Məhkəmə qərarları › İş №2(001)-6631/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6631/2021

16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6631/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayədəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 20 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə 8197,5 manat əsas borc, 2351,76 manat faiz borcu və 667,72 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11216,98 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 26.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 28 % dərəcəsi ilə 24 ay müddətinə 10000 manat kredit götürmüşdür. 04 avqust 2020-ci il tarixli əlavə sazişə əsasən kredit müqaviləsinin müddəti 20 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Borcun təminatı kimi Cavabdeh2 ilə 26.06.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borc ödəməkdən yayınır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, sonuncu ödəniş 03 mart 2020-ci il tarixində olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 oğlu arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsindən və kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, kreditor borcalana 24 ay müddətinə , illik 28 % dərəcəsi ilə, aylıq ödəniş 548,88 manat olmaqla, 10000 manat məbləğində kredit verməyi, borcalan isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyi götürmüşdür. Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 oğlu və Cavabdeh2 arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Orucov X2 Telman Mikayıl oğlu ilə bank arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı krediti müqaviləsinə əsasən kredit almış borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür. 08 may 2020-ci il tarixli 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 7700,34 manat müəyyən edilmiş, kreditin müddəti 08 sentyabr 2021-ci il tarixədək uzadılmış, kreditin ödənilməsi üçün 3 ay güzəşt müddəti müəyyən edilmişdir. 08 may 2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən ilk 3 ay aylıq ödəniş 179,67 manat olmaqla, ilkin ödəniş tarixi 08 iyun 2020-ci il, qalan 13 ay ərzində isə aylıq ödəniş 693,54 manat olmaqla sonuncu ödəniş tarixi 08 sentyabr 2021-ci il olaraq müəyyən edilmişdir. 08 may 2020-ci il tarixli 1 saylı X4 müqaviləsinə də şamil edilmiş və zamin Cavabdeh2 tərəfindən imzalanmışdır. 04 avqust 2020-ci il tarixli 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsinə 1 saylı Əlavə Sazişdən görünür ki, müqavilə üzrə kreditin qalıq borc məbləği kapitallaşdırılmaqla 8197,5 manat müəyyən edilmiş, kreditin müddəti 20 dekabr 2021-ci il tarixədək uzadılmış, kreditin ödənilməsi üçün 1 ay güzəşt müddəti müəyyən edilmişdir. 04 avqust 2020-ci il tarixli 1 saylı Əlavə Sazişə əsasən ilk 1 ay aylıq ödəniş 102,01 manat olmaqla, ilkin ödəniş tarixi 20 avqust 2020-ci il, qalan 16 ay ərzində isə aylıq ödəniş 619,89 manat olmaqla sonuncu ödəniş tarixi 20 dekabr 2021-ci il olaraq müəyyən edilmişdir. 04 avqust 2020-ci il tarixli 1 saylı X4 müqaviləsinə də şamil edilmiş və zamin Cavabdeh2 tərəfindən imzalanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilən maliyyə arayışına əsasən Cavabdeh1 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsi üzrə 10 avtqus 2021-ci il tarixinə 8197,5 manat əsas borc, 2351,76 manat faiz borcu, 667,72 manat cərimə borcu olmaqla, ümumilikdə 11216,98 manat borc hesablanmışdır. "xxxx" ASC-nin cavabdehlərə ünvanlanan 16 fevral 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclulara 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətində ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və kredit borcunun ödənilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsi barədə xəbərdarlıq edilmişdir. 12 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı Kredit verən bank "xxxx" ASC ilə kredit alan Cavabdeh1 oğlu arasında bağlanmış 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsi ilə bank müştəriyə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Daha sonra kredit müqaviləsinə 2 dəfə Əlavə saziş imzalanmaqla kredit müqaviləsinin müddəti sonuncu dəfə 08 sentyabr 2021-ci il tarixinədək uzadılmışdır. Əlavə sazişlər həm borcalan, həm də zamin tərəfindən imzalanmış və əlavə sazişlər əsasında ödəniş qrafikində dəyişikliklər edilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh – zamin Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. İddiaçı cavabdehlərin Banka borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiada tələb olunan əsas və faiz borcuna münasibətdə qeyd edir ki, əsas və faiz borcu bank tərəfindən məhkəməyə təqdim edilən 10.08.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq müəyyən edilməlidir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 10.08.2021-ci il tarixə 8197,5 manat, faiz borcu üzrə 2351,76 manat borcu vardır. Tərəflər arasında imzalanmış son əlavə sazişdən də, görünür ki, əsas borc məbləğinin 8197 manat məbləğində kapitallaşdırılmasına cavabdehlər tərəfindən sazişə imza edilməklə razılıq verilmişdir. Tələb olunan cərimə məbləği ilə bağlı məhkəmə qeyd edir ki, 20 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 667,72 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu azaldılmalı və 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 8197,5 manat, faiz borcu üzrə 2351,76 manat, cərimə borcu üzrə 100 olmaqla, ümumilikdə 11116,98 manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. 20 iyun 2019-cu il tarixli, 11-MZ-1-0-1439-19 saylı kredit müqaviləsi üzrə əsas borca görə 8197,5 (səkkiz min yüz doxsan yeddi manat, əlli qəpik) manat, faiz borcuna görə 2351,76 (iki min üç yüz əlli bir manat, yetmiş altı qəpik) manat, cərimə borcuna görə 100 (bir yüz) olmaqla, ümumilikdə 11116,98 (on bir min yüz on altı manat, doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar