Məhkəmə qərarları › İş №2(001)-6956/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6956/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6956/2023 12.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, X2 katibliyi, İddiaçının nümayəndəsi (anası) X3, Cavabdehin nümayəndəsi (anası) X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə 12 dekabr 2023cü il tarixdə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından olan 02 avqust 2012-ci il təvəllüdlü X7 adlı uşağın saxlanması üçün müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, qızı ilə cavabdeh 2011-ci ildə el adəti ilə toy etməklə ailə qurmuşlar. Birgə nikahlarından bir uşaqları vardır. Sonradan 30 sentyabr 2015-ci il tarixdə aralarındakı nikah pozulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 27 may 2021-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən uşağın saxlanması üçün iddiaçının xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Həmin vaxtdan 3 ildən çox keçmiş, hazırki dövrdə istehlak mallarının qiyməti, eləcə də ölkə üzrə yaşayış minimumunun həddi artmışdır. 175 manat miqdarda alimentlə uşağın xərclərinin qarşılanması mümkün olmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Sonda S.N.Zeynalova məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini bildirərək, izahatında göstərdi ki, oğlu sürücü işləyir, alimenti ödəməkdə çətinlik çəkir. Bundan əlavə, oğlu aliment ödəməyinə baxmayaraq, iddiaçı onu öz uşağı ilə görüşməyinə maneçilik törədir, baxmayaraq ki, buna dair də qətnamə mövcuddur. Sonda M.Ə.Qafarova məhkəmədən göstərilənləri nəzərə alıb, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)-4822/2021 saylı qətnaməsinə əsasən, 02 avqust 2012-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, mülki iş materiallarını tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, alimentin miqdarının artırılması üçün Ailə Məcəlləsinin 112.1-ci maddəsində müəyyən olunmuş əsas mövcuddur. Hazırkı dövrdə istehlak mallarının əldə edilməsi üçün çəkilməli olan xərclərin miqdarı, habelə uşaqların həyati əhəmiyyətli digər ehtiyaclarının ödənilməsi üçün çəkilməli olan xərclərin miqdarı əvvəlki ildəki müvafiq xərclərin miqdarından fərqlənir. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də böyüyür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsində qeyd olunmuşdur ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, yaşını, normal, yəni qida rasionalarına uyğun qidalanmasını, geyimi, təhsili və s. ilə bağlı xərclərin mövcudluğunu nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün sabit pul məbləğində tutulmalı olan alimentin məbləği 220 manat müəyyən edilməli, bu məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı tarixdən aparılmalı, qətnamə dərhal icra edilməlidir. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli, 8-2\2016 saylı Qərarının 8-ci maddəsinin 12-ci bəndində göstərilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Lakin, nəzərə alınmalıdır ki, həmin qərar qəbul edilən zaman alimentin tutulması ilə bağlı məhkəmə aktları Mülki Prosessual Məcəllənin 234-cü maddəsinin tələblərinə uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin maddəyə 20 dekabr 2016-cı il tarixdə edilmiş dəyişikliyə əsasən, alimentin alınması barədə qətnamələrin dərhal icra olunması təsbit edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən məhkəmələrə verilən alimentin verilməsi barədə iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının MPM-nin 112.1 və 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia qismən təmin edildiyinə və 1 illik ödəmənin məcmusu (əvvəli alimentin məbləği ilə hazırki qətnamə ilə müəyyən edilmiş məbləğ arasındakı fərq – 45 manat) 540 manat olduğuna (45 manat x 12 ay) və iddia təmin olunduğuna görə məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, habelə, mediasiya xərcinin əvəzi kimi 50 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2021-ci il tarixli, 2(103)-4822/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməklə 02 avqust 2012-ci il təvəllüdlü X5 18 yaşa çatanadək saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və həmin məbləğdə alimentin tutulması qətnamə çıxarıldığı 12 dekabr 2023-cü il tarixdən hesablansın. 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə, 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamənin alimentin tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar