Məhkəmə qərarları › İş №2(001)-7037/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7037/2022

19.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7037/2022 19.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə İddiaçı ABC Telecom MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ABC Telecom MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh iddiaçı ABC Telecom MMC ilə bağladığı xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-cı il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən Zeta-yumşaq-künc mebel, X1 televizor, Lg paltaryuyan, Xiomi Redmi 9C markalı telefon, Nokia 1.3 markalı telefon, Honor 8A Prime markalı telefon, Blackview A80 markalı telefon, 2 ədəd Samsung Galaxy A10S markalı telefon, 2 ədəd Hoffman X Go markalı telefon, 4 ədəd aksesuar almış və öhdəliyini icra etmədiyindən 3928 manat borcu yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 2167,5 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-cı il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, cavabdehin üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ona görə də Zeta-yumşaq-künc mebel üçün 1257 manat ödənilməmiş hissə 125 manat cərimə, Xiaomi Mİ Led televizoru üçün 682 manat ödənilməmiş hissə, 68 manat cərimə, Lg paltaryuyan üçün 475 manat ödənilməmiş hissə 47 manat cərimə, Xiaomi Redmi 9C markalı telefon üçün 355 manat ödənilməmiş hissə, 35 manat cərimə, Nokia 1.3 markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 28 manat cərimə, Honor 8A prime markalı telefon üçün 226 manat ödənilməmiş hissə 22 manat cərimə, Blackview A80 markalı telefon üçün 152 manat ödənilməmiş hissə, 15 manat cərimə, 2 ədəd Samsung Galaxy A10s markalı telefon üçün 114 manat ödənilməmiş hissə, 11 manat cərimə, 2 ədəd Hoffman X Go markalı telefon, 4 ədəd aksesuar üçün 26 manat ödənilməmiş hissə, 2 manat cərimə borcu olmaqla ümumilikdə 3928 manat borc və 59,28 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh ABC Telecom MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. (MM-nin 567-ci mad.) Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və Mülki Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. (MM-nin 600.1., 600.5.-ci mad.) ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 20302167 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 327,6 manat olan 2 ədəd Hoffmann X Go markalı telefonu, 4 ədəd aksesuarı hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21006676 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1069,2 manat olan Lg paltaryuyanı hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 21181979 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 1776 manat olan Zetayumşaq-künc-sol-süngərli mebeli hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22039036 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 288 manat olan Blackwiew A80 markalı telefonu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 22157694 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 457,20 manat olan Xiomi Redmi 9 C markalı telefonu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22303928 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 357,50 manat olan Samsung Galaxy A10s markalı telefonu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMCdən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22467548 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 288 manat olan Nokia 1.3 markalı telefonu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23082537 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 439,80 manat olan Honor 8A Prime markalı telefonu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23082575 saylı müqavilədən müəyyən olunur ki, Cavabdeh qiyməti 739,20 manat olan X1 markalı telefonu hissə-hissə ödəmək şərti ilə ABC Telecom MMC-dən almışdır. Müqaviləyə əlavənin 2-ci bəndindən müəyyən olunur ki, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəməlidir. ABC Telecom MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, satıcı alıcıya borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. ABC Telecom MMC-nin xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, borclu Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 1257 manat, cəriməyə görə 125 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 682 manat, cəriməyə görə 68 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 475 manat, cəriməyə görə 47 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 355 manat, cəriməyə görə 35 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 288 manat, cəriməyə görə 28 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 226 manat, cəriməyə görə 22 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 152 manat, cəriməyə görə 15 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 114 manat, cəriməyə görə 11 manat, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 26 manat, cəriməyə görə 2 manat olmaqla cəmi əsas borca görə 3575 manat, cəriməyə görə 353 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı müqavilələrdən irəli gələn öhdəliklərini icra etmədiyindən iddiaçıya xx.xx.2020-ci il tarixli 20302167 saylı müqaviləyə əsasən əsas borca görə 26 manat, xx.xx.2020-ci il tarixli 21006676 saylı müqaviləyə əsasən əsas borca görə 475 manat, xx.xx.2020-ci il tarixli 21181979 saylı müqaviləyə əsasən əsas borca görə 1257 manat, xx.xx.2020-ci il tarixli 22039036 saylı müqaviləyə əsasən əsas borca görə 152 manat, xx.xx.2020-ci il tarixli 22157694 saylı müqaviləyə əsasən əsas borca görə 355 manat, xx.xx.2021-ci il tarixli 22303928 saylı müqaviləyə əsasən əsas borca görə 114 manat, xx.xx.2021-ci il tarixli 22467548 saylı müqaviləyə əsasən əsas borca görə 288 manat, xx.xx.2021-ci il tarixli 23082537 saylı müqaviləyə əsasən əsas borca görə 682 manat, xx.xx.2021-ci il tarixli 23082537 saylı müqaviləyə əsasən əsas borca görə 226 manat borcu yaranmışdır. Ona görə məhkəmə iddiaçının müqavilələr üzrə əsas borc tələbini əsaslı hesab edib təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, iddiaçı bağladığı müqavilənin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən, xx.xx.2020-ci il tarixli 20302167 saylı müqaviləyə əsasən cəriməyə görə 1 manat, xx.xx.2020-ci il tarixli 21006676 saylı müqaviləyə əsasən cəriməyə görə 15 manat, xx.xx.2020-ci il tarixli 21181979 saylı müqaviləyə əsasən cəriməyə görə 30 manat, xx.xx.2020-ci il tarixli 22039036 saylı müqaviləyə əsasən cəriməyə görə 5 manat, xx.xx.2020-ci il tarixli 22157694 saylı müqaviləyə əsasən cəriməyə görə 10 manat, xx.xx.2021-ci il tarixli 22303928 saylı müqaviləyə əsasən cəriməyə görə 5 manat, xx.xx.2021-ci il tarixli 22467548 saylı müqaviləyə əsasən cəriməyə görə 10 manat, xx.xx.2021-ci il tarixli 23082537 saylı müqaviləyə əsasən cəriməyə görə 20 manat, xx.xx.2021-ci il tarixli 23082537 saylı müqaviləyə əsasən cəriməyə görə 10 manat tutulmalı iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli 20302167 saylı müqaviləyə əsasən əsas borca görə 26 manat, cəriməyə görə 1 manat, xx.xx.2020-ci il tarixli 21006676 saylı müqaviləyə əsasən əsas borca görə 475 manat, cəriməyə görə 15 manat, xx.xx.2020-ci il tarixli 21181979 saylı müqaviləyə əsasən əsas borca görə 1257 manat, cəriməyə görə 30 manat, xx.xx.2020-ci il tarixli 22039036 saylı müqaviləyə əsasən əsas borca görə 152 manat, cəriməyə görə 5 manat, xx.xx.2020-ci il tarixli 22157694 saylı müqaviləyə əsasən əsas borca görə 355 manat, cəriməyə görə 10 manat, xx.xx.2021-ci il tarixli 22303928 saylı müqaviləyə əsasən əsas borca görə 114 manat, cəriməyə görə 5 manat, xx.xx.2021ci il tarixli 22467548 saylı müqaviləyə əsasən əsas borca görə 288 manat, cəriməyə görə 10 manat, xx.xx.2021-ci il tarixli 23082537 saylı müqaviləyə əsasən əsas borca görə 682 manat, cəriməyə görə 20 manat, xx.xx.2021-ci il tarixli 23082537 saylı müqaviləyə əsasən əsas borca görə 226 manat, cəriməyə görə 10 manat, dövlət rüsumuna görə 59,28 manat olmaqla cəmi 3740,28 manat ABC Telecom MMC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar