Məhkəmə qərarları › İş №2(001)-6776/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6776/2023

18.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6776/2023 18.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh uşağın saxlanılması üçün onun xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat məbləğində alimentin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə rəsmi nikah münasibətlərinə girərək, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X4 doğulmuşlar. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1261/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilmiş, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, hər ay hər uşağa 160 manat alimentin tutulması qət edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh əvvəllər vərəm xəstəsi olsa da, sonradan sağalmışdır. Xəstəliyi dövründə ona özü qulluq etmişdir. Əgər məsələ xəstəliklə bağlıdırsa, böyük oğlu da, zəifdir və mütəmadi müalicə alır. “Xırdalan 120” adlanan ünvanda kirayə qalır. Aylıq 150 manat kirayə ödənişi edir, 50 manat ümumi kommunallar olsa aylıq evə 200 manat xərci çıxır. Bu xərci aliment hesabına təmin edir. Qalan pulu uşaqlara xərcləyir. Öz atası da hərdən gələndə ona 50 manat, 100 manat dəstək olur. Əslində məhkəmə qətnaməsi ilə o və uşaqları cavabdehin yaşadığı evə köçürülmüşlər. Həmin evdə onlara 1 otaq verilmişdir. Lakin bir gün evə qayıdanda onun üçün ayrılmış otaqda, onun yatağında iddiaçının qardaşının yatdığını görüb buna etirazını bildirsə də, iddiaçı ona “get qardaşımın yanında yat” ifadəsini işlətmişdir. Həmin evdə qala bilmədiyindən, uşaqları da, götürüb oradan çıxmış, məcbur kirayədə qalmaqda davam edir. Hazırda uşaqların məktəbi uzaq ərazidə yerləşdiyindən, onları dərsə aparıbgətirərkən çox vaxt itirdiyindən işləyə bilmir. Ya ona yaşamaq üçün 1 otaqlı ev alıb versin, ya da ki, təyin olunan alimenti ödəsin.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Ona uşaqların saxlanılmasında valideynləri və qardaşı kömək edir. Uşaqları təkbaşına saxlamaqda çətinlik çəkir. Hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Əlavə olaraq bildirmək istəyir ki, cavabdeh ikinci dəfə nikaha daxil olmamışdan əvvəl özünə avtomobil almışdır. Cavabdehin kifayət qədər maddi imkanı vardır. Cavabdehin aliment borcu var idi və borcunu ödəyib qurtardıqdan sonra hər ay 400 manat ödəniş etməyə söz vermişdi. Bu səbəbdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsindən şikayət verməmişdir.Cavabdeh aliment borcunu ödəyib qurtarsa da, sözünə əməl etməmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Uşaqların məktəbi uzaqda olduğu üçün onları məktəbə özü aparır, bu səbəbdən işləyə bilmir.

5. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclasından sona BDYPİ-nə yaxınlaşaraq, adına avtomobilin olub-olmadığını yoxlatmaq istəmişdir. Məlum oldu ki, adına qeydiyyatdan keçən avtomobil yoxdur. Avtomobili ikinci dəfə nikaha daxil olacaqları ərəfədə yoldaşının ailəsi tərəfindən hədiyyə edilmişdir. Lakin yoldaşı həm əlil olduğundan, həm də ki qaçqın olduğundan ona verilən yardımın avtomobil ucbatından kəsilməsini istəmədiyindən avtomobili adına keçiriblər. Daha sonra avtomobili noyabr ayının əvvəli yoldaşı o və anası ilə birlikdə alğı-satqı yolu ilə polis idarəsində maşını anasının adına keçirmişdir.Özü vərəm xəstəsi olmuşdur. Sağalsa da, xəstəliyin qalıqları qalmaqdadır. Mütəmadi olaraq 2-3 aydan bir müalicələrdən keçməlidir. Xəstəliyi ucbatından ona insanların çoxluq təşkil etdiyi mühitlərdə işləməmək tövsiyyə olunub. Bu səbəbdən də, ikinci işdə işləyə bilmir. Biraz soyuqladığı təqdirdə xəstəliyi ağırlaşa bilər. Aldığı əmək haqqını tam şəkildə alimentə verir. İkinci nikahdan olan arvadı və özü hal hazırda 150 manata dolanırlar.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. O, vərəm xəstəliyindən müalicə almış və bu səbəbdən həkim ağır işdə işləməməyi tövsiyyə edib. Anası tək olduğu üçün ona baxan yoxdur. Bu səbəbdən anasının təkidi ilə ikinci dəfə nikaha daxil olmuşdur. İddiaçı o, ikinci dəfə nikaha daxil olduğu üçün ona qarşı il ərzində artıq ikinci dəfədir ki, alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Özü qənnadçı işləyir və əmək haqqı 350 manat təşkil edir. Hazırda əmək haqqından 320 manat alimentə ödəniş edir, ona 30 manat pul qalır ki, həmin məbləğ də heç yol puluna bəs etmir. Bundan başqa iddiaçı işləyir, lakin iddiaçı işləməyini məhkəmədən gizlədir. O, ikinci dəfə nikaha keçən ilin oktyabr ayında daxil olmuşdur. İddiaçıya olan aliment borcumu iyun ayında bitirmişdir. İkinci dəfə nikaha daxil olmamışdan əvvəl elçilik zamanı yoldaşının valideynləri avtomobili onun adıma keçirtmişlər. Lakin hazırda avtomobil onun mülkiyyətində deyil, sistemdə səhvlik var. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)- 1261/2023 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə tutulan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Bİnəqədi Rayon Məhkəməsinin 2(001)-326/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.

8. Qətnamədən görünür ki, iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-326/2021 saylı qətnaməsi ilə hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat həddində tutulan aliment məbləğinin artırılaraq, hər uşağa 200 manat müəyyən edilməsini xahiş etmişdir.

9. "xxxx" MMC təərfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh hazırda MMC-də şirniyyatçı vəzifəsində işləyir aylar üzrə 350 manat arası əmək haqqı alır. Ələ çatan məbləğ isə 320,25 manat təşkil edir.

10. Bakı Baş Səhiyyə X5 Şəxsi 1 nömrəli Vərəm Dispanserindən verilən arayışdan görünür ki, Cavabdeh 1 nömrəli Vərəm Dispanserində “keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri”diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. Hazırda Cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1261/2023 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində aliment tutulur.

12. İddiaçı isə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1261/2023 saylı qətnaməsi ilə tutulan aliment məbləğinin dəyişdirilərək, yəni artırılaraq, hər ay, hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsini tələb edir.Tələbini isə uşaqların tələbatlarının artması, özünün təkbaşına uşaqların saxlanmasında çətinlik çəkməsi ilə əlaqələndirir. Həmçinin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1261/2023 saylı qətnaməsi ilə razılaşmasa da apellyasiya şikayəti verməməsini və yenidən məhkəməyə müraciət etməsini belə izah etmişdir ki, həmin vaxt cavabdehin aliment borcu var idi və cavabdeh borc qurtardıqdan sonra hər ay, hər uşaq üçün 200 manat məbləğində alimenti könüllü ödəyəcəyi barədə söz vermiş, lakin vədinə əməl etməmişdir.

13. Cavabdeh isə ikinci dəfə nikaha daxil olduqdan sonra iddiaçının artıq ikinci dəfə alimentin artırılması barədə tələblə məhkəməyə müraciət etdiyini, özünün ikinci dəfə nikaha daxil olmaqla ailə qurduğunu, vərəm xəstəsi olduğunu və 350 manat əmək haqqı aldığını, adına olan avtomobilin əslində ikinci arvadına məxsus olduğunu, hazırda adına avtomobil olmadığını əsas gətiməklə iddianı qəbul etmir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

15. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

16. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir;

19. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

20. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

21. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir.

23. İddiaçının tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

24. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşaqların saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşıb, yetkinlik yaşına çatmayanlar üçün 2023-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşaqların tələbatının, maddi xərclərinin onların yaşları ilə mütənasib olaraq artmasını nəzərə alıb, uşaqların minimum dolanacaq xərclərinə yaxın məbləğdə maddi təminat almaq hüququnun təminatı baxımından belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğində müəyyən edilməlidir.

25. Belə ki, aliment məbləği Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1261/2023 saylı qətnaməsi ilə artırılmış və ümumilikdə 320 manat müəyyən olunmuşdur. İddiaçı isə həmin qətnamədən şikayət verməməsini cavabdehlə aralarında olan razılaşma ilə əlaqələndirir. Bu səbəbdən iddiaçının həmin qətnamə ilə razılaşmamasına baxmayaraq, həmin qətnaməni mübahisələndirməməsi onun ziyanına şərh edilməməlidir. Bununla belə həmin vaxt iddiaçının hər uşaq üçün 200 manat tələb etmiş olması da nəzərə alınmalıdır. Hər bir halda yetkinlik yaşına çatmayan uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu və uşağın yaşı nəzərə alındıqda həmin qətnamə ilə müəyyən edilmiş aliment məbləğinin uşağın saxlanılmasına kifayət etməməsi başa düşüləndir. Buna baxmayaraq yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas deyildir və bu səbəbdən alimentin artırılması məsələsi bütün tərəflərin diqqəlayiq mənafeləri nəzərə alınmaqla həll edilməlidir. Burada bütün tərəflər dedikdə uşaq, aliment alan və alan ödəyən şəxs başa düşülür. Hər bir halda bütün məsələlər uşaqların mənafelərinin üstünlüyü baxımından qiymətləndirilməlidir.

26. Qeyd edilən aspektdən yanaşdıqda alimentin qısa müddətdə təqribən 2 dəfəyə yaxın artırılması aliment ödəyən şəxsin mənafeyinə uyğun hesab edilməsə də, halhazırda ödənilən alimentin miqdarı da uşaqların mənafeyinə uyğun deyildir. Bu baxımdan məhkəmə bütün tərəflərin mənafeyini nəzərə almaqla artırılması tələb olunan alimentin miqdarının 200 manat məbləğində müəyyən edilməsini işin hallarına uyğun hesab edir. Cavabdehin etirazına münasibətdə isə məhkəmə qeyd edir ki, onun ikinci dəfə nikaha daxil olması və səhhətinə görə aldığı müalicənin xarakteri onu uşaqlarını saxlamaq vəzifəsindən azad etmir.

27. Bundan başqa qeyd edilməlidir ki, iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən tutulur. İddiaçı isə məhkəmənin qanuni qüvvəyə minmiş aktına əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır.

28. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

29. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:

30. 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsum ödənilməlidir.

31. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

32. Odur ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 30 manat ((400-320)x 12=960) cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Tətbiq edilən prosessual normalar:

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

34. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

35. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

36. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarən qiyməti—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

37. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır;

38. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Nəticə:

39. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1261/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalı, iddia qalan hissədə təmin edilməməli, iddiaçını ödəməkdən azad olduğu 30 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(001)-1261/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 200 manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi 30(otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar