Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6861/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cəmi — 1042,70 manat - bundan 654,60 manat əsas, 78,41 manat faiz, 284,31 manat cərimə, kredit muqavilasi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cu il tarixli Plenum qərarına əsasən hesablanmış 25,38 manat faiz borcu və iş üzrə ödənilmiş 20,40 manat dovlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "AGBank" X1 ilə Cavabdeh arasında bağlanmış 17.06.2015-ci il tarixli, 100.LN.1016.170615.00002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 26 % ödənilmək şərti ilə 3200 manat məbləğində kredit verilmişdir. 04.05.2016-cı il tarixdə 100.LN.1016.170615.00002 saylı kredit müqaviləsinə əlavə razılıq №1 bağlanaraq kreditin ödəniş müddəti uzadılmışdır. 23.08.2017-ci il tarixdə 100.LN.1016.170615.00002 saylı kredit müqaviləsi üzrə 2 saylı razılaşma bağlanaraq kreditin faiz dərəcəsi 28 % faizə artırılmışdır. 26.07.2019-cu il tarixdə 100.LN.1016.170.615.00002 saylı kredit müqaviləsinə əlavə razılıq bağlanmışdır. Kredit müqaviləsinin 4-cü bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********345 saylı 04.06.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. 03.06.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 1042,70 manat təşkil edir. Bundan 654,60 manat əsas, 78,41 manat faiz, 284,31 manat cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 25,38 manat faiz borcu təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.4-cü maddəsinə əsasən tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. İddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edilmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Belə ki, iş materiallarında olan: Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 100.LN.1016.00002 saylı kredit müqaviləsindən və 1 saylı əlavədən görünür ki, bank borcalana 36 ay müddətinə, aylıq ödəniş məbləği 128,93 manat olmaqla, illik faiz dərəcəsi 26 % faiz dərəcəsi ilə 3200 manat məbləğində kredit verməyi, borcalan isə həmin kreditdən istifadə etməyi və müqavilədə nəzərdə tutulan müddətdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürür. İlkin ödəniş tarixi 17.07.2015-ci il, sonuncu ödəniş tarixi isə 17.06.2018ci il olaraq müəyyən edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 100.LN.1016.00002 saylı kredit müqaviləsinə əlavə olan №1 saylı 04.05.2016-cı il tarixli əlavə razılıqdan görünür ki, bu əlavə razılığın şərtlərinə əsasən 17 iyun 2015-ci il tarixli, 100.LN.1016.00002 saylı kredit müqaviləsinə uyğun borcalana ayrılmış kredit məbləği restrukturizasiya edilmiş bununla ümumi kredit məbləği 2806, 85 manat müəyyən edilmişdir. Razılaşmanın 1.3-cü bəndinə əsasən ilkin ödəniş tarixi 17.05.2016-cı il sonuncu ödəniş tarixi isə 15.11.2019-cu il müəyyən edilmişdir. Razılıq əsasında verilmiş ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş 101.07 manat müəyyən edilmiş, illik faiz dərəcəsi 26 % olmaqla saxlanılmışdır. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli, 100.LN.1016.00002 saylı kredit müqaviləsinə əlavə olan №2 saylı 23.08.2017-cı il tarixli əlavə razılıqdan görünür ki, bu əlavə razılığın şərtlərinə əsasən 17 iyun 2015-ci il tarixli, 100.LN.1016.00002 saylı kredit müqaviləsinə uyğun borcalana ayrılmış kredit məbləği restrukturizasiya edilmiş bununla ümumi kredit məbləği 3355,73 manat müəyyən edilmişdir. Razılaşmanın 1.3-cü bəndinə əsasən borcalan kreditora illik 28 % dərəcəsi ilə faiz ödəyir. Razılaşmanın 1.8-ci bəndinə əsasən 17 iyun 2015-ci il tarixli, 100.LN.1016.00002 saylı kredit müqaviləsini müddəti 21.08.2020-ci il tarixədək uzadılmışdır. Razılıq əsasında verilmiş ödəniş cədvəlindən görünür ki, aylıq ödəniş 138,81 manat müəyyən edilmiş, illik faiz dərəcəsi 28 % müəyyən edilmişdir. 26.07.2019-cu il tarixli №3 saylı əlavə razılıqdan görünür ki, 17 iyun 2015-ci il tarixli, 100.LN.1016.00002 saylı kredit müqaviləsinə edilmiş 4 saylı əlavə ilə 1-ci ödəniş tarixi 28.08.2019-cu il sonuncu ödəniş tarixi isə 21.08.2020-ci ildən gec olmayaraq müəyyən edilmişdir. Aylıq ödəniş məbləği ilk ay 144,85 manat sonuncu ay isə 139,50 manat nəzərdə tutulmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən borclu Cavabdeh ünvanlanan **********345 saylı, 04.06.2021-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə borcunun ödənilməsi təklif edilmiş, əks təqdirdə kredit müqaviləsinin ləğv ediləcəyi və iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir; Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilən 11 iyun 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03 iyun 2021-ci il tarixinə Cavabdehnın banka 654,60 manat əsas, 78,41 manat faiz borcu, 284,31 manat cərimə borcu olmaqla, cəmi 1042,70 manat borcu vardır. İddiaçı Binəqədi Rayon Məhkəməsində iddianın qaldırılması üçün 19.08.2021-ci il tarixdə 30 manat məbləğində dövlət rüsumunu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 100.LN.1016.00002 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 26 % olmaqla, 3200 manat məbləğində kredit verilmişdir. Cavabdeh Bankdan kredit məbləğini qəbul etmiş və həmin kredit müqaviləsi üzrə əsas, faiz və şərtləri pozduğu halda cərimə borcunun ödənilməsini həyata keçirməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materiallarından göründüyü kimi, Cavabdeh tərəflər arasında bağlanmış müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 17 iyun 2015-ci il tarixli 100.LN.1016.00002 saylı kredit kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 654,60 manat, faiz borcu üzrə 78,41 manat, 284,31 manat cərimə olmaqla, cəmi 1042,70 manat pul vəsaiti və 30(iddia tələbində 20.4 manat qeyd edilməsinə baxmayaraq) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 17 iyun 2015-ci il tarixli 100.LN.1016.00002 saylı kredit kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 654,60 (altı yüz əlli dörd manat altmış qəpik) manat, faiz borcuna görə 78,41 (yetmiş səkkiz manat qırx bir qəpik) manat, cərimə borcuna görə 284.31(iki yüz səksən dörd manat otuz bir qəpik) manat, əldən çıxmış faydaya görə 25.38 (iyirmi beş manat otuz səkkiz qəpik) olmaqla, cəmi 1042,70 (bir min qırx iki manat yetmiş qəpik) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6861/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6861/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver