Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6593/2021 08.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi, vəkil X4, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində Bakı şəhər Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Mirsəddar qızına istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 24,71 kv.m ibarət 1 otaqlı, 3 A saylı fərdi yaşayış evinə giriş-çıxış keçidinə çəkilmiş setkanın öz hesabına açılmasına mane olan hərəkətlərin qadağan olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 24,71 kv.m olan 1 otaqlı, 3 A saylı fərdi yaşayış evini 29.05.2019-cu il tarixində Bakı şəhəri, 14 saylı notariat ofisində bağlanmış ilkin alğı-satqı müqaviləsi əsasında X1 11000 manata almışdır. Fərdi yaşayış evini əslində 2018-ci ildə almışdır. Bütün kommunal xidmətləri öz adına keçirərək, istifadə etmişdir. Evə giriş-çıxış yolu yalnız bir tərəfdən olmuşdur. Çünki fərdi yaşayış evinin hər tərəfi hasarlanaraq, qonşuların evləri ilə əhatə olunmuşdur. Ondna əvvəlki sahibin satıcının uzun müddət istifadəsində olmuşdur. Bir neçə il istifadə etdiyi fərdi yaşayış evinin yeganə çıxışı olan yolu 2020-ci ilin yaz aylarında cavabdeh "xxxx" QSC-nin işçiləri tərəfindən bağlanmışdır. Cavabdehin nümayəndəsi qismində yolunm bağlanmasına məsuliyyət daşıyan İftixar Yaqubov soyadlı şəxs olmuşdur. Onunla danışaraq yolun açılması üçün 8500 manat məbləğində pul vermişdir. Lakin pulu alandan sonra İ.Yaqubov ondan qaçmış nə pulunu geri qaytarmış, nə də ki, yolun açılmasına köməklik etmişdir. Onun fərdi yaşayış evi ilə yanaşı qonşuları da, həmin yoldan giriş-çıxış yolu kimi istifadə edir. Lakin onların yolu bağlanmamışdır. Giriş-çıxış üçün olan yol dəmir yolundan aralıdır. Heç kimə maneçiliyi yoxdur. Eyni zamanda cavabdehə hər hansı maneçiliyi var idisə bu bina tikilən zaman buna mane olardılar. Fərdi yaşayış evi tikilib və hazırda ailəsi ilə birlikdə orada yaşayır. Lakin evə giriş üçün adicə piyada yolu belə yoxdur. O və ailə üzvləri çəkilmiş setkanın üzərində hər gün aşıb keçməlidir. Cavabdeh təşkilata olan müraciətləri cavablandırılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, onun evinin heç bir hüquq müəyyənedici sənədi yoxdur. Ev tikilən zaman hər hansı idarədən icazə almamışdır. Evin yerləşdiyi ərazi dəmiryol ərazisidir. Hazırda həmin ev barəsində bələdiyyə sənədi vardır. Cavabdeh onun qonşusudur. Həyətinin ətrafına dəmir setka çəkmişdir ki, həmin setka onun evə giriş-çıxışına maneçilik törədir. Evinin arxa hissəsində ikinci bir ev tikmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı fərdi yaşayış evini ilkin alğı-satqı müqaviləsi əsasında almışdır. Sonradan qonşular onun evinin ətrafında setka çəkilməsi nəticəsində öz evindən girişçıxışa məhdudiyyət qoyulmuşdur. Vaqifin həmin evdə yaşamaq hüququ var. Qonşular tərəfindən buna mane törədilir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı evini onun evini arxasında tikmişdir. Əvvəlki evi alınanda 2 otaqlı olmuşdur. Setkalanan ərazi onun evinin arxasıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, o həmin ərazidəki evinə iddiaçıdan əvvəl köçmüşdür. Torpağının bələdiyyə sənədi var. Ərazi isə dəmiryol ərazisidir. Ərazinin bir hissəsi dəmiryolçular tərəfindən setkalanıb. Cavabdeh evinin arxasında ikinci ev tikmişdir. İddiaçının birinci evinin darvazası var və yola açılır. İndi isə onun evinin arxasında ikinci evinə yol açılmasını istəyir. O isə evinin arxa hissəsində təsərrüfatla məşğuldur və həyət ona məxsusdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxslər nümanyəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər və məhkəmə iclasında iştirakını təmin etməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: X5 ilə İddiaçı arasında 29.05.2019-cu il tarixində ilkin alğı-satqı müqaviləsi bağlanmış, müqavilə əsasında satıcı X6 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 24,71 kv.m-dən ibarət olan 1 otaqlı 3 A saylı evi 01.07.2019-cu il tarixinədək alıcı X3 təhvil verməyi öz ödəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan əmlakın qiyməti 11000 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanan 30.05.2019-cu il tarixli enerji təhcizatı müəsisəsi ilə məişət abonenti arasında elektrik enerjisinin alğı-satqısının birtipli müqaviləsindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alğı-satqısı ilə əlaqədar elektrik enerjisinə görə hesblaşmaların həcmi 0,07 manat tarif üzrə aparılması barədə razılıq əldə edilmişdir. "xxxx" ASC-nin Binəqədi rayon Sukanal İdarəsi ilə İddiaçı arasında bağlanan su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan 29.05.2019-cu il tarixli müqaviləyə əsasən müəssisə istehlakçını tələbatına uyğun içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 24,71 kv.m olan 1 otaqlı, 3 A saylı fərdi yaşayış evini 29.05.2019-cu il tarixində ilkin alğı-satqı müqaviləsi əsasında X1 11000 manata almışdır. X2 ilkin alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi olmamışdır. Sadəcə Binəqədi Rayon İHB-nın Biləcəri Qəsəbəsi üzrə nümayəndəsinin müavini(məsləhətçi) tərəfindən əsası müəyyən edilməyən çertyoj təqdim edilmişdir. İlkin alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçı çertyojda göstərilən evdə yaşamağa başlamışdır. Daha sonra o, evinin arxa hissəsində yaşayış üçün ikinci bir ev tikmişdir. Birinci evə digər qonşularda olduğu kimi əsas yoldan giriş vardır. Lakin birinci evin arxasında özbaşına tikilən ikinci evə arxa hissədən yeni giriş qapısı qoyulmuşdur. Hal-hazırda iddiaçı ikinci evə qonşunun evinin arxa hissəsindən faktiki olaraq yol istəyir. Bununla bağlı aşağıdakı maddi hüquq normalarına nəzər yetirək. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Konstitusiya Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqe ondan ibarətdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında da eyni hüquqi mövqe qeyd edilmişdir. İşin müəyyən edilən həqiqi hallarından göründüyü kimi hər iki tərəf özbaşına olaraq torpaq zəbt etmiş, iddiaçı zəbt etdiyi torpaq sahəsində ev tikmiş, cavabdeh isə zəbt etdiyi torpaq sahəsində mərzlənmə apararaq kiçik təsərrüfat yaratmışdır. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının hazırki iddianı verərkən subyektiv hüququnun olması ilə bağlı istinad edə biləcəyi dəlilləri mövcud deyildir. Belə ki, iddiaçı özü də etiraf edir ki, mübahisəli tikililər özbaşına tikilidir və həmin torpağa dair hüquqmüəyyənedici sənədi, tikintinin aparılması üçün icazəsi olmamışdır. Özbaşına tikililərlə bağlı Mülki Məcəllənin 180.2-ci maddəsində qeyd edilmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qanunvericilik özbaşına tikiliyə hər hansı hüququn yaranmasının mümkünlüyünü tikinti aparılan torpaq sahəsinin tikinti aparmış şəxsin mülkiyyətində olması halı ilə şərtləndirmişdir. Lakin hazırki mübahisədə iddiaçının əşya hüququnundan(məhdud əşya hüququndan) irəli gələn və digər şəxslərdən tələb etməyə əsas verən hər hansı subyektiv hüququnun olması müəyyən edilmir. Odur ki, iddia tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.1 və 218.3-cü maddələrinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, sadalanan hüquq normalarına istinadən hesab edir ki, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində Bakı şəhər Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “maneənin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməməlidir. İddia rədd edildiyindən, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində Bakı şəhər Binəqədi rayonu Biləcəri Bələdiyyəsi və Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti cəlb edilməklə) “maneənin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6593/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6593/2021
08.10.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver