Məhkəmə qərarları › İş №2(001)-7118/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7118/2020

10.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7118/2020 10.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin Cavabdeh qarşı torpaqayırma qərarının və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi Cavabdeh qarşı torpaqayırma qərarının və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bələdiyyənin cavabdehin adına verdiyi xx xxxxxx 2004-cü il tarixli, 567 saylı qərarının ləğv edilməsi və bu qərara əsasən cavabdehlə bağlanmış xx xxxxxx 2004-cü il tarixli, 04/164 saylı uzunmüddətli torpaq icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin portalından əldə edilmiş çıxarışlardan görünür ki, cavabdehin rəsmi qeydə alındığı ünvanı ünvan 1 19-dur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Bundan əlavə, iddia ərizəsinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd (tərəflər arasında bağlanmış müqavilə üzrə buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlığın, habelə müqavilənin ləğv edilməsi ilə bağlı təklifin cavabdehə göndərilməsi) də əlavə edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 3-cü bəndinə əsasən bu maddənin 1-ci bəndinin 7ci abzasında (torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə) nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir). Həmin Məcəllənin 75-ci maddəsinin 3-cü bəndinə əsasən bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 2.14-cü bəndində də qeyd edilmişdir ki, tərəflərdən hər hansı biri bu müqavilədə göstərilmiş öhdəlikləri pozduqda o biri tərəf rəsmi olaraq qaydaları pozmuş tərəfə faktlar haqqında məlumat verir. Pozulmuş qaydalar 60 gün müddətində düzəlməzsə, mövcud qanunlar əsasında müvafiq orqanlar və məhkəmə qarşısında iddia qaldırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah edilməlidir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra o, təkrarən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin Cavabdeh qarşı torpaqayırma qərarının və icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, o, qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə təkrarən cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar