Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6940/2021 29.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alğı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/417/19-V saylı, 13 noyabr 2019-cu il tarixli Nisyə alğı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 2106,98 manat və dəbbə pulu 920,79 manat olmaqla, cəmi 3027,77 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 13 noyabr 2019-cu il tarixdə 01/417/19-V saylı Nisyə alğı-satqı müqaviləsi (bundan sonra “Müqavilə”) bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 2344,67 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı Van Vard markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra “Əmlak”) cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 2106,98 manat, dəbbə pulu 920,79 manat olmaqla, cəmi 3027,77 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 555 gün müddətində gecikdirilib və beləliklə müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 13 noyabr 2019-cu il tarixli 01/417/19-V-/1 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alğı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçının nümayəndəsi (baş direktoru / qanuni təmsilçisi) məhkəməyə ünvanladığı ərizə ilə, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Lakin 09 sentyabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etdiyini, maddi imkanı ilə əlaqədar ödənişlər edə bilmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halına görə, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2019-cu il tarixdə 01/417/19-V saylı Nisyə alğı-satqı müqaviləsinə əsasən iddiaçı qiyməti 2344,67 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı divardan asılan məişət qaz qazanını ləvazimatları ilə birlikdə, 13.12.2019-cu il tarixdən 13.11.2021ci il tarixədək (24 ay müddətinə) hər təqvim ayının 13-ü hər ay üçün 97,69 manat olmaqla bərabər hissələrlə ödəməsi şərti ilə cavabdehə sataraq təhvil vermişdir (müqavilənin 1.1ci, 1.3-cü, 3.2-ci və bəndlərinə, o cümlədən müqavilənin ayrılmaz hissəsi olan 1, 2 və 3 saylı əlavələrinə əsasən). İş materiallarından aydın olur ki, həmin tarixdə İddiaçı MMC” ilə Cavabdeh2 (zamin) arasında 01/417/19-V-/1 saylı zaminlik müqaviləsi də bağlanmış, müqaviləyə əsasən zamin qismində çıxış edən Cavabdeh2, Cavabdeh1 İddiaçı MMC qarşısındakı öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür; müqavilənin 2.1.1-ci bəndinə əsasən zamin, 13 noyabr 2019-cu il tarixdə 01/417/19-V saylı Nisyə alğı-satqı müqaviləsinin şərtlərinin ona məlum olduğunu bəyan etmişdir. İş materiallarında olan İddiaçı MMC-nin 29.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 13 noyabr 2019-cu il tarixdə 01/417/19-V saylı Nisyə alğı-satqı müqaviləsi üzrə qalan borcu 2106,98 manat, dəbbə pulu üzrə borcu isə 920,79 manat olmaqla cəmi borcu 3027,77 manat təşkil edir. İş materiallarından aydın olur ki, iddiaçı cavabdehlərə xəbərdarlıqlar göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə görə, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh1 13 noyabr 2019-cu il tarixdə 01/417/19-V saylı Nisyə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda, bunu etməmişdir. Digər Cavabdeh2 isə iddiaçı ilə bağladığı eyni tarixli, 01/417/19-V-/1 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 həmin nisyə alğısatqı müqaviləsindən irəli gələn öhdəliyinin tamamilə icra edilməsi üçün iddiaçı qarşısında məsuliyyəti öz üzərinə götürmüşdür və bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh1 ilə yanaşı, digər Cavabdeh2 da həmin müqavilə üzrə borcun tutulmasını (əşyanın ödənilməsini) tələb etməkdə haqlı olmuşdur. Bu mənada məhkəmə hesab edir ki, cavabdehlərdən 13 noyabr 2019-cu il tarixdə 01/417/19-V saylı Nisyə alğı-satqı müqaviləsi üzrə qalan borca görə 2106,98 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borc üzrə 920,79 manat məbləğində cərimənin hesablanması isə ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, hesablanmış cərimə məbləğinin 100 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 3 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1dan və Cavabdeh2 13 noyabr 2019-cu il tarixli, 01/417/19- V saylı Nisyə alğı-satqı müqaviləsinə əsasən əşyanın ödənilməmiş dəyəri üzrə 2106,98 (iki min yüz altı manat 98 qəpik) manat və dəbbə pulu üzrə 100(yüz) manat olmaqla, cəmi 2.206,98(iki min iki yüz altı manat 98 qəpik) manat məbləğində borcun və 27 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-6940/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6940/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver