Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7177/2021 03.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2302,58 manat əsas borc, 6,54 manat faiz borcu və 111,2 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2420,32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 10.10.2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 1 faizlə, 60 ay müddətinə 2502,25 manat kredit götürmüşdür. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 27.08.2021-ci ilədək Cavabdeh Banka 10.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2302,58 manat əsas borcu, 6,54 manat faiz borcu və 111,2 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2420,32 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Qeyd olunanlara əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə 10.10.2019-cu il tarixli kredit müqaviləsi üzrə 2302,58 manat əsas borc, 6,54 manat faiz borcu və 111,2 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 2420,32 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələblərini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 10 oktyabr 2019-cu il tarixli, 1-Y-1-0-592-15 saylı Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar Problemli Kreditlərin Restrukturizasiya edilməsi ilə əlaqədar Güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərindən və Kredit müqaviləsindən görünür ki, Cavabdeh (borclu) ilə İddiaçı ASC (kreditor) arasında kredit müqaviləsi bağlanmış və bank borcluya restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, illik 1 faiz olmaqla 2502,25 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 10 oktyabr 2019-cu il tarixli 1-Y-1-0-592-15 saylı Kredit müqaviləsinə 1 saylı Əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 2,09 manat və 53,20 manat olmaqla, 10.10.2024-cü il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 27 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10.10.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 27.08.2021-ci il tarixə 2302,58 manat əsas borcu, 6,54 manat faiz borcu və 111,2 manat cərimə borcu olmaqla, cəmi 2420,32 manat borcu yaranmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış bildirişin surətindən və həmin bildirişin ünvan sahibinə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə 10.10.2019-cu il tarixli Kredit müqaviləsinə əsasən götürülmüş öhdəliklərin icra edilməməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -739.1 maddəsinə əsasən, Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Beləliklə də, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh 10 oktyabr 2019-cu il tarixli, 1-Y-1-0-592-15 saylı Problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar Güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri və Kredit Müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və "xxxx" ASC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Digər tərəfdən, kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı 111,2 manat məbləğində cərimə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, 2302,58 manat əsas borc üzrə 111,2 manat məbləğində cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 111,2 manat məbləğində hesablanmış cərimə məbləğinin 50 (əlli) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədikləri üçün həmin öhdəliyin icrasını təmin etmək məqsədilə 10 oktyabr 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn 2302,58 manat əsas borc, 6,54 manat faiz borcu və 50 manat cərimə borcu, cəmi 2359,12 manat borc cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən iddia ərizəsi məhkəməyə təqdim olunarkən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 10.10.2019-cu il tarixli Kredit müqaviləsi üzrə 2302,58 (iki min üç yüz iki manat 58 qəpik) manat məbləğində əsas borc, 6,54 (altı manat 54 qəpik) manat məbləğində faiz borcu və 50 (əlli) manat məbləğində cərimə borcu olmaqla, cəmi 2359,12 (iki min üç yüz əlli doqquz manat 12 qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-7177/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7177/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver