Məhkəmə qərarları › İş №2(001)-6628/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6628/2021

14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6628/2021 14.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 1.172,42 manat məbləğində əsas, 912,51 manat məbləğində faiz, 827,08 manat məbləğində cərimə, kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 170,88 manat məbləğində faiz borcunun, cəmi 3.082,89 manat məbləğində borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, ondan tələb edilən əsas borc məbləği ilə razılaşır, lakin faiz borcunu şişirdilmiş hesab edir, cərimə borcunu isə qəbul etmir. Göstərlənlərin nəzərə alınmasını və onun iddiaçıya yaranmış faiz borcu məbləği dəqiq müəyyən edilməklə əsas borc məbləği ilə birlikdə ondan hissə-hissə aylar üzrə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdeh hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə işə bu cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinəillik 32% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 5.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və qeyd edilən məbləğdən təyinatı üzrə istifadə etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri və gecikməyə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı tərəflər arasında bağlanmış 19.01.2017-ci il tarixli əlavə sazişə əsasən qeyd edilən müqavilə üzrə yaranmış əsas, faiz və cərimə borcu kapitallaşdırılmış və ümumi borc məbləğini təşkil edən 1.511 ABŞ dolları konvertasiya edilmiş (1 ABŞ=1.60 manat), nəticədə müəyyə edilmiş 2.417,60 manat məbləğində pulun illik 22 faiz dərəcəsi ilə faiz ödəmək şərti ilə 19.08.2018-ci il tarixədək ödənilməsinə dair razılıq əldə edilmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləğinin 3 iş günü müddətində qaytarılması tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə cavabdehə qarşı iddia qaldırmış və cavabdehin həmin müqavilə üzrə 1.172,42 manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni 19.08.2018-ci il tarixə 912,51 manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən sonra illik 5 faiz dərəcəsi ilə hesablanmış 170,88 manat faiz, 827,08 manat məbləğində cərimə, cəmi 3.082,89 manat məbləğində borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Kredit müqaviləsi üzrə kredit müddəti 19.08.2018-ci il tarixdə bitmişdir. Bu tarixdən sonra həmin müqavilə üzrə hər hansı məbləğdə ödəniş aparılmamışdır. Cavabdeh əsas borc məbləği ilə razılaşır, lakin faiz borcunu şişirdilmiş hesab edir, cərimə borcunu isə qəbul etmir. Göstərlənlərin nəzərə alınmasını və onun iddiaçıya yaranmış faiz borcu məbləği dəqiq müəyyən edilməklə əsas borc məbləği ilə birlikdə ondan hissə-hissə aylar üzrə tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh2 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 1.172,42 manat məbləğində əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə, iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehdən 912,51 manat məbləğində faiz borcunun tutulmasını tələb etməkdə haqlı olmamışdır. Belə ki, hesabdan çıxarış məlumatlarına əsasən qeyd edilən kredit müqaviləsi üzrə 19.01.2017-ci il tarixdə əlavə saziş bağlandıqdan sonra, yəni ödəniş cədvəlinə uyğun olaraq 20.02.2017-ci il tarixdən başlayaraq sonuncu ödənişin aparıldığı 08.12.2017-ci il tarixinə, cəmi 1.635,62 manat məbləğində pul ödənilmişdir. Cədvəl üzrə həmin tarixə ən yaxın olan növbəti ödəniş, yəni 19.12.2017-ci il tarixinə isə (159 x 11 = 1.749) 1.749 manat məbləğində pul ödənilməli idi. Hazırda əsas borc məbləğinin 1.172,42 manat olması nəzərə alındığı təqdirdə, belə qənaətə gəlmək olur ki, ödənilmiş 1.635,62 manat pulun (2.417,60 – 1.172,42 = 1.245,18) 1.245,18 manat hissəsi əsas borcun, qalan (1.635,62 – 1.245,18 = 390,44) 390,44 manat hissəsi isə faiz və cərimə borcunun silinməsinə yönəlmişdir. 19.12.2017-ci il tarixinə isə cədvəl üzrə ümumilikdə 1.385 manat məbləğində əsas, 364 manat məbləğində faiz borcu ödənilməli idi (ümumilikdə (390,44- 364=26,44) 26,44 manat artıq ödəniş olmuşdur). Başqa sözlə 19.12.2017-ci il tarixə əsas borc üzrə (1.385-1.245,18 = 139,82) 139,82 manat pulun ödənilməsi gecikdirilmişdir. 20.02.2017-ci il tarixdən 08.12.2017-ci il tarixinədək, yəni 11 ay üzrə, 2017-ci ilin may ayı istisna olmaqla cəmi 10 dəfə ödəniş edilmişdir. Bununla belə, gecikdirmənin may ayında baş verməsi, gecikdirilmiş ümumi məbləğin isə 139,82 manat təşkil etdiyi nəzərə alındığı halda, bu məbləğ üçün illik 22 faiz dərcəsi ilə faiz və aylıq 5,33 faiz dərəcəsi ilə cərimə borcu hesablamaqla 8 ay üçün (139,82 x 22 / 100 x 12 ay x 8 ay = 20,51) 20,51 manat əlavə faiz, (139,82 x 5,33 /100 x 8 ay = 59,62) 59,62 manat cərimə borcu yaranmış olur (məhkəmə əsas borc üzrə faiz borcunun artıq cədvəl üzrə hesablandığını, müqavilənin 2.5-ci bəndinə əsasən isə cərimə borcunun gecikdirilən borc məbləğinə hesablandığını nəzərə alıb, hesablamanı məhz 139,82 manat üzrə aparmışdır). Bununla belə, ən pis halda, o cümlədən 390,44 manat pulun 59,62 manat hissəsinin cərimə borcuna silinməsi nəzərə alındığı halda, 08.12.2017-ci il tarixinə (390,44 – 59,62 manat cərimə = 330,82) cəmi 330,82 manat məbləğində faiz borcu ödənilmişdir. Belə olan halda, ödənilməli olan faiz borcu ilə bu məbləğin fərqini (364-330,82 = 33,18) təşkil edən 33,18 manat pulun və 08.12.2017-ci il tarixinə ümumilikdə gecikdirilmiş 139,82 manat əsas borca 8 ay üzrə hesablanmış 20,51 manat faiz borcunun cəmi (33,18 + 20,51 = 53,69) 53,69 manat təşkil edir. Məhz bu məbləğ 08.12.2017-ci il tarixə yaranmış faiz borcu qismində qəbul edilməlidir. Həmin müqavilə üzrə 08.12.2017-ci il tarixdən sonra hər hansı məbləğdə ödənişin edilmədiyi, əsas borc məbləğinin 1.172,42 manat, illik faiz dərəcəsinin isə 22 faiz olması nəzərə alındığı halda, həmin müqavilə üzrə 09.12.2017-ci il tarixdən 19.08.2018-ci il tarixə, yəni 8 ay üçün faiz borcu (1.172,42 x 22 /100 = 251,30 manat / 12 ay = 20,94 manat 1 ay x 8 ay = 167,52 manat) 167,52 manat, 10 gün üçün isə (20,94 / 30 gün = 0,70 manat x 10 gün = 7 manat) 7 manat, cəmi (167,52 + 7 = 174,52 manat) 174,52 manat təşkil edir. Bununla belə, məhkəmə hesab edir ki, həmin müqavilə üzrə kredit müddətinin sonuna cəmi (174,52 manat + 53,69 = 228,21 manat) 228,21 manat məbləğində faiz borcu yaranmışdır və məhz bu məbləğdə faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “müqavilənin müddəti bitdikdən sonra əsas borca illik 5 faiz dərəcəsi ilə faiz hesablamaqla cavabdehdən 170,88 manat məbləğində faiz borcunun tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2-1(103)-3194/2017 saylı, 27 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. Hüquqi nəticə etibarı ilə 27.12.2017-cı il tarixdən sonra İddiaçı ASC faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnu itirmişdir. Bu onunla bağlıdır ki, ləğv prosesində olan Bank həmin tarixdən artıq fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi və sair bu kimi fəaliyyəti həyata keçirə bilmir. Belə olan halda onun əldən çıxmış faydası da ola bilməz. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə (əlavə saziş üzrə müəyyən edilmiş müddətlər nəzərə alınmaqla) kredit müddəti 19.08.2018-ci il tarixdə, yəni bank məcburi ləğv edildikdən sonra bitmişdir. Bu səbəbdən də Bank illik 5% dərəcəsi ilə hesablama aparmaqla cavabdehdən əldən çıxmış fayda qismində faiz tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün penyaödəyəcəyini vəd etmişdirsə, kreditor penyaninödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit razılaşmasında öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit razılaşması üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 827,08 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehə razılaşma üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən razılaşma üzrə hesablanmış cərimə məbləği endirilərək, 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğdə cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə cavabdeh (zamin) Cavabdeh1 arasında bağlanmış 19.12.2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdür. Məhkəmə qeyd edir ki, həm kredit, həm də zaminlik müqaviləsi eyni tarixdə bağlanmış və zaminlik müqaviləsinə əsasən tərəflər zaminlik müqaviləsinin borclunun 19.12.2014-cü il tarixli müqavilə üzrə kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edilənədək qüvvədə olması barədə razılığa gəlmişlər. Məhkəmə hesab edir ki, zaminlik müqaviləsinin həmin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir. "Bu müqavilə borclunun 19.12.2014-cü il tarixli müqavilə üzrə kreditor qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir” ifadəsi (müddəası) isə zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz, çünki bu halda, öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddətini ehtimal etmək mümkün deyil. Həmçinin, Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, 19.12.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 19.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank kredit məbləğini borcalana 24 ay müddətinə vermiş, bundan sonra tərəflər arasında bağlanmış 19 yanvar 2017-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 19 avqust 2018-ci il tarixədək uzadılmışdır. Başqa sözlə, kredit məbləği 19.08.2018-ci il tarixədək vermişdir. Borclu kredit və hesablanmış faiz borcunu kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir, birinci ödəniş 19.01.2015-ci il tarixdə, sonuncu ödəniş 19.07.2018-ci il tarixdə həyata keçirilməlidir. Başqa sözlə, tərəflər arasında bağlanılmış müqavilənin şərtindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci 19.08.2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar. Beləliklə məhkəmə hesab edir ki, 19.12.2014-cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminə qarşı 19.08.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmiş, hazırki məsələ ilə bağlı 13.08.2021-ci il tarixdə (2 il sonra) iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyil, kəsici müddətdir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur, belə bir müddətin tətbiq edilməsi bilavasitə məhkəmənin səlahiyyətindədir. Bununla belə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və bu səbəbdən iddia tələbi Cavabdeh1 borcun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh2 əsas və faiz borcunun ondan aylar üzrə hissə-hissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. AzərbaycanRespublikasıMülki-ProsessualMəcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.172,42 manat məbləğində əsas, 228,21 manat məbləğində faiz, 100 manat məbləğində cərimə, cəmi 1.500,63 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-cimaddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 19.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.172,42 (bir min bir yüz yetmiş iki manat, qırx iki qəpik) manat məbləğində əsas, 228,21 (iki yüz iyirmi səkkiz manat, iyirmi bir qəpik) manat məbləğində faiz, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 1.500,63 (bir min beş yüz manat, altmış üç qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar