Məhkəmə qərarları › İş №2(001)-7014/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7014/2021

01.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7014/2021 01.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinin pəncərəsinin önündə tikilmiş səddin, yaradılmış maneənin aradan qaldırılmasına dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinin pəncərəsinin önündə tikilmiş səddin, yaradılmış maneənin aradan qaldırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 10-cu sıra, 46 saylı ev 1969-cu ildən onun atası İddiaçı1 qanuni istifadə və sahibliyindədir. Həmin ildən etibarən onlar hər il yaşayış evinə dair bütün vergiləri və kommunal ödənişləri ödəyirlər. O, atası ilə birlikdə həmin evdə yaşayır. Torpağın ayrılmasına, evə dair hüquq müəyyənedici sənədləri, evin işa edilməsinə icazə verilməsinə dair sənələri yoxdur. Yaşayış evinin şəraitinin yaxşılaşdırılması məqsədilə 2021-ci ilin aprel ayında onlar təmir işləri görmək və evin ikinci mərtəbəsində pəncərə quraşdırmaq qərarına gəlmişlər. Belə ki, pəncərə açmaq istədikləri otaqda pəncərənin olmaması səbəbindən həmin otağın nə işıqlanması, nə də ki, havalanması mümkün deyildi. Onlar həmin pəncərənin açılması ilə bağlı qonşuları D.M.Şəfıyevaya müraciət edərək el adətinə uyğun olaraq xeyirdua almışlar. Cavabdeh ilkin olaraq buna razı olsa da, lakin sonradan onlara maneələr yaratmışdır. Belə ki, cavabdeh onların tikib quraşdırdığı pəncərənin önündə sədd tikməklə onların yaşayış sahəsinə maneəçilik yaradır. Ona görə də, Cavabdeh tərəfindən yaşayış sahəsinin pəncərəsinin önündə tikilmiş səddin, yaradılmış maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı1 İddiaçı2 izahatı ilə eyni məzmunlu izahat verib iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyib izahatında göstərmişdir ki,iddia tələbi tamamilə əsassızdır. Belə ki, o, Binəqədi Rayon Məhkəməsində cavabdeh İddiaçı2 qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavbdeh İddiaçı2 tərəfindən ona məxsus evin damına açılan pəncərələrin cavabdeh İddiaçı2 öz hesabına bağlanması və yağış suyunun axıdılması nəticəsində ona dəymiş 10000 manat pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdeh İddiaçı2 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin 2(001)-501/2021 saylı 29.07.2021-ci il tarixli qərardadı ilə aralarında barışıq əldə olunduğundan onun iddia ərizəsi əlavə edilmiş sənədlərlə geri qaytarılmaqla baxılmamış saxlanılmışdır. Həmin barışığa əsasən İddiaçı2 pəncərələri quraşdıracağını və onun pəncərənin qarşısında divarın hörülməsinə etiraz etməyəcəyini bildirmiş və bununla bağlı İddiaçı2 tərəfindən 29.07.2021-ci il tarixdə ərizə yazılmışdır. Razılıq nəticəsində cavabdeh pəncərələri quraşdırmış, o, isə özünə məxsus divarı hörmüşdür. Belə ki, iddaçı İddiaçı2 ondan icazə almadan özbaşına onun evinin üzərinə iki böyük pəncərə açmışdır. O, iddiaçıya pəncənin bağlamasını bildirsə də, iddiaçı onun sözünə məhəl qoymayaraq ustaları işlətməyə başlamış və iki böyük pəncərə açmışdır. O, iddiaçılara pəncərə açmağa heç vaxt icazə verməmiş, məcbur qalıb aidiyyəti orqanlara müraciət edəndən sonra pəncərənin açılmasına dair tikili yarımçıq saxlanılmışdır. İddiaçılara məxsus evin sol hissəsində boş sahə vardır və iddiaçılar pəncərəni o hissədən özləri üçün açmışlar. Lakin sonradan həmin pəncərələr bağlanmış, onun damının üstünə pəncərə açılmışdır. O, məhkəməyə müraciət etdikdən sonra onlar mübahisəni aralarında həll etsələr də, iddiaçılar yenidən məhkəməyə müraciət etməklə onun həyətinə pəncərələrin mövcud vəziyyətdə qalmasını istəyirlər. İddiaçıların yaşadıqları evə dair çıxarışları və texniki paportları yoxdur. İddiaçılar heç bir icazə almadan ikinci mərtəbəni inşa etmiş, onların yaşadıqları ev özbaşına tikilidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi, 71-ci maddəsinin İ hissəsi və 127-ci maddəsinin İİ hissəsi). Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsi Z.A. Qafarovun 061-062 saylı 03.06.2021-ci il tarixli arayışlarından müəyyən olunur ki, İddiaçı1 və İddiaçı2 qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri M.Ə. Rəsulzadə qəsəbəsi sıra 10 küçəsi 46 saylı ev özbaşına tikilidir. İddiaçı2 29.07.2021-ci il tarixli ərizəsinin surətindən müəyyən olunur ki, ona qarşı Cavabdeh tərəfindən pəncərənin bağlanmasına, vurulmuş maddi ziyanın ödənilməsinə dair mülki iş üzrə barışıq əldə edildiyindən o, işin baxılmamış saxlanmasını xahiş etmiş, barışığa əsasən o, pəncərələri quraşdırır, pəncərənin qarşısında divarın hörülməsinə etiraz etmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli 2(001)-5021\2021 saylı qərardadından müəyyən olunur ki, iddiaçı Cavabdeh İddiaçı2 qarşı pəncərə boşluğunun bağlanmasına və vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmaqla baxılmamış saxlanmışdır. Qərardaddan müəyyən olunur ki, məhkəmə iclasında cavabdeh İddiaçı2 iddiaçı ilə aralarında barışığın əldə edildiyini, barışığa uyğun olaraq o, pəncərələri quraşdıracağını və iddiaçının həmin pəncərənin qarşısında divarın hörülməsinə etiraz etməyəcəyini bildirmişdir. Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Z.A.Qafarovun 05.10.2021-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh müraciəti əsasında yaşadığı evə mütəxəssislər tərəfindən baxış keçirilərək Sıra 10 ev 46A ünvanında yerləşən fərdi yaşayış evinin dam örtüyünün yarasız vəziyyətdə olması müəyyən edilərək evin dam örtüyünün dəyişdirilərək yenisi ilə əvəz olunmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İddiaçılar yaşadıqları evin onların qanuni istifadə və sahibliklərində olmalarını iddia etsələr də, məhkəmə araşdırması zamanı onların yaşadıqları evin özbaşına tikili olması, evə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərinin olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı2 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmin məhkəmə prosesində tərəfləri arasında olan razılaşmaya əsasən İddiaçı2 yaşadığı özbaşına tikilidə pəncərələrin açılması şərti ilə Cavabdeh həmin pəncərənin qarşısında divar tikməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1.-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2.-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, iddiaçıların yaşadıqları özbaşına tikiliyə hüquqları yaranmadığından, mövcud olmayan hüququn pozulması mümkün olmadığından, tikinti norma və qaydalarına əməl etmədən inşa edilən özbaşına tikili ilə bağlı iddiaçılar cavabdehə qarşı iddia tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik omadıqlarından, zəbt olunan torpaq sahəsinə dair hər hansı bir vergiləri ödəmək, özbaşına tikilidə istifadə edilən kommunal xidmət haqqlarını ödəmək iddiaçıların həmin tikiliyə və torpaq sahəsinə hüquqlarının yaranması, müdafiə olunması üçün əsas olmadığından məhkəmə iddia tələblərinin təmin edilməsini qeyri-mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı yaşayış sahəsinin pəncərəsinin önündə tikilmiş səddin, yaradılmış maneənin aradan qaldırılmasına dair iddia ərizələri təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar