə, 378 manat dəbbə, 18 yanvar 2020-ci il tarixli müqaviləsinə əsasən İMEİ kodu **********19831 olan Samsung Galaxy S10 + markalı telefon üçün 1947 manat ödənilməmiş hissə, 576 manat dəbbə pulu olmaqla, ümumilikdə 4143 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 01.10.2019-cu il tarixli və 18.01.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********16274 olan Samsung S10 + markalı telefon və İMEİ kodu **********16274 olan Samsung S10 + markalı telefon almış, nəticədə 4143 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 01 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 2310 manat (12 ay x 180 manat + 150 manat ilkin ödəniş), İMEİ kodu **********16274 olan Samsung S10 + markalı telefon üçün ümumilikdə 1620 manat olmaqla ondan 1241 manat ödənilməmiş hissə, 378 manat dəbbə, 18 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2310 manat (12 ay x 192,50 manat + 0 manat ilkin ödəniş) İMEİ kodu **********19831 olan Samsung Galaxy S10 + markalı telefon üçün ümumilikdə 2523 manat olmaqla, ondan 1947 manat ödənilməmiş hissə 576 manat dəbbə, pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1431 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərin nəzərə alınması və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 01 oktyabr 2019-cu il tarixli, №00950316 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2310 manat olan İMEİ kodu **********16274 olan Samsung S10 + markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 180 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 10 noyabr 2019-cu il, sonuncu ödəniş tarixi 10 oktyabr 2020-ci il müəyyən edilmişdir. 01 oktyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №00950316 saylı müqaviləyə əsasən İMEİ kodu **********16274 olan Samsung S10 + markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 yanvar 2020-ci il tarixli, №20044529 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 2310 manat olan İMEİ kodu **********19831 olan Samsung Galaxy S10 + markalı telefon Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 12 ay ərzində aylıq 192,5 manat olmaqla hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. İlkin ödəniş tarixi 18 fevral 2020-ci il, sonuncu ödəniş tarixi 18 yanvar 2021-ci il müəyyən edilmişdir. 18 yanvar 2020-ci il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh №20044529 saylı müqaviləyə əsasən İMEİ kodu **********19831 olan Samsung Galaxy S10 + markalı telefonu qüsursuz halda "xxxx" MMC-dən təhvil almışdır. 24 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 23 iyul 2021-ci il maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 01.10.2019cu il tarixli müqavilə üzrə 1242 manat əsas, 378 manat cərimə, 18.01.2020-ci il tarixli müqavilə üzrə 1947 manat əsas, 576 manat cərimə borcu vardır. Cavabdehin ümumilikdə hər iki müqavilə üzrə 4143 manat borcu vardır. 26 iyul 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2 müxtəlif tarixdə əşyanın nisyə alğı-satqısına dair müqavilələr bağlanmışdır. 01 oktyabr 2019-cu il tarixli, №00950316 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı cavabdehə nisyə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 180 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. 18 yanvar 2020-ci il tarixli, №20044529 saylı əşyanın nisyə alğı-satqısına dair müqaviləyə əsasən "xxxx" MMC əşyanı cavabehə satmağı, cavabdeh isə həmin əşyanı qəbul etməyi və 12 ay müddətinə aylıq 192,5 manat ödəniş etməyi, bu şərtləri pozduqda qalıq məbləğinin hər növbəti təqvim gününə hesablanmış 1% həcmində mübahisəsiz olaraq penya ödəməyi barədə öhdəlik götürmüşdür. Həmin əşyalar iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İddiaçı cavabdeh tərəfindən həmin müqavilələr üzrə borcunun yarandığını iddia edir və bu məbləği cavabdehdən tələb edir. Məhkəməyə müraciət etməkdən əvvəl iddiaçı cavabdehə müvafiq bildiriş göndərməklə yaranmış borcun qaytarılmasını tələb etmiş, əks təqdirdə məsələ ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə xəbərdarlıq etmişdir, lakin bu bir nəticə verməmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən əşyaları müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə nisyə satmışdır. Həmin müqavilələrdə əşyaların qiyməti, ödənişin qaydası, müddəti və məbləği göstərilmişdir. Cavabdeh həmin əşyaları qəbul etmiş, lakin müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranmış borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borc məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam təmin edilməli, yəni 01 oktyabr 2019-cu il tarixli, №00950316 saylı müqavilə üzrə 1242 manat, 18 yanvar 2020-ci il tarixli, №20044529 saylı müqavilə üzrə 1947 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tələb olunan cərimə məbləği ilə bağlı isə məhkəmə iddianı qismən əsaslı hesab edir. Belə ki, 01 oktyabr 2019-cu il tarixli, №00950316 saylı və 18 yanvar 2020-ci il tarixli, №20044529 saylı kredit müqavilələri üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqavilələri üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən qeyd edilən 2 müqavilə üzrə hesablanmış 954 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, o cümlədən aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin cərimənin tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, cərimə müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən cərimə məbləği endirilməli və 01 oktyabr 2019-cu il tarixli, №00950316 saylı müqavilə üzrə 50 manat, 18 yanvar 2020-ci il tarixli, №20044529 saylı müqavilə üzrə 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 01 oktyabr 2019-cu il tarixli, №00950316 saylı müqavilə üzrə 1242 manat əsas borc, 50 manat cərimə borcu, 18 yanvar 2020-ci il tarixli, №20044529 saylı müqavilə üzrə 1947 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, 2 müqavilə üzrə ümumilikdə 3289 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilsin. 01 oktyabr 2019-cu il tarixli, №00950316 saylı müqavilə üzrə əsas borca görə 1242 (bir min iki yüz qırx iki) manat, cərimə borcuna görə 50 (əlli) manat, 18 yanvar 2020ci il tarixli, №20044529 saylı müqavilə üzrə əsas borca görə 1947 (bir min doqquz yüz qırx yeddi) manat, cərimə borcuna görə 50 (əlli) manat olmaqla, 2 müqavilə üzrə ümumilikdə 3289 (üç min iki yüz səksən doqquz) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar