Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-667/2020 14.09.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili X2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “borcun etirafı müqaviləsi üzrə borcun və digər xərclərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında xx xxxxxxx 2016-cı ildə Bakı şəhəri 54 saylı Notariat Kontorunda notarial qaydada bağlanmış borcun etirafı müqaviləsinə əsasən 49000 (qırx doqquz min) ABŞ dolları borcdan ödənilməmiş 35883 (otuz beş min səkkiz yüz səksən üç) ABŞ dolları borc və 35883 (üç min beş yüz səksən səkkiz) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 39471 (otuz doqquz min dörd yüz yetmiş bir) ABŞ dolları pul vəsaitinin (ödəniş gününə dolların manata məzənnəsi nəzərə alınmaqla manatla), həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, habelə nümayəndəyə etibarnamə verilməsi üçün ödənilmiş 11,50 manat xidmət haqqının, vəkilə ödənilmiş 250 manat xidmət haqqının cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxxx 2016-cı ildə Bakı şəhəri 54 saylı Notariat Kontorunda notarial qaydada bağladığı borcun etirafı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2015-ci ilədək qaytarmaq şərtilə aldığı 49000 ABŞ dolları borcunu xx.xx.2016-cı il tarixədək qaytarmağı öhdəsinə götürmüş, qeyd edilən vaxtdan azı 2 il 6 aydan artıq müddət keçməsinə baxmayaraq borcun ödənilməsini təmin etməmiş, bununla da müqavilə öhdəliklərini icra etməmiş və ona maddi-mənəvi zərər vurmuşdur. Belə ki, onun pulunu qaytarmadığına görə məcbur olub müxtəlif vaxtlarda “xxxxxxxxxx” QSC-dən kredit götürmüş və krediti faizi və cəriməsi ilə qaytarmağa məcbur olmuşdur. Halbuki, cavabdeh onun pulunu vaxtında qaytaracağı halda onun əlavə kredit götürməyə və həmin krediti faizi ilə qaytarmağına ehtiyac olmayacaqdı. Borcun ödənilməsi barədə dəfələrlə cavabdehi xəbərdar etməsinə baxmayaraq cavabdeh borcu ödəməmişdir. Məhkəmə iclasında İddiaçı və onun etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər, həmçinin, cavabdeh tərəfindən həmin məbləğdən 18000 manat pulun Qənbər adlı şəxs vasitəsilə qaytarılmadığını bildirmişlər. Cavabdeh və onun vəkili X3 iddia tələbi qəbul etməyərək bildirmişlər ki, cavabdeh iddiaçıdan pul deyil, mal almış, istinad edilən müqavilə isə məhz bu səbəbdən rəsmiləşdirilmişdir. Cavabdehin iddiaçıdan əlbəəl pul almaması səbəbindən həmin müqavilənin etibarsız olduğunu, habelə iddia tələbində iddiaçıya Qənbər adlı şəxs vasitəsilə verdiyi 18000 manat məbləğində pulun nəzərə alınmadığını bildirmişlər. Məhkəmə tərəflərin və onların nümayəndələrinin (vəkillərinin) izahatlarını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Bakı şəhəri 54 saylı notariat kontorunda təsdiq olunaraq bağlanmış və reyestrdə 3M-398 nömrə ilə qeydə alınmış xx xxxxxxx 2016cı il tarixli Borcun etirafı müqaviləsinə görə, Cavabdeh İddiaçı 49000 (qırx doqquz min) ABŞ dolları məbləğində borcunun olduğunu etiraf edərək həmin məbləği xx.xx.2016-cı il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı məhz bu müqaviləyə əsaslanmaqla müvafiq iddia tələbi ilə çıxış etmiş, cavabdeh isə iddiaçıdan pul deyil, mal aldığını, iddianın əsası kimi istinad edilən müqavilənin isə məhz bu səbəbdən rəsmiləşdirildiyini, əlbəəl pul almaması səbəbindən həmin müqavilənin etibarsız olduğunu, habelə iddia tələbində iddiaçıya Qəmbər adlı şəxs vasitəsilə verdiyi 18000 manat məbləğində pulun nəzərə alınmadığını irəli sürmüş, bununla belə etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış xx xxxxxxx 2016-cı il tarixli “borcun etirafı” müqaviləsindən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə qəbul edir. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə, xx xxxxxxx 2016-cı il tarixli “borcun etirafı müqaviləsi”nə görə cavabdehin iddiaçıya 35883 (otuz beş min səkkiz yüz səksən üç) ABŞ dolları borcu qaytarmalı olduğu qənaətinə gəlir və hesab edir ki, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “3588 ABŞ dolları məbləğində dəbbə pulunun tutulması” hissəsi ilə bağlı qeyd edilməlidir ki, xx xxxxxxx 2016-cı il tarixli “borcun etirafı müqaviləsi”ndə borcun vaxtında qaytarılmaması halında cavabdehin dəbbə pulu ödəməli olması ilə bağlı şərtin və ya tərəflər arasında buna dair yazılı razılaşmanın mövcudluğu müəyyən edilməmişdir. Halbuki Mülki Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 463.2-ci maddəsinə əsasən yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Bu isə qeyd edilən hissədə iddianın əsassız olduğunu göstərir. Məhkəmə “vəkilə ödənilən 250 manat pulun cavabdehdən tutulması”hissəsində də iddia tələbini əsaslı hesab edir. Çünkü iş materiallarından görünür ki, iddiaçı hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri 20 saylı vəkil bürosunun hesabına 250 manat məbləğində ödəniş etmişdir: Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə görə isə, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi yardıma görə 250 (iki yüz əlli) manat ağlabatan məbləğdir və cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və 11,50 manat notariat xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Təsvir olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 35883 (otuz beş min səkkiz yüz səksən üç) ABŞ dolları, habelə 250 (iki yüz əlli) manat, 30 manat və 11,50 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 35883 (otuz beş min səkkiz yüz səksən üç) ABŞ dolları məbləğində borc ödəniş anında məzənnə nəzərə alınaraq manatla, habelə hüquqi yardıma görə 250 (iki yüz əlli) manat, dövlət rüsumuna görə 30 (otuz) manat və notariat xərcinə görə isə 11,50 (on bir manat 50 qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-667/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-667/2020
14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver