Məhkəmə qərarları › İş №2(001)-669/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-669/2022

25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-669/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 005R********** saylı kredit razılaşması üzrə 1069,92 manat məbləğində kredit borcu, 176,06 manat məbləğində faiz borcu və 359,52 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1605 (min altı yüz beş) manat 50 (əlli) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 36.06 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 17.01.2017-ci il tarixli 005L**********86 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 40 000 (qırx min) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış 12.03.2020-ci il tarixli 005R********** saylı kredit razılaşması əsasında Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1200 (min iki yüz) manat məbləğində kredit verilmişdir. Tərəflərin imzaladıqları 12.05.2020-ci il tarixli, 005R**********S saylı, 27.08.2020-ci il tarixli, 005R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Həmin kreditin təminatı olaraq Cavabdeh2 ilə 24.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 üzərinə götürdüyü öhdəliyi pozaraq 12.11.2020-ci il tarixdən banka olan borcunu qaytarmamışdır. Cavabdeh götürdüyü borcdan ümumi olaraq 130.08 manat ödəniş etmiş, 1069,92 manat məbləğində əsas kredit borcu, 14.10.2021-ci il tarixə 336 gün üçün hesablanmış 176,06 manat faiz və 359,52 manat cərimə borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi A.Əhmədova iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən, yəni əsas borc hissəsində qəbul etdiyini, borcu hissə-hissə ödəməyə razı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - maliyyə arayışından görünür ki, Cavabdeh1 14.10.2021-ci il tarixə banka 1069,92 manat əsas, 176,06 manat faiz borcu, 359,52 manat cərimə borcu olmaqla, cəmi 1605,50 manat borcu vardır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 12.03.2020-ci il tarixli 005R********** saylı kredit razılaşmasına əsasən, sonuncuya 12 ay müddətinə, aylıq faiz dərəcəsi 2.25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1200 (min iki yüz) manat məbləğində kredit verilmiş və o, götürdüyü krediti 12.03.2020-ci il tarixdən 12.03.2021-ci il tarixədək hər ay 116 manat ödəniş etməyi öz öhdəsinə götürmüşdür. - 005S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 borcunun təminatı olaraq Cavabdeh2 ilə 24.04.2019-cu il tarixli zaminlik müqaviləsi bağlanmışdır. - xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 rəsmi məktub göndərilərək, kredit borcunu 15.10.2021-ci il tarixədək ödənilməsi bildirilmiş, əks halda hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmiş, icranı gecikdirmişdir və nəticədə iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Məhkəmə Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 448.2.1, 449.1, 739.1, 739.2-ci maddələrinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Borclu icranı gecikdirməklə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən iddia tələbini Cavabdeh1 münasibətdə araşdıran məhkəmə tələbi əsaslı hesab edir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdeh də (zamin) iddiaçı (kreditor) qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh (zamin) Cavabdeh2 iddiaçı-kreditor İddiaçı QSC qarşısında cavabdeh-borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyırlar. Məhkəmə həmçinin iddianın faiz borcunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi əsaslıdır. İşin hallarını nəzərə alaraq, məhkəmə sonuncu maliyyə arayışında göstərilən əsas və faiz borcunu nəzərə alaraq hesab edir ki, əsas borc 1069,92 manat, faiz məbləği isə 176,06 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə həmçinin iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən cərimənin 359,52 manat (sonuncu maliyyə arayışına əsasən) məbləğində deyil, 20 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq sayır. Beləliklə, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürmüş olduğu öhdəliyi vaxtında və lazımınca icra etmədiyindən kredit müqaviləsi üzrə 1069,92 manat məbləğində əsas borc, 176,06 manat məbləğində faiz borcu və 20 manat cərimə cavabdehlərdən tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 36,06 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1069,92 manat məbləğində əsas borc, 176,06 manat məbləğində faiz borcu və 20 manat cərimə olmaqla, ümumilikdə 1265,98 (bir min iki yüz altmış beş manat doxsan səkkiz qəpik) manat və 36,06 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 İş №2(001)-669/2022 26 yanvar 2022-ci il İddiaçı: İddiaçı QSC-yə Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3, məhəllə 1033 Cavabdeh: Cavabdeh1 Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mədən, 168-ci korpus, ev 14B Cavabdeh: Cavabdeh2 Qeydiyyat ünvanı: ünvan 1həri, Yasamal rayonu, 11-ci Xrebtovi küçəsi, ev 192 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli, 2(001)- 669/2022 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti Hakim: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar