Məhkəmə qərarları › İş №2(001)-6606/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6606/2021

29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6606/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı-in nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh-in iştirakı ilə İddiaçı cavabdeh Naserı X2rşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən 10000 manat borcun və ödənilən 30 manat dövlət rüsumunun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-1870/2021 saylı, 08.07.2021-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh X1rşı “borc” tələbinə dair mülki işin ərazi aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 Hidayat ilə İddiaçı arasında 01.06.2020-ci il tarixli, 1№-li borc müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən İddiaçı cavabdeh X5 Hidayata 10000 manat məbləğində borc pul verir və cavabdeh müqavilədə qeyd olunduğu kimi iddiaçıdan borc pul aldığını müqavilə müqaviləni imzalayaraq təsdiq edir. Alınan borc məbləğini 01.11.2020-ci il tarixinədək qaytarılma öhdəliyini öz üzərinə götürür. Lakin cavabdeh müqavilədə qeyd olunan tarixdə öz öhdəliklərini icra etmir və iddiaçıya olan borcunu qaytarmır. İddiaçı müəyyən bir zaman cavabdehin iddiaçıya olan borcunu qaytarmasını gözləsə də, cavabdeh borc məbləğini qaytarmamışdır. İddiaçı cavabdehə pretenziya ərizəsi ilə müraciət etmiş və ərizədə borcun qaytarılmasını tələb edərək qeyd etmişdir ki, borc ödənilmədiyi təqdirdə İddiaçı borc tələbi ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Lakin cavabdeh tərəfindən iddiaçıya borc məbləğinin heç bir qismi qaytarılmamışdır. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh borc məbləğini aldığını etiraf edir. Borc məbləği aparatın alınması məqsədilə verilmişdir. Lakin pulu qaytarmamışdır. Cavabdeh pulu qaytardığını bildirsə də, bunu təsdiq edəcək sübutları yoxdur. Bu barədə məhkəmə iclasına şahid dəvət edəcəyini bildirsə də, hazırda məhkəmə şahid qismində kimsə işirak etmir. Təqdim edilən fars dilində olan razılaşmanın tərəflər arasında bağlanan borc müqaviləsinə hər hansı bir aidiyyəti yoxdur. İddiaçı hal-hazırda borc müqaviləsi üzrə verilən borc məbləğinin qaytarılmasını tələb edir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında 01.06.2021-ci il tarixdə borc müqaviləsi imzalanmışdır. Bu müqaviləyə əsasən cavabdeh iddiaçıdan 10000 manat borc almış və borcunu qaytarmamışdır. Cavabdeh izahatında 10000 manat aldığını etiraf edir. Əgər cavabdeh borc müqaviləsini məcburi imzaladığını qeyd edirsə, bununla bağlı məhkəməyə sübut təqdim etməlidir. Ümumiyyətlə lazer aparatının bu işə aidiyyəti yoxdur. Lazer aparatı 2019-cu ildə alınıb. İddiaçı ilə cavabdeh arasında 2019-cu ildə hər hansı razılaşma olsaydı, hansı səbəbə 2-ci dəfə borc müqaviləsi bağlanıb? Cavabdeh hər ay 1000 manat ödəmişdisə, niyə hər ay pulu verəndə qəbz və s. almayıb? Tərəflər arasında bağlanmış borc müqaviləsi qanunidir, notarial qaydada borc müqaviləsi bağlanması vacib deyil. Belə ki, qanunvericilik borc müqaviləsinin məbləği 3000 manatdan çox olduqda, onun yazılı formada bağlanmasını müəyyən etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, qanunvericiliyin tələblərindən məlumatsız olduğundan vəkillə təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, borcunun olmamasını təsdiq edəcək şahidləri vardır. Şahidlərini məhkəməyə dəvət etmək üçün məhkəmə tərəfindən ona vaxt verilməsini xahiş edir. Qarşı tərəf də borc müqaviləsinin bağlanması ilə bağlı şahidlərinin olduğunu bildirmişdir. Odur ki, onlar da şahidlərini məhkəməyə dəvət etməlidirlər.10000 manat məbləğində iddiaçıdan borc məbləğini almışdır. Razılaşmaya əsasən aparatın işlədilməsində şərik olduqlarından ayda iddiaçıya 1000 manat ödəniş etməli idi. 10 ay müddətində 1000 manat məbləğində ödəniş etmişdir. Notariusa gedərək aralarında borc müqaviləsi bağlamaq istəsələr də, notarius bundan imtina etmişdir. Sonra onu ofisdə 2-3 saat saxladaraq məcburi qaydadada borc müqaviləsi imzalatmışlar. O, notariusa ona görə getmişdir ki, bağlanacaq müqavilədə borc məbləğinin lazer aparatına görə alındığı təsdiq edilsin. Onlar aparatı şərikli olaraq almışlar. Pulu isə Bahareh vermişdir. Ona 10 min manat borc müqaviləsi bağlanan zaman deyil, 2019-cu ildə aparatın alınması barədə müqavilə bağlanan zaman verilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki,iddiaçını uzun müddətdir ki tanıyır. Ona 2019-cu ildə lazer aparatı almaq üçün pul lazım idi. Lazer aparatı almaq üçün pulu olmadığından ilk öncə banklara kredit üçün müraciət etmişdir. Lakin İran vətəndaşı olduğu üçün ona kredit verməmişlər. Behnıanın qaynı Əmirlə dost olmuşdur. Onlara borc pul lazım olduğunu bildirdikdə, onlar özləri ona borc verməyi təklif etdilər. Behnıa ilə o lazer aparatına şərik olmağa qərar vermişlər. Özü həkimdir, ancaq hazırda işsizdir.10.08.2019-ci il tarixdə öz aralarında fars dilində yazılı razılaşma imzalamışlar. Bu razılaşmaya əsasən Behnıa 10000 manat pul vermiş, onlar lazer aparatı alaraq aparata yarı-yarıya şərik olmuşlar. O, razılaşma üzrə hər ay iddiaçıya 1000 manat verməli idi. O, 8 ay müddətində hər ay iddiaçının özünə 1000 manat ödəmişdir. Bundan sonra iddiaçının həyat yoldaşına ödənişlər etmiş və ümumilikdə 10000 manatı, hətta bu məbləğdən artığını iddiaçıya qaytarmışdır. 2020-ci ildə Səbail YPX-nin yanında bir nəfər onun tutaraq zorla başqa yerə aparmışdır. Daha sonra ona hədə-qorxu gələrək zorla borc müqaviləsi imzalatmışlar. Cavabdeh məhkəmə tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona zorla borc müqaviləsi imzalatdıqdan sonra evə gedərək həyat yoldaşına polisə getmək istədiyini bildirmişdir. Lakin həyat yoldaşı ona polisə getməməyi, polisdə məsələnin daha da çətinləşəcəyini bildirdiyindən, iddiaçını Allaha tapşırmışdır. Buna görə də polisə getməmişdir. Məhkəmə tədqiq edilmiş sübutları, tərəflərin izahatlarını qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ilə X5 arasında bağlanan 01.06.2020-ci il tarixli № 1 saylı borc müaviləsindən görünür ki, borc verən İddiaçı tərəfindən borc alan X4 10000 manat məbləğində pul vəsaitini maliyyə yardımı kimi borc verir, borc alan isə borcu müqavilədə nəzərdə tutulan şərtlər və müddətlərdə alınan valyuta ilə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən borc alan bu müqavilədə qeyd olunan borc məbləğini 01 noyabr 2020-ci il tarixədək geri qaytarmaq öhdəliyini üzərinə götürür. Müqavilənin 3-cü bəndinə əsasən borc məbləği faizsiz olaraq verilir. İddiaçı tərəfindən cavabdehə göndərilən 06.05.2021-ci il tarixli pretenziya məktubunun surətindən görünür ki, 25.05.2021-ci il tarixinədək 01.06.2020-ci il tarixli müqvailə üzrə öhdəlikləri yerinə yetirmədiyi, 10000 manat məbləğində borcu İddiaçı ödəmədiyi təqdirdə bununla bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə X5 arasında bağlanan 01.06.2020-ci il tarixli № 1 saylı borc müaviləsi bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı tərəfindən X4 01.11.2020-ci il tarixində qaytarılmaq şərti ilə 10000 manat məbləğində borc vermişdir. Cavabdeh isə borc məbləğini göstərilən tarixdə qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Hazırda iddiaçı cavabdehə verdiyi həmin borc məbləğinin aralarında bağlanan müqavilənin şərtlərinə uyğun olaraq bu günədək ona qaytarılmadığını bildirir və bu məbləğin ödənilməsini ondan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. İşin faktiki halı ondan ibarətdir ki, tərəflər arasında 10000 manat məbləğdə pulun borc verilməsi barədə yazılı qaydada müqavilə bağlanmışdır. Cavabdeh həmin müqavilənin onun tərəfindən imzalandığını qəbul edir. Lakin cavabdeh iddiaya etirazını onunla əsaslandırır ki, həmin yazılı qaydada müqavilə bağlanan zaman ona pul verilməmişdir, əslində onlar arasında ortaqlıq münasibətləri olmuşdur, mübahisələndirilən məbləğ ona borc kimi deyil aparat almaqla gəlir əldə etmələri üçün verilmişdir, aparatın alınması üçün pulu qəbul etdikdən sonra hər ay iddiaçıya 1000 manat gəlirdən pay vermişdir, 10 ay müddətində ona pul qaytarmışdır, sonradan pul verə bilmədiyinə görə aralarında mübahisə yaranmışdır və artıq bundan sonra o borc müqaviləsinin bağlanılmasına məcbur edilmişdir. İddiaçı tərəf cavabdehin bildirdiklərini qəbul etmir. Göründüyü kimi tərəflər arasında yazılı qaydada müqavilə bağlanıdığı sübut edildiyindən, iddiaya etirazın əsasları kimi istinad olunan halları sübut etmə yükü artıq cavabdehin üzərinə düşmüşdür. Cavabdeh etirazının əsaslarına dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə o qənaətə gəlir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuş və cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Hıdayatdan 10000 (on min) məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilməlidir . Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Hıdayatdan 10000 (on min) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar