Məhkəmə qərarları › İş №2(001)-6858/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6858/2025

02.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6858/2025 02.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki iş (açar sözlər: nisyə alqı-satqı müqaviləsi) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İM: I. Mülki işin mahiyyəti

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “nisyə alqı-satqı müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 2797,44 manat olan Viva Tv stend, 2 ədəd River - 1 yerli kreslo, Paris - jurnal masası, River - 3 yerli divan, 5 ədəd zəmanət 1 il xidməti üçün ilkin ödəniş etməməklə, qalan məbləği 24 ay ərzində aylıq 116,56 manat ödəmək şərti ilə kreditlə almış, vaxtında ödəniş etməməsi nəticəsində 2607,36 manat əsas, 260,74 manat cərimə borcu yaranmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, sonuncu alğı-satqı qiyməti 3453,84 manat olan İmei kod **********79524 İphone 14 pro markalı telefon, apple adapter, paket XL xidməti üçün ilkin ödəniş etməməklə, qalan məbləği 18 ay ərzində aylıq 191,88 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 2252,08 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, 225,21 manat cərimə borcu yaranmışdır. Həmçinin, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, sonuncu alğısatqı qiyməti 216 manat olan Ruya- - jurnal masası, zəmanət +2 il üçün ilkin ödəniş etməməklə, qalan məbləği 24 ay ərzində aylıq 9 manat ödəmək şərti ilə kreditlə almış, həmin müqavilə üzrə də vaxtında ödəniş etmədiyindən 237,6 manat əsas, 21,6 manat cərimə borcu yaranmışdır. Cavabdehin üç müqavilə üzrə cəmi ödədiyi məbləğ 1201,76 manat təşkil edir. "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2607,36 manat əsas, 260,74 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2252,08 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23,6 manat, 225,21 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 237,6 manat əsas, 21,6 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 636 manat əsas, 190,8 manat cərimə borcu olmaqla, dörd müqavilə üzrə ümumilikdə 5091,16 manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 76,07 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İİ. Tərəflərin mövqeləri:

Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1verdiyi ihatında bildirdi ki, iddia tələbi əsaslı və qanunidir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi elektron kabinetdən ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasıa iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək verdiyi izahatında bildirdi ki, iddia tələbini əsas borc hissəsində qəbul edir, lakin cərimə borcu hissəsi ilə razı deyil.

İİİ. İşin faktiki halları:

İş materiallarına əlavə olunmuş:

- xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh alğı-satqı qiyməti 2797,44 manat olan Viva Tv stend, 2 ədəd River - 1 yerli kreslo, Paris - jurnal masası, River - 3 yerli divan, 5 ədəd zəmanət 1 il xidməti üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay ərzində aylıq 116,56 manat ödəmək şərti ilə kreditlə almışdır. - Müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə Viva Tv stend, 2 ədəd River - 1 yerli kreslo, Paris - jurnal masası, River - 3 yerli divan, 5 ədəd zəmanət 1 il xidməti tam qüsursuz halda təhvil almışdır. - xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 3453,84 manat olan İmei kod **********79524 İphone 14 pro markalı telefon, apple adapter, paket XL xidməti üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 18 ay ərzində aylıq 191,88 manat ödəmək şərti ilə kreditlə almışdır. - Müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə İmei kod **********79524 İphone 14 pro markalı telefon, apple adapter, paket XL xidməti tam qüsursuz halda təhvil almışdır. - xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, sonuncu alğı-satqı qiyməti 216 manat olan Ruya- - jurnal masası, zəmanət +2 il üçün 0 manat ilkin ödəniş etməklə, qalan məbləği 24 ay ərzində aylıq 9 manat ödəmək şərti ilə kreditlə almışdır. - Müqaviləyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən, cavabdeh müqavilə üzrə Ruya- - jurnal masası, zəmanət +2 il markalı telefon tam qüsursuz halda təhvil almışdır. - Müqavilələrin 2-ci bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. - xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh alqı-satqı müqavilələri üzrə həmin tarixə ümumilikdə hər üç müqavilə üzrə 5606,58 manat borcu vardır. - "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, cavabdehin alğı-satqı müqavilələri üzrə yaranmış borcu 3 iş günü müddətində ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.

İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi:

Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası , müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4 və 600.5-ci maddələrinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında nisyə alğı-satqı müqaviləsi bağlanmaqla həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyini, nəticədə onların həmin müqavilələr üzrə iddiaçıya bоrcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən göstərilən borc tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən hesablanmış cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilələri üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulunun miqdarı azaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2607,36 manat əsas, 130 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2252,08 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 110 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 216 manat əsas, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 5354,04 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

V. Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİM:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2607,36 manat əsas, 130 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2252,08 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23,6 manat, 110 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 216 manat əsas, 15 manat cərimə borcu olmaqla, ümumilikdə 5354,04 (beş min üç yüz əlli dörd manat dörd qəpik) manat və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar