Məhkəmə qərarları › İş №2(001)-719/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-719/2021

02.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-719/2021 02.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 2006-cı ilin yanvar ayında faktiki olaraq evlənib ailə qurmuş, nikahları xx xxxxxx 2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Nikah dövründə iki övladları - xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X7 doğulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(017)- 646/2015 saylı qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş uşaqlar ananın himayəsində saxlanılmışlar. Sonradan iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(017)-1287/2019 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. Təyin olunmuş 100 manat aliment olduqca azdır və iddiaçı bu pulla övladlarının minimum ehtiyaclarını belə qarşılaya bilmir. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, onun maddi vəziyyətində heç bir müsbət dəyişiklik olmamışdır ki, alimentin məbləği də artırılsın. Əksinə bir ay öncə koronavirusa yoluxmuş və ev şəraitində müalicə almışdır. Hal-hazırda işləmir. Yeni ailə qurmuş və həmin nikahdan da bir uşağı var, ikincisi də bu yaxınlarda dünyaya gələcək. Eyni zamanda o, uzun müddətdir ki, ağciyər xəstəliyindən əziyyət çəkir və vərəm xəstəsi kimi Ağcabədi rayon Vərəm Dispanserində qeydiyyatdadır. Ağcabədi kimi təsərrüfat rayonunda tələb edilən aliment məbləğini ödəmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı eyni zamanda məhkəməyə bildirdi ki, uşaqları ilə birlikdə hal-hazırda Bakı şəhərində yaşayır və məktəblər karantinla bağlı distant olduğuna görə uşaqların Bakı şəhərində yaşaya-yaşaya Ağcabədi şəhərinin 7 saylı orta məktəbində təhsil almaq imkanları var. Karantin qurtarandan sonra uşaqları Bakı şəhərinə yaşadıqları yer üzrə məktəbə verəcək. Bundan əlavə, uşaqların harda yaşamasının aliment tutulması üçün əhəmiyyəti onun üçün aydın deyil. Belə ki, Bakı şəhərində də, Ağcabədi şəhərində də yaşayan uşaqlar üçün ölkə üzrə eyni yaşayış minimumu müəyyən edilib. Eyni zamanda uşaqların səhhətində kifayət qədər problemlər var və o, onları tək həll etmək iqtidarında deyil. Hal-hazırda uşaqları iyun ayınadək intensiv müalicə kursu almalıdır və bunun üçün ona hər ay 200 manat pul lazımdır. Həmin müalicənin icra olunmaması uşaqların sağlam gələcəyini sual altına qoya bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X5 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(017)-1287/2019 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx xxxxxx 2006-cı il tarixdə anadan olmuş X10 və xx xxxxxx 2007-ci İl tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(017)-148/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, xx xxxxxx 2006-cı İl tarixdə anadan olmuş X3 və xx xxxxxx 2007-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Qrban oğlunun qazancından hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Biləcəri qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 1 A ünvanda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin 17 saylı X11 filialı tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh adına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində əmək müqaviləsi qeydə alınmamışdır. İş materiallarında olan “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Ağcabədi rayon Mərkəzi Xəstəxanasında “Xr.Hepatit-C virus, qaraciyər serrozu” diaqnozu ilə ambulator müalicə alır. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Ağcabədi rayon Təhsil Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X8 və X6 halhazırda Ü.Hacıbəyov adına şəhər 7 nömrəli tam orta məktəbinin 8B sinifində təhsil alırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə tərəflərin uşaqlarının adları X10 və X9r, lakin arayış səhv tərtib olunsa da, uşaqların hal-hazırda distant olaraq həmin məktəbdə təhsil almaqları iddiaçı tərəfindən də inkar olunmur. Məhkəmə hesab edir ki, iddia tələbi aliment miqdarının artırılması hissəsində qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, 2021-ci il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə cavabdehin işləməməsi, yeni ailə qurması və həmin nikahdan da uşaqlarının olması, səhhətində problemlərinin olması ilə bağlı dəlillərini əsaslı hesab etmir. Belə ki, valideynin az gəlir əldə etməsi valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib vəzifələridir. Maddi vəziyyətindən, işləyibişləməməsindən asılı olmayaraq hər bir valideynin borcu övladının maddi və sair ehtiyaclarının ödənilməsini təmin etməkdir. Lakin qeyd olunanlarla yanaşı məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı qorumaq məqsədi ilə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasında 2021-ci il üçün uşaqlar üçün yaşayış minimumu 175 manat müəyyən edilsə də, hazırkı işin halları nəzərə alınaraq hər uşaq üçün 175 manat deyil, 140 manat sabit pul məbləğində aliment tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 nömrəli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iddia tələbinin “Cavabdeh xx xxxxxx 2006-cı il təvəllüdlü X4 və xx xxxxxx 2007-ci il təvəllüdlü X2 müalicəsi ilə əlaqədar olaraq hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində əlavə xərclərin tutulması” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla ... əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. İş materiallarında olan qəbz, reseptlər və rentgen şəkillərindən görünür ki, hər iki uşağın səhhətində ciddi problemlər mövcuddur, onlara elektrostimulyasiya, massaj və müəyyən tibbi müalicə yazılmışdır. Qeyd olunan sənədlərdən görünür ki, uşağların mütəmadi müalicəyə ehtiyacı var, lakin iddiaçı özü məhkəmə iclasında qeyd etmişdir ki, uşaqların müalicəsi may ayında yekunlaşacaq. Məhkəmə iddiaçının qeyd olunan müalicəyə hər ay 200 manat tələb olunmasının göstərməsini və həmin məbləğin ağlabatanlığını nəzərə alaraq hesab edir ki, həmin məbləğin yarısının cavabdehdən tutulması ədalətlidir və uşağların mənafeyinə xidmət edir. "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə müvafiq olaraq, uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(017)-1287/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılmalı, xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay, hər uşağa görə 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay müalicə xərcləri üçün əlavə 100 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Ağcabədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(017)-1287/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılsın. xx.xx.2006-cı il təvəllüdlü X10 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh hər ay, hər uşağa görə 140 manat, cəmi 280 (iyi yüz səksən) manat sabit pul məbləğində aliment və xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər ay müalicə xərcləri üçün əlavə 100 (yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar