Məhkəmə qərarları › İş №2(001)-6757/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6757/2022

24.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6757/2022 24.10.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsini Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, «Elektron məhkəmə» informasiya sistemindən çıxarışlardan göründüyü kimi, hər iki tərəf Füzuli rayonunda qeydiyyatdadır, iddiaçının özünün isə iddia ərizəsində göstərdiyi kimi, o, faktiki olaraq ünvan 1 ünvanında yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 36.3-cü maddəsinə müvafiq olaraq, alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Prosessual qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi iddia bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir, lakin bəzi tələblər üzrə iddiaçıya seçim imkanı da verilmişdir. İddiaçıya ərazi aidiyyəti ilə bağlı seçim imkanı verilən tələblərə nəzər yetirsək, bu imkanın himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar üçün məhkəməyə əlçatımlılığının təmin edilməsinə yönələn addım olduğu məlum olur. Yəni, himayəsində yetkinlik yaşına çatmayan uşaqları olan iddiaçılar əlavə vaxt, vəsait və s. sərf etmədən öz yaşadığı ərazi üzrə məhkəməyə müraciət edə bilsin. Əks yanaşma prosessual qanunvericiliyin göstərilən normalarının mahiyyəti ilə ziddiyət təşkil edərdi. Belə ki, şəxsin qeydiyyatda olduğu yer heç də həmişə onun yaşadığı yerlə üst-üstə düşmür və bu səbəbdən prosessual qanunvericiliyin tanıdığı imkan sırf şəxsin yaşayış yeri ilə bağlıdır. Çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddia ərizəsindən göründüyü kimi, Bakı şəhərinin Binəqədi Rayonuna nə cavabdehin qeydiyyat ünvanı, nə də ki, iddiaçının faktiki yaşayıdığı ünvan aiddir. Belə olan halda hazırkı iddia ərizəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmasının hüquqi əsasları iddia ərizəsindən aydın deyil. Cavabdehin faktiki olaraq Bakı şəhərinin Binəqədi rayonunun ərazisində yaşaması, ona qarşı iddia ərizəsinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verilməsi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada müvafiq məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar