Məhkəmə qərarları › İş №2(001)-6853/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6853/2021

05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6853/2021 05.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit və ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı bankın xeyrinə 5170,67 manat məbləğində əsas borcun, 18,83 mant məbləğində faiz borcunun, cəmi 5189,5 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2019-cu il tarixli nəğd pul lahiyəsi müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 1% ödəmək şərti ilə 5285 manat məbləğində kredit verilmşdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçının nümayəndəsi 04.10.2021-ci il tarixində məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2019-cu il tarixli, FR/26835/71 saylı güzəştli kredit müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh1 60 ay müddətinə, 12.09.2024-ci il tarixinədək, illik 1 % ödəmək şərtilə 5285,34 manat kredit verməyi, Cavabdeh1 isə həmin krediti qəbul etməyi, kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faiz məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. İlkin ödəniş tarixi 12 oktyabr 2019-cu il, sonuncu ödəniş tarixi 12 sentyabr 2024-cü il olaraq müəyyən edilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 12.09.2019-cu il tarixli, Z- FR/26835/71 saylı zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə görə zamin İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2019-cu il tarixli, FR/26835/71 saylı güzəştli kredit müqaviləsi üzrə kredit alanın bank qarşısında üzərinə götürdüyü öhdəliyinin icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür. 12.09.2019-cu il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh1 bank tərəfindən 150 manat, 4151,76 manat və 983,58 manat məbləğində kredit verilmişdir. İddiaçı ASC-nin 19.08.2021-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 banka 5170,67 manat əsas, 18,83 manat faiz, 0 manat cərimə borcu vardır; İddiaçı ASC tərəfindən Cavabdeh1 ünvanlanmış 02.03.2021-ci il tarixli bildirişin surətinə əsasən Cavabdeh1 12.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğini ödəməsi əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi, aralarında bağlanan müqavilənin ləğv ediləcəyi bildirilmişdir; 20.08.2021-ci tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12.09.2019-cu il tarixli, FR/26835/71 saylı güzəştli kredit müqaviləsinə və müqaviləyə 1 saylı əlavəyə əsasən bank Cavabdeh1 60 ay müddətinə, 12.09.2024-ci il tarixinədək, illik 1 % ödəmək şərtilə 5285,34 manat kredit vermişdir. Cavabdeh1 həmin məbləğdə krediti qəbul etmiş və müəyyən olunmuş müddətdə və məbləğdə kredit borcunu qaytarmağı, habelə hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında 12.09.2019-cu il tarixli, Z- FR/26835/71 saylı zaminlik müqaviləsi bağlanmış və cavabdeh – zamin Cavabdeh2 isə borc alanın kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borcalanla birgə öz üzərinə götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmişdir. Nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı ASC cavabdehin borcunun yarandığını iddia edir və həmin məbləği cavabdehlərdən müştərək qaydada tələb etməklə aralarında olan kredit müqaviləsinin ləğv edilməsini xahiş edir. İddiaçı tərəfindən dövlət rüsumu qismində 30 manat məbləğində pul ödənilmişdir, həmin məbləğ də cavabdehdən tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-i maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər ; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Göründüyü kimi, Cavabdeh1 iddiaçı ilə arasında bağlanmış kredit müqaviləsi üzrə ona verilən kredit məbləğini qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Bununla da müqavilə üzrə öhdəliyini lazimi qaydada icra etməmişdir. Borcalanın müqavilə üzrə borcunun yaranması iş materiallarında olan maliyyə arayışı ilə təsdiq olunur. Buna görə də borcalanın hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu ödəməli, digər Cavabdeh2 zamin kimi Cavabdeh1 kreditor qarşısında öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, borcalanla birlikdə kreditor qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddiada tələb olunan əsas və faiz borcuna münasibətdə qeyd edir ki, əsas və faiz borcu bank tərəfindən məhkəməyə təqdim edilən 19.08.2021-ci il tarixə olan maliyyə arayışına uyğun olaraq müəyyən edilməlidir. Belə ki, maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə 19.08.2021-ci il tarixə 5170,67 manat əsas, 18,83 manat faiz borcu vardır. Məhkəmə təqdim edilmiş maliyyə arayışına mötəbər sübut kimi qiymət verərək, tələb olunan borc məbləğinin əsaslılığına dair şübhə doğuran məqam müəyyən etməmişdir. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsi və ya rədd edilməsi üçün əsas yoxdur. Bundan başqa, məhkəmə iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcalan öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 12.09.2019-cu il tarixli, FR/26835/71 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, 12.09.2019-cu il tarixli, FR/26835/71 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borca görə 5170,67 manat, faiz borcuna görə 18,83 manat olmaqla, ümumilikdə 5189,5 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu,216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan 12.09.2019-cu il tarixli, FR/26835/71 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. 12.09.2019-cu il tarixli, FR/26835/71 saylı güzəştli kredit müqaviləsi üzrə əsas borca görə 5170,67 (beş min yüz yetmiş manat, altmış yeddi qəpik) manat, faiz borcuna görə 18,83 (on səkkiz manat, səksən üç qəpik) manat olmaqla, ümumilikdə 5189,5 (beş min yüz səksən doqquz manat, əlli qəpik) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar