Məhkəmə qərarları › İş №2(001)-7151/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7151/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7151/2025 28.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Məmmədov Pərviz Şahin oğlu, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair sadələşdirilmiş iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdeh qismində cəlb edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. İddiaçı "xxxx" KB ASC-nin iddia ərizəsindən görünür ki, iddia tələbi ölmüş şəxsə qarşı irəli sürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 46-cı maddəsi təsbit edir ki, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülkiprosessual hüquq qabiliyyəti) malikdir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 24-cü maddəsi fiziki şəxsin anlayışını təsbit edir ki, fiziki şəxs dedikdə hüquq münasibətlərində öz adından iştirak edən insan fərdi başa düşülür. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır. Göründüyü kimi qanunvericilik ölmüş şəxsə qarşı iddia qaldırılmasını mümkün hesab etmədiyindən, bununla da iddia ərizəsi mülki prosessual məcəllənin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Bununla yanaşı qeyd edilməlidir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri də vərəsəlik institutudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Həmin Məcəllənin 558-ci maddəsinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 aprel 2023-cü il tarixli qərarında vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd etmişdir ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsi müəyyən edir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya borclunun vərəsələrini və mirasın həcmini müəyyən edilməklə onlara qarşı iddia qaldırmaq hüququ izah olunmalıdır. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Bu səbəbdən də, hesab edirəm ki, iddia ərizəsi geri qaytarıldığından X1 vasitəsilə 142211 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 20 oktyabr 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 33.99 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 151 və 152-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" KB ASC tərəfindən X1 vasitəsilə 142211 təsnifat kodlu dövlət büdcəsinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 20 oktyabr 2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 33.99 manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah edilsin ki, borclunun vərəsələrini və mirasın həcmini müəyyən etdikdən sonra o, ümumi qaydada məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar