Məhkəmə qərarları › İş №2(001)-7149/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7149/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7149/2021 19.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Bank of Baku ASC-nin Cavabdeh qarşı müqavilənin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Bank of Baku ASC Cavabdeh qarşı müqavilənin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Bank of Baku ASC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh ilə Bank of Baku ASC arasında bağlanmış 02.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank cavabdehə 60 ay müddətinə qaytarmaq, illik 1% olmaqla 5733,16 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəməyə müraciət etdikdən sonra cavabdeh ödənişlər etmiş, hazırda banka olan borcu əsas borca görə 5597,15 manat, faiz borcuna 1,11 manat olmaqla cəmi 5598,26 manat təşkil edir. Ona görə də Cavabdeh ilə bağlanmış 02.10.2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə, cavabdehdən Bank of Baku ASC-nin xeyrinə əsas borca görə 5597,15 manat, faiz borcuna 1,11 manat olmaqla cəmi 5598,26 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, hesab edir ki, aşağıdakılara görə iddia ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən Bank of Baku ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli FR/60312/71 saylı güzəştli kredit müqaviləsindən müəyyən oluur ki, bank borcalana 60 ay müddətinə qaytarmaq, illik 1% ödəmək şərti ilə 5733,16 manat kredit verməyi öhdəsinə götürmüşdür. Bank of Baku ASC-nin 02.10.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh 02.11.2019-cu il tarixdən 02.10.2024-cü il tarixədək əsas borca görə 5733,16 manat, faiz borcuna görə 175,45 manat olmaqla cəmi 5908,61 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Bank of Baku ASC-nin 02.10.2019-cu il tarixli, MXD-FR60312A71C-1 saylı ödəniş tapşırığından müəyyən olunur ki, bank ayırdığı kreditə görə 984,41 manatı Cavabdeh vermişdir. Bank of Baku ASC-nin 02.10.2019-cu il tarixli, MXD-FR60312A71C-2 saylı ödəniş tapşırığından müəyyən olunur ki, bank ayırdığı kreditə görə 4748,75 manatı Cavabdeh vermişdir. Bank of Baku ASC-nin 31.08.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Cavabdeh 02.10.2019-cu il tarixli müqavilə üzrə əsas borca görə 5613,36 manat, faiz borcuna görə 46,99 manat borcu vardır. Bank of Baku ASC-nin Cavabdeh ünvanladığı 02.08.2021-ci il tarixli bildirişdən müəyyən olunur ki, bank borcalana müqavilənin ləğv edilməsinə dair təklif göndərməklə, borcunu ödəməyi təklif etmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Cavabdeh Bank of Baku ASC ilə bağladığı 02.10.2019-cu il tarixli FR/60312/71 saylı güzəştli kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində banka əsas borca görə 5597,15 manat, faiz borcuna görə 1,11 manat olmaqla cəmi 5598,26 manat borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından iddia tələbi təmin edilərək tərəflər arasında bağlanan kredit müqaviləsi ləğv edilməklə cavabdehdən iddiaçının xeyrinə əsas borca görə 5597,15 manat, faiz borcuna görə 1,11 manat olmaqla cəmi 5598,26 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bank of Baku ASC ilə Cavabdeh arasında bağlanmış 02.10.2019-cu il tarixli FR/60312/71 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 02.10.2019-cu il tarixli FR/60312/71 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 5597,15 manat, faiz borcuna görə 1,11 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 5628,26 manat Bank of Baku ASC-nin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar