Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-682/2022 25.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sağlamlığa vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində dəymiş maddi və mənəvi zərərin onun xeyrinə tutulması barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21.05.2021-ci il tarixdə saat 12:30-da ünvan 1 ünvanın qarşısında Psixatriya xəstəxanasının yaxınlığında yol ilə gedərkən geriyə hərəkətdə olan “Honda” markalı avtomobil onu vurmuşdur və hadisə nəticəsində xəsarət almışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək, maddi ziyan üçün 200 manat, mənəvi ziyan üçün 800 manat məğləğində pulun iddiaçıdan tutularaq ona ödənilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından olan: - Bakı şəhəri Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı Babək Mirzəyevin 09.06.2021ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarına əsasən, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sürücü Cavabdeh 21.05.2021-ci il tarixdə saat 12.30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində 2 saylı Psixatriya xəstəxanasının qarşısında etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Honda markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomaşını geriyə hərəkət etdirdiyi anda ehtiyatsızlıq edib Psixatriya xəstəxanasının qarşısında dayanmış X7 vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirilməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Onun əməlində cinayət tərkibi müəyyən edilməmiş, cinayət işinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Nəsimi RPİ-nin DYPŞ YNH üzrə inspektoru Polis baş leytenantı X5 tərəfindən tərtib olunmuş Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydalarının pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati xəta haqqında Protokola (AP № 0207184) əsasən ünvan 2 ünvanında yaşayan Cavabdeh S.Rüstəm küçəsi 40 saylı ünvanın qarşısında geriyə hərəkət edərkən piyada İddiaçı vuraraq ona dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X4” X10 tərəfindən Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı Babək Mirzəyevin 22.05.2021-ci il tarixli qərarı əsasında verilmiş 380 saylı ekspert rəyinə əsasən vətəndaş İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlər – başın ənsə, sol sağrı və sol bud nahiyələrinin qançırları, sol bazu, sol dirsək oynağı nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər qərarın təsviri hissəsində göstərilən 21.05.2021-ci il tarixdə əmələ gələ bilərdilər, ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. İddiaçı bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, həm xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomaşının İddiaçı vurması nəticəsində əmələ gələ bilərdilər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin resept blanklarından müəyyən olunur ki, baş vermiş hadisədən sonra İddiaçı uzunmüddətli müalicə almışdır. - Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamlarına əsasən İddiaçı ailə vəziyyətinin ağır olması, həmçinin İİ qrup əlil olması səbəbindən X2 Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evində müvəqqəti yerləşdirilməsi barədə ərizə ilə müraicət etmiş və nəticədə 19.08.2017-ci il təvəllüdlü X2 15.07.2021-cil tarixdə Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evində müvəqqəti yerləşdirilməsi məqədəmüvafiq hesab edilmişdir. Daha sonra ailə vəziyyətinin yaxşı olması səbəbindən uşağın yenidən öz himayəsinə qaytarılması barədə ərizə ilə müraicət etmiş və 20.12.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evindən öz biloji ailəsinə qaytarılmışdır. - Elektron məhkəmə sistemindən sorğu vasitəsilə əldə edilmiş məlumata əsasən İddiaçı İİ qrup əlildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsinin baş verməsinə, bununla da zərərin vurulmasına gətirib çıxaran nəqliyyat hadisəsi qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Honda” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edilən zaman vurulmuş ziyan məhz onun tərəfindən vurulduğundan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, qanunla yüksək təhlükə mənbəyi hesab olunan “Honda” markalı, **-MV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə edildiyindən və buna görə də İddiaçı sağlamlığına vurulmuş ziyan bilavasitə Cavabdeh tərəfindən vurulduğundan, bununla da mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədildiyindən İddiaçı sağlamlığına dəymiş ziyan Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə sağlamlığa dəymiş ziyanın məbləğinə münasibət bildirərək maddi ziyanın dəyərinin 150 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəuyğun hesab edir. Nəsimi RPİ-nin TŞ-nin baş təhqiqatçısı Babək Mirzəyevin 09.06.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarını MPM-nin 80 və 81-ci maddələrinə əsasən sübutların aidliyi və mümkünlüyü nöqteyi nəzərdən qiymətləndirərək hesab edir ki, yol nəqliyyat hadisəsinin məhz Cavabdeh tərəfindən törədilməsi göstərilən qərarla sübuta yetirilmiş və buna görə də Cavabdeh barəsində Nəsimi RPİ-nin DYPŞ YNH üzrə inspektoru Polis baş leytenantı X5 tərəfindən İnzibati xəta haqqında Protokol tərtib olunmuşdur. Beləliklə, Cavabdeh yol hərəkəti qaydalarını pozması nəticəsində İddiaçı sağlamlığına zərər vurması, iddiaçının məhkəmə iclasında verdiyi izahatı, Cavabdeh barəsində məhkəmənin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Qərarı və İnzibati xəta haqqında Protokol ilə və işin digər materialları ilə tam sübuta yetirildi. Məhkəmə həmçinin iddiaçının mənəvi ziyanın ödənilməsi barəsində iddia tələbini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər(Mülki Məcəllənin 1097.1. maddəsi). Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı qərarının 6-cı bəndinə əsasən, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. İddiaçının iztirab və sarsıntı keçirməsi işin materialları ilə təsdiq olunur. Belə ki, yuxarıda qeyd edilən hadisə baş verdikdən sonra İddiaçı səhhətində yaranan problemlərə görə uzunmüddətli müalicə alması, həmçinin İİ qrup əlil olması onun ailə vəziyyətini çətinləşdirmişdir. Hadisədən qısa müddət sonra övladına baxmaqda üzləşdiyi çətinliklər onu 19.08.2017-ci il təvəllüdlü X3 15.07.2021-cil tarixdə Bakı şəhəri, Xətai rayonu, 3 saylı uşaq evində müvəqqəti yerləşdirmək məcburiyyətində qoymuşdur. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmənin qənaətinə görə, mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etmiş olduğu mənəvi ziyan məbləği ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmiş, bununla həm də zərər məbləğinin müəyyənləşdirilməsinin meyarları təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, mənəvi təzminatın miqdarının müəyyən olunmsı mənəvi dəyərlərin maddi şəkildə kompensasiya edilməsi halında əhəmiyyət kəsb edir. Mənəvi zərərin dəqiqliklə kompensasiyası hər zaman mümkün olmadığından mənəvi təzminatda zərərin ödənilməsi əksər hallarda maddi formada (pul formasında) ödənilən kompensasiyadır. Mənəvi zərərlə bağlı yuxarıda adı çəkilən Plenum qərarında Ali Məhkəmə mənəvi zərərin ödənilməsinin yalnız pul formasında olmasında əlavə olaraq şəxsin üzərinə bəzi vəzifələr qoymaq yolu ilə (məsələn, şərəf, ləyaqət, işgüzar və sosial nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) həyata keçirilə biləcəyini qəbul etmişdir. Təzminatın ədalətə uyğun olması vacibdir. Bu səbəbdən mənəvi təzminatın miqdarı iddiaçının məruz qaldığı mənəvi zərərin son həddi ilə mütənasib olmalıdır. Xüsusilə, çox aşağı olmamalıdır. Təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, miqdarın çox yüksək olmaması da nəzərə alınmalıdır. Mənəvi zərərin əvəzinin ödənilməsində məqsəd zərərin kompensasiyası və ya zərərvuranın cəzalandırılması deyil, zərər çəkəndə məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. Zərər çəkənə mənəvi zərərin əvəzi kimi pul məbləğinin ödənilməsi halında onda məruz qaldığı mənəvi zərərin qismən və ya tamamilə aradan qaldırmağa yarayan məmnunetmə hissi yaradılmış olur. Şəxsin çəkdiyi əzabın, ağrıların, iztirabın ona kompensasasiya verilməsilə tam aradan qaldırılması mümkün deyildir. Bu halda mənəvi zərərin ödənilməsi zərər çəkəni təsəlli edən bir vasitədir. Məhkəmə hesab edir ki, maddi zərər pulla kompensasiya edilə bilər; lakin mənəvi sarsıntı və iztirab və həyat eşqinin azalması kimi mənəvi zərərlərin ödənilməsi, pulun zərər çəkənin məruz qaldığı zərəri kompensasiya etməsi barədə hüquqi fiksiyaya söykənir. Lakin pulun ağrını azaldacağını və ya zərər çəkənin qabiliyyətini bərpa edəcəyini düşünməsək də, bu fiksiyanı qəbul edirik. Məhkəmə “itirilmişi” qiymətləndirməyi ümid etməsə də, lakin mövcud şəraitdə pul kompensasiyasını təsəlli vasitəsi kimi çıxış etməsini qeyd etməyi zəruri hesab edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, İddiaçı ona mənəvi zərər dəyməsi barəsində tələbini məhkəmədə sübuta yetirdiyindən, habelə onun mənəvi ziyan dəyməsinə dair tələbi məhkəmədə işin halları və digər sübutlarla sübuta yetirildiyindən, iddia tələbi mənəvi ziyanın ödənilməsinə dair hissədə də əsaslıdır. Odur ki, iddianın mənəvi ziyanın ödənilməsinə dair hissəsi təmin edilməlidir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi labüddür və ona görə də iddiaçıya vurulmuş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 800 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı ziyan dəyməsi işin mübahisəsiz halıdır və buna görə vurulmuş maddi və mənəvi ziyanın əvəzinin iddiaçıya ödənilməsi təmin edilməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 150 (bir yüz əlli) manat məbləğində dəymiş maddi zərərin əvəzi və 800 (səkkiz yüz) manat məbləğində mənəvi zərərin əvəzi, cəmi 950 (doqquz yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 1 Poçt indeksi AZ 1116 №2(001)-682/2022 01 fevral 2022-ci il İddiaçı: İddiaçı Ünvan: Abşeron rayonu, Masazır kəndi, Duz zavodu, Massiv 2, ev 2 Cavabdeh: Cavabdeh Ünvan: ünvan 2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(001)- 682/2022 nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Hakimi: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-682/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-682/2022
25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver