Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7035/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4235/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 235 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4235/2018 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay 160 manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2024-cü il üçün hər uşağın aylıq saxlanc xərci 235 manat müəyyən edilmişdir. Alimentin artırılması üçün Bakı 3 saylı Mediasiya Təşkilatına müraciət etmişdir, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. xx.xx.2024-cü il tarixdə cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, başqa nikahdan olan uşaq üçün də əmək haqqının ¼ hissəsində yəni 186 manat məbləğində aliment ödəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ərizədə qeyd etdiyi məzmunda izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİİ 240724 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4235/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2012-ci il tarixdə bağlanmış və həmin tarixdə Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən akt qeydləri kitabında 789 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçı Cavabdeh hər ay 160 manat olmaqla sabit pul məbləğində alimentin tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. AZ-İ 325443 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikaha xx.xx.2018-ci il tarixdə xitam verilmişdir. Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mübahisə üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş və bunun üçün 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-943/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay qazancının ¼ hissəsinin miqdarında alimentin tutularaq iddiaçı X1 verilməsi qət edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Nuriyev X4 Hallar Nazirliyində qəbulçu vəzifəsində çalışmaqla 913 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “İzotop” Xüsusi Kombinatının xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ondan ötrü ki, o həqiqətən Fövqəladə Hallar Nazirliyi “İzotop” Xüsusi Kombinatının Radioaktiv tullantıların toplanması, daşınması, yenidən işlənməsi, saxlanması, basdırılması mərkəzinin Toplanması, yenidən işlənməsi və saxlanması blokunun radioaktiv şüalanma mənbələrinin qəbulçusu vəzifəsində xx.xx.2018-ci il tarixdən (Əmr № 0785/ş) bu günə kimi işləyir və onun ələçatan əmək haqqı 745,40 AZN təşkil edir. Həmin məbləğdən X7 adına 160,00 AZN, X2 adına əmək haqqının dörddə biri olmaq şərtilə 186,35 AZN aliment şəklində çıxılır. Aliment çıxıldıqdan sonra Cavabdeh kartına 399,05 AZN köçürülür. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin nikahı pozulmuş, birgə nikahdan doğulmuş uşaq iddiaçının himayəsində saxlanmış və onun saxlanması üçün 160 manat məbləğində cavabdehdən aliment tutulmuşdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay uşağın saxlanılması üçün 160 manat sabit pul məbləğində alimentin tutulması haqqında Suraxanı Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 6 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-4235/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin hazırda başqa nikahdan olan uşağın saxlanması üçün də aliment ödəməsi Səfurə adlı qızının əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasına maneə olmamalıdır. Əks halda, hazırda saxlanılması üçün aliment tələb edilən uşağın marağının əhəmiyyətli dərəcədə pozulması və onun əvvəlki təminatının səviyyəsinin təmin edilməməsi ilə nəticələnmiş olar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 4235/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin miqdarda aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7035/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7035/2024
04.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver