Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6814/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək birgə nikahdan doğulmuş 28 aprel 2005-ci il təvəllüdlü X3 və 18 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 06 iyul 2004-cü il tarixdə ailə həyatı qurmuş və nikah Sabunçu rayon qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir. Birgə nikahdan iki uşaqları doğulmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 iyun 2015-ci il tarixli, 2(001)-2760/2015 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların qalma yeri onun yanında müəyyən edilmiş və cavabdehdən həm əmək haqqının 1/3 hissəsi miqdarında və həm də sabit pul məbləğində hər uşağa görə hər ay 79,67 manat məbləğində alimentin tutulub uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün ona ödənilməsi qət edilmişdir. Həmin məhkəmənin 12 iyul 2018-ci il tarixli, 2(001)-5252/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək hər uşağa hər ay sabit pul məbləğində 154 manat məbləğində aliment müəyyən edilmişdir. Həmin vaxtdan dörd ildən artıq vaxt keçmişdir. Qiymətlər artmış, sabit pul məbləğində aliment də dəyişərək çoxalmış, uşaqlar böyümüş, təhsil, geyim, qida, sağlamlıq tələbatları da artmışdır. Ona görə də alimentin miqdarının artırılmasına zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh iddianı qəbul etdiyini bildirmiş və iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Bununla bağlı məhkəməyə ərizəsini təqdim etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İ seriyalı 237982 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahları ləğv edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(001)- 5252/2018 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək 28 aprel 2005-ci il təvəllüdlü X3 və 18 dekabr 2006-cı il təvəllüdlü X1 üçün qanunda nəzərdə tutulmuş qaydada uşaqların yetkinlik yaşına çatanadək hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından iki uşaqları doğulmuş, daha sonra onların nikahı məhkəmə tərəfindən pozulmuş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(001)-5252/2018 saylı qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək 28 aprel 2005-ci il təvəllüdlü X3 və 18 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı 308 manat məbləğində müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını xahiş edir, cavabdeh isə iddianı qəbul edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən 28 aprel 2005-ci il təvəllüdlü X3 və 18 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən dörd ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini və cavabdehin həmin məbləğdə aliment ödəməyə razı olduğunu nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 28 aprel 2005-ci il təvəllüdlü X3 və 18 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(001)- 5252/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 28 aprel 2005-ci il təvəllüdlü X3 və 18 dekabr 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdehdən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(001)-5252/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin məbləğdə aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6814/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6814/2022
13.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver