Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6778/2021 04.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 3.102,68 manat əsas, 2.095,32 manat cərimə, müqavilənin bitdiyı tarixdən 15 iyul 2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5% olmaqla 952,88 manat borc, ümumilikdə 6.150,88 manat məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2011-ci il tarixli 201CNOD130010359 saylı Kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 18% dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi bank ilə Cavabdeh2 arasında eyni tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə aid edilməmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydası ”nın 6.16 bəndinə əsasən “Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu il dekabrın 31-də başa çatır”. Həmin tarixə kimi də vətəndaş müraciət etməmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən borc alan tərəfindən müqavilə ilə müəyyən olunmuş məbləğ və ona hesablanmış faizlər hər ayın müvafiq günü tam şəkildə ödənilməlidir. Eyni zamanda kredit müqaviləsinə əsasən müvafiq olaraq göstərilir ki, borc alanın üzərinə düşən öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi üçün dəbbə pulu müəyyənləşdirilir. Belə ki, borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən borc alan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımı qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Zaminlik müqaviləsinə əsasən zamin borc alanın bank qarşısında götürdüyü öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar faizlərin, cərimələrin məhkəmə xərclərin və digər xərclərin ödənilməsi də daxil olmaqla bütün ödənişlərə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Belə ki, zaminlik müqaviləsində göstərilmişdir ki, əgər “borcalan” kredit müqaviləsinin şərtlərinə əsasən krediti və onun faizlərini vaxtında ödəməzsə, zamin bankın ona göndərdiyi bildirişin alınması vaxtından müvafiq sayda gündən gec olmamaq şərti ilə “borcalan”-ın bütün borclarının ödənilməsinə zamin olur. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etdi və iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barəsində qərar qəbul edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, onun banka olan borcu təqribən 500 manat olmuş və bu məbləğ əvvəlki məhkəmə işində ekspert rəyi ilə təsdiq edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh2 məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2011-ci il tarixli kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, bank (kreditor) sonuncuya (borc alan) illik 18% hesablanmaqla 36 ay müddətinə 10.000 manat məbləğində borc verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8.2-ci bəndinə əsasən borc alan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanan faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlərin hesablanmaqla ümumi məbləğin 0,1% miqdarında borcverənə dəbbə pulu ödəməlidir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 və borc alan Cavabdeh1 arasında bağlanmış 19 may 2011-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin 19 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşdür; Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər ünvanladığı 01 fevral 2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə yaranmış borc məbləği barəsində məlumat verilməklə, ondan yaranmış borcun 5 gün müddətinə banka ödənilməsi xahiş olunmuş, əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; 17 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 19 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən 15 iyul 2020-ci il tarixinə əsas məbləğ üzrə 3.102,68 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə üzrə 2.095,32 manat, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 952,88 manat, ümumilikdə isə 6.150,88 manat məbləğində borcu vardır; 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı, 13 aprel 2016-cı il tarixli qəradadının surətindən müəyyən olnunur ki, İddiaçı ASC ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir; Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(001)- 411/2019 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 19 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 474,95 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 504,95 manatın ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspert rəyinə əsasən Cavabdeh1 19 may 2011-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borcunun 474,95 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin, həmin qətnamədən görünür ki, cavabdeh tərəfindən həmin müqavilə üzrə son ödəniş 08 iyul 2015-ci il tarixdə aparılmış, iddiaçı isə 11 may 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir; Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyul 2019-cu il tarixli, 2(103)- 7345/2019 nömrəli qərardadından görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2019-cu il tarixli, 2(001)-411/2019 saylı qətnaməsi ləğv edilmiş, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünə görə iddia tələbi baxılmamış saxlanılmışdır. 05 may 2018-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2011-ci kredit müqaviləsinə əsasən kreditor tərəfindən borcalana illik 18 faiz hesablanmaqla 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə digər cavabdeh-zamin arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və ona bank tərəfindən 3.102,68 məbləğində əsas borc, 2.095,32 manat məbləğində cərimə, gecikdirilmiş vaxt üçün illik 5% hesablanmaqla 952,88 məbləğində borc, ümumilikdə 6.150,88 manat məbləğində borc hesablanmışdır. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən 11 may 2018-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edilmiş, həmin iş üzrə məhkəməmühasibatlıq ekspertizası keçirilmiş və cavabdehin əsas borcunun 474,95 manat məbləğində olduğu müəyyən edilmişdir. Sonradan iddia ərizəsi apelyasiya instansiyası məhkəməsi tərəfindən baxılmamış saxlanılmışdır. Eyni zamanda, Cavabdeh1 isə məhkəməyə ərizə təqdim edərək, iddianı qəbul etmədiyini, iddia müddəti tətbiq edilməklə iddianın rədd olunması barəsində qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə əsas borcun məbləği ilə bağlı əvvəlki iş üzrə keçirilmiş ekspert rəyini əsas götürərək hesab edir ki, cavabdehdən 474,95 manat məbləğində əsas borc və 132,96 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği (474,95 manatın bir il üçün 5% = 23,74 manat, 1 gün üçün 0,06 qəpik (23,74 / 365 gün); 0,06 x 2.216 (gecikdirilmiş gün sayı) = 132,96) iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış krediti müqaviləsi üzrə dəbbə pulu haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit müqaviləsində öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 2.095,32 manat məbləğində cərimənin ödənilməsini tələb edir. Məhkəmə işin hallarını nəzərə alıb belə qənaətə gəlir ki, cərimə borcu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılmalı və 50 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə digər cavabdeh - zamin Cavabdeh2 münasibətdə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Həmin Məcəllənin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 367.3cü maddəsinə görə müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Zaminlik müqaviləsində isə onun verilmə müddəti - təqvim tarixi, illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxt, habelə hökmən baş verməli olan (yəni insan iradəsindən asılı olmayan) hadisə nəzərdə tutulmamışdır. İş materiallarından göründüyü kimi, kredit müqaviləsi üzrə kredit öhdəliyinin icrası vaxtı 19 may 2014-cü il tarixində başa çatmış və həmin tarixdən bir il ərzində kreditor tərəfindən zaminə qarşı iddia irəli sürməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyinə görə zaminə qarşı yönəlmiş iddia tələbi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tədbiq edilməsi barədə verilmiş ərizə ilə bağlı qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncu dəfə ödənişi 08 iyul 2015-ci il tarixdə aparmış, iddiaçı isə birinci dəfə məhkəməyə iddia müddətini ötürmədən 11 may 2018-ci il tarixdə müraciət etmiş, daha sonra isə iddia ərizəsi onun iradəsindən asılı olmayan səbəblərə görə, yəni iddia tələbi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşdüyünə görə baxılmamış saxlanılmşdır. Həmin Fərmandan irəli gələn tədbirlərin icra müddəti 31 dekabr 2019-cu il tarixinədək müəyyən edildiyindən və həmin müddət bitdikdən sonra iddiaçı tərəfindən üç illik iddia müddəti ötürülmədən məhkəməyə müraciət edildiyindən məhkəmə hesab edir ki, hazırki mübahisəyə iddia müddəti tədbiq edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 19 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 474,95 manat məbləğində əsas borc, 50 manat məbləğində cərimə, 132,96 manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 657,91 məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 3 manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, iddia digər hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. 19 may 2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 474,95 (dörd yüz yetmiş dörd manat, doxsan beş qəpik) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində cərimə, 132,96 (bir yüz otuz iki manat, doxsan altı qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün illik 5% hesablanan faiz məbləği olmaqla, cəmi 657,91 (altı yüz əlli yeddi manat, doxsan bir qəpik) məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 3 (üç) manatı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia digər hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6778/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6778/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver