Məhkəmə qərarları › İş №2(001)-6664/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6664/2020

16.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6664/2020 16.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı“kredit üzrə borcun qaytarılması” tələbi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2626/19 saylı kredit müqaviləsi üzrə 4.284,81 manat əsas borcun, 1.561,33 manat faiz borcun və 8.147,79 manat cərimənin, 2717/19 saylı kredit müqaviləsi üzrə 817,99 manat əsas borcun, 322,12 manat faiz borcun və 1.393,44 manat cərimənin, 2757/19 saylı kredit müqaviləsi üzrə 1.060,43 manat əsas borcun, 400,05 manat faiz borcun və 1.598,57 manat cərimənin, 3017/20 saylı kredit müqaviləsi üzrə 2.980 əsas borcun, 656,66 manat faiz borcun və 680,76 manat cərimənin, cəmi 23.904,4 manat borc məbləğinin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması, tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi, girov predmetinin satışından götürülmüş məbləğ tələbləri ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizə mülki-prosessual qanunvericiliklə nəzərdə tutulmuş iddia ərizəsinin forma və məzmununa riayət edilmədən tərtib edilmiş, iddia ərizəsinin “xahiş edirəm” hissəsində pul tələbi ilə yanaşı tutmanın girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsi xahiş edilsə də, qeyd edilən girov predmeti olan qızıl-zinət əşyalarının adları, habelə fərdi əlamətləri (qızılın əyarı, çəkisi və sair) iddia ərizəsində qeyd edilməmişdir. Bundan əlavə iddiaçı borc tələbinin girov predmeti olan qızıl-zinət əşyalarına yönəldilməsini xahiş etsə də, bu tələbini əsaslandırmaq üçün hansı kredit məbləğinə görə hansı qızıl-zinət əşyalarının girov qoyulması, hansı müddətdə öhdəliyin pozulması nəticəsində borc məbləğinin girov predmetinə yönəldilməli olması və sair kimi dəlilləri, yəni iddia tələbinin əsaslandırıldığı halları da qeyd etməmişdir. Başqa sözlə, iddiaçı tələbini əsaslandırmaq üçün hər hansı bir dəlilə ümumiyyətlə istinad etməmiş, yalnız müqavilələrin adını çəkməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Prosessual qanunvericiliyin iddia ərizəsinin məzmununa dair cavabdehə qarşı yönəlmiş tələbin iddia ərizəsində göstərilməli olması barədə tələbi həm də onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu qanunda göstərilmiş formulələrin adlarına görə deyil, onların əsaslandığı hallara görə özü üçün müəyyən etməlidir. Təsadüfü deyildir ki, Azərbaycan Respublikası MPM-nin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. Xüsusilə nəzərə alınmalıdır ki, həmin Məcəllənin 154.2.3-cü maddəsinə əsasən etiraz və mühahizədə iddiaçının tələbinin tam və ya qismən rədd edilməsinin motivləri öncədən cavabdeh tərəfindən məhkəməyə təqdim edilə də bilər. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı cavabdehə qarşı öz tələblərini və tələblərini əsaslandırdıqları halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Belə olan halda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, iddia ərizəsinin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar