Məhkəmə qərarları › İş №2(001)-6594/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6594/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6594/2021 23.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi Məhkəmə iclas katibi Günəş Yusif qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili X1 Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 88500 avro pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma qızıdır və onlar 03.08.2015-ci il tarixdə borc müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə ev almaq üçün 135.000 avro məbləğində faizsiz borc pulu bank köçürməsi yolu ilə vermiş, cavabdeh də borcunu 03.08.2020-ci il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür. Əvvəllər münasibətləri yaxşı olduğundan iddiaçı Almaniyaya cavabdehin yanına getmiş və həmin vaxtlarda cavabdehin əri Ceker Mühittin cavabdehin borcundan hissə-hissə olmaqla, ümumilikdə 46500 avro iddiaçıya qaytarmışdır. Lakin cavabdeh qalan borcu bu günədək ödəməmiş, maddi imkanı olmadığından 3 il möhlət istəmiş və iddiaçı isə hazırda o pula digər övladına ev almaq istədiyi üçün bu xahişi qəbul etməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili H.Eynullayev iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil məhkəməyə yazılı mülahizə təqdim edərək, cavabdehin borcu etiraf etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, cavabdeh iddiaçının qızıdır. Cavabdeh xeyli müddətdir ki, ailəsi ilə birlikdə Almaniya Federativ Respublikasında yaşayır, müəyyən vaxtlarda qısa müddətə Azərbaycan Respublikasına gəlib qayıdır. Cavabdeh Almaniya Federativ Respublikasında ev almaq istəmiş, lakin maddi imkanı olmadığından borc olaraq pul verilməsi üçün iddiaçıya müraciət etmişdir. İddiaçı da cavabdehin xahişini qəbul etmiş və 03 avqust 2010-cu il tarixdə onlar arasında borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə ev almaq üçün 10 il müddətində qaytarmaq şərti ilə 135.000 (bir yüz otuz beş min) Avro məbləğində faizsiz borc pul vermişdir. Müqavilə bağlandıqdan sonra cavabdeh Almaniya Federativ Respublikasına getmişdir. İddiaçı xəstə olduğundan, borc məbləği iki dəfə, hissə-hissə iddiaçının əri-cavabdehin atası X2 tərəfindən 11 iyul 2011-ci il tarixdə 125.000 Avro və 26 avqust 2011-ci il tarixdə 10.000 Avro olmaqla cavabdehin bank hesabına köçürülmüşdür. Cavabdeh həmin borc pul hesabına 2011-ci ilin iyul ayında Almaniya Federativ Respublikasında ev almışdır. Cavabdeh aldığı borc məbləğini 03 avqust 2020-ci il tarixədək tam şəkildə qaytarmağı öhdəsinə götüməsinə baxmayaraq, maddi imkanı olmadığından öhdəliyini tam şəkildə icra edə bilməmiş, borc məbləğindən bugünə kimi cəmi 46.500 (qırx altı min beş yüz) Avro cavabdehin əri Ceker Muhittin tərəfindən iddiaçıya qaytarılmışdır. Belə ki, cavabdeh Ceker Muhittin ilə 2002-ci ildə vətəndaş nikahına daxil olaraq ailə qurmuş, birgə nikahdan üç uşaqları var. Onlar 2002-ci ildən vətəndaş nikahına daxil olsalar da, 2011-ci ilə qədər ayrı-ayrı yaşamış, birgə təsərrüfat idarə etməmişlər. Birgə nikahdan olan uşaqlar isə cavabdehin yanında qalmışlar, Ceker Muhittin ailənin maddi ehtiyaclarını qarşılamışdır. 20 oktyabr 2017-ci il tarixdə isə cavabdeh Ceker Muhittin ilə rəsmi nikaha daxil olmuşdur. Cavabdeh borc aldıqdan sonra həmin pula 2011-ci ilin iyul ayında ev almış və evi aldıqları gündən etibarən hal-hazıradək əri Ceker Muhittin və uşaqları ilə birlikdə həmin evdə yaşayır və birgə təsərrüfat idarə edirlər. Borc aldıqdan sonra iddiaçı bir neçə dəfə cavabdehin yaşadığı Almaniya Federativ Respublikasına getmiş və orada olduğu müddətlərdə cavabdehin əri Ceker Muhittin bank hesabında olan puldan 12.08.2012-30.09.2012-ci il tarixlərdə 3500 Avro, 23.03.2014-26.05.2014-cü il tarixlərdə 8000 Avro, 07.09.2014-09.11.2014-cü il tarixlərdə 10.000 Avro, 31.12.2014-25.01.2015-ci il tarixlərdə 7000 Avro, 28.03.2015-30.05.2015-ci il tarixlərdə 5000 Avro, 07.09.2015-08.11.2015-ci il tarixlərdə 4000 Avro, 10.01.2020-08.10.2020-ci il tarixlərdə 9000 Avro olmaqla, ümumilikdə 46.500 (qırx altı min beş yüz) Avro məbləğində pulu əlbəəl iddiaçıya qaytarmışdır. Belə ki, müqavilə cavabdehlə bağlanmış olsa da, həmin pula ailənin birgə yaşaması üçün ev alındığından, borcun 46.500 (qırx altı min beş yüz) Avro hissəsi cavabdehin əri Ceker Muhittin tərəfindən ödənilmişdir. Sonradan cavabdehin maddi vəziyyəti pisləşmiş və qalan borcu iddiaçıya qaytara bilməmişlər. Hazırda cavabdeh iddiaçıya 88.500 (səksən səkkiz min beş yüz) Avro məbləğində borcunun olmasını qəbul edir, lakin hal-hazırda işləmədiyindən, borcunu birdəfəyə deyil, əri Ceker Muhittinin vəsaiti hesabına hissə-hissə ödəməklə 2 (iki) il müddətinə qaytara bilər. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi cavabdehin etiraf ərizəsi ilə təsdiq olunur. Odur ki, məhkəmə qeyd edir ki, iddiaçı verdiyi borcu tələb etməkdə haqlıdır və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448, 739.1 və 740-cı maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. -191.3-ci maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqavilələri əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, cavabdeh borcunu tam ödəmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 88500 (səksən səkkiz min beş yüz) Avro məbləğində pul vəsaiti (manatın ödəniş gününə olan məzənnəsi ilə) tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar