Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6672/2024 16.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X7 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(001)-557/2019 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X2 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq, cavabdehdən hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından bir uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(001)-557/2019 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarındakı nikah pozulmuş, birgə nikahdan olan uşağının onun yanında qalması və uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qərara alınmışdır. O, uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyindən alimentin artırılmasını xaiş edir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etdi. İzahatında (yazılı etirazında) rəsmi qazancının 400 manat olmasını, himayəsində ikinci nikahdan xx.xx.2024-cü il təvəllüdlü uşağının olmasını nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2(001)- 557/2019 saylı qətnaməsinə əsasən, İddiaçı ilə X6 arasında xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 136 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X2 adlı uşağın anasının yanında saxlanması və uşağın yetkinlik yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. AZEMİS elektron sistemdən çıxarışdan müəyyən olunur ki, İddiaçı BOKT Azpul MMC-də hüquqşünas vəzifəsində çalışır və aylıq əmək haqqısı 776 manat təşkil edir. AZEMİS elektron sistemdən çıxarışdan müəyyən olunur ki, X6 GL ASC-də kreditor vəzifəsində çalışır və aylıq əmək haqqısı 400 manat təşkil edir. Doum haqqında qeydiyyat məlumatından görünür ki, X3 xx.xx.2024-cü il təvəllüdlü X4 adında övladı var. Məhkəmənin mülki iş ilə bağlı tətbiq etdiyi hüquq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı möəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin möəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlaını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 saylı qərarının 8.12-ci bəndinin 3-cü abzasında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə tərəflərin mövqeyini və gətirdiyi dəlilləri incəliyərkən müəyyən edir ki, iddiaçı öz tələbində qismən haqlıdır. Belə ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Lakin məhkəmə gəldiyi nəticəni təktərəfli qiymətləndirməməli, cavabdehin də mövqeyini diqqətdən qaçırmamalıdır. Təbii ki, məhkəmə iddiaçı ilə bir nikahdan anadan olmuş uşağın mənafeyini nəzərə aldığı kimi cavabdehin ikinci nikahından da dünyaya gəlmiş azyaşlı uşağının mövcud ola biləcək maddi xərclərini, tələbatlarını nəzərə almalıdır. Lakin cavabdehin iddianın təminini istisna edən hal kimi kredit öhdəliklərinin və digər xərclərinin mövcud olmasını, himayəsində ikinci nikahdan övladının olmasını bildirməsini – uşağının saxlanmasının hər bir valideynin istisnasız vəzifəsi olması müddəasından irəli gələrək məhkəmə qəbul etmir və hesab edir ki, göstərilənlər iddianın rədd edilməsi üçün əsas deyil. Lakin unutmaq olmaz ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinin - valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni yalnız cavabdeh atanı gələcəkdə ödənilməsi real görsənməyən aliment öhdəliyi ilə yükləməkdənsə, uşaların maddi ehtiyaclarının təmin olunmasında əmək qabiliyyətli olmaqla hazırda işləyən və rəsmi aylıq gəlirə malik olan iddiaçı ananın da iştirakını nəzərə almaq ədalətli olardı. Belə ki, işin hallarından və AZEMİS elektron məhkəmə portalından görünür ki, iddiaçının hazırki vəziyyətdə rəsmi gəliri cavabdehdən daha artıqdır, yəni göründüyü kimi, iddiaçı ananın maddi durumu onun ərizəsində göstərdiyi kimi öz övladının saxlanılmasında cavabdehlə birgə iştirakını təmin edəcək qədər yetərsiz deyildir. Unutmaq olmaz ki, hazırda mübahisəsi gedən aliment yetkinlik yaşına çatmayan uşaqların saxlanılması məqsədilə təyin olunur və tərəflər arasında şəxsi prinsipial məqamlardan irəli gələn üstünlük və ya qazanc əldə etmək niyyətinə heç bir halda xidmət etmir. Aliment uşaqların layiqli, firəvan yaşayış səviyyəsi, təlimtərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti daşıyır və işin faktiki hallarına, tərəflərin maddi vəziyyətinə uyğun görsənməyən yüksək məbləğin müəyyən edilməsi, artıq və ödənilməsi real olmayan aliment məbləği ilə tərəfi yükləməklə bərabər, qanuni qüvvəyə minmiş məhkəmə qərarının da gələcəkdə icrasız vəziyyətdə qalmasına şərait yaratmış olur. Beləliklə, qeyd edilənləri ümumiləşdirərək, o cümlədən də hazırki tərəflər arasında aliment tələbi ilə əlaqədar mübahisələr üzrə məhkəmə qərarlarını da nəzərə alaraq məhkəmənin qənaəti belədir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(001)-557/2019 saylı qətnaməsi ilə müəyyənləşdirilmiş alimentin miqdarı artırılmalı, xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 230 manat məbləğində təyin edilməli və bu məbləğdə alimentin tutulmasının əvvəli hazırki qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 50 manat məbləğində mediasiya xərcindən ibarətdir. Həmçinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş pul iddiaçıya aid edilməli, ödənilməli dövlət rüsumu kimi isə 30 manat cavabdehdən alınaraq dövlət nəfinə verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 may 2014-cü il tarixli, 2(001)- 557/2019 saylı qətnaməsi ilə xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh tutulması müəyyən edilmiş alimentin miqdarı hər ay 230 (iki yüz otuz) manatadək artırılsın və alimentin məbləği, əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Məhkəmə xərcləri mediasiyaya çəkilmiş xərclərə münasibətdə iddiaçının özünə aid edilsin, dövlət rüsumu kimi 30 manat cavabdehdən tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(001)-6672/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6672/2024
16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver