Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7214/2021 06.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” barədə iddia tələbinə və Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarəyə verilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və ödənilmiş icarə haqqlarının torpaq sahəsi təhvil verildikdən sonrakı müddətə hesablanması” barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 162 nömrəli icarə müqaviləsi üzrə 848 manat məbləğində vəsaitin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 25 dekar 2020-ci il tarixli, 162 nömrəli icarə müqaviləsinə əsasən Ağsu şəhəri, X6 kçüəsi, 2C ünvanında yerləşən dövlət mülkiyyətində olan 3240.3 kv.metr torpaq sahəsi cavabehin icarəsinə verilmişdir. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtlərinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə haqqı ödənilməmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Müqavilə ləğv edilmədiyindən halhazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə ödənilməli olan 848 manat icarə haqqı borcu mövcuddur. Cavabdehə 23 iyun 2021-ci il tarixli, **********73 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilməsinə baxmayaraq, cavabdeh icarə haqqı borcunu ödəməkdən imtina etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli qərardadı ilə cavbadehin yazılı etirazı əsasında mülki işin iddia icraatına keçirilməsi qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarəyə verilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və ödənilmiş icarə haqqlarının torpaq sahəsi təhvil verildikdən sonrakı müddətə hesablanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Ağsu şəhəri, X6 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 0.48 (3240.3 kv.metr sahə daxil olmaqla) torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi və tərəfindən ödənilmiş cəmi 1.116 manat icarə haqqlarının torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbini cavabdeh onunla əsaslandırmışdır ki, ilkin olaraq tərəflər arasında bağlanmış 3191 saylı, 18 iyul 2014-cü il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən qeyd olunan 3240.3 kv.metr torpaq sahəsi onun istifadəsinə verilmişdir. 1981-ci ildə həmin ünvanda yerləşən köhnə kolxoz bazarı ərazisində yerləşən sənaye, ərzaq mağazalarında müdir işləmiş, kooperasiyanın üzvü olmuşdur. Həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış binası onun adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən qeydiyyatdan keçirilmişdir və 23 oktyabr 2013-cü il tarixdə çıxarış verilmişdir. Üstünlük hüququ nəzərə alınaraq həmin əmlaklar dəyəri ödənildikdən sonra ona satılmışdır. Həmin sahələr ona satıldığı zaman 0.48 ha torpaq sahəsində 3 tikili olmuşdur. Ərazidə tikintisi yarımçıq qalmış tikili ona satılmalı olduğu halda X1. Ona icarə müqaviləsi ilə istifadəsinə ayrılmış torpaq sahəsi qanunsuz olaraq X5 və qeyriləri tərəfindən zəbt edilmiş və onun istifadəsinə icarə müqaviləsi ilə verilmiş torpaq sahəsindən istifadə etməyi mümünsüz olmuşdur. İcarə müqaviləsi ilə onun istifadəsinə verilmiş torpaq sahəsində yerləşən və onun direktoru olduğu "xxxx" Firma mağzasının balansında olan tikililər Rza Quliyev tərəfindən özbaşına sökülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin 11.08.2011-ci il tarixli qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 03.08.2010-cu il tarixli qətnaməsi ləğv edilmişdir və onun iddia tələbi qismən təmin edilmiş, X2 adına verilmiş 0,48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı, həmin hissədəki tikililərə dair texniki pasport və digər sənədlər etibarsız hesab edilmiş, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu "xxxx" firmasına məxsus olmuş və 69,5 kv.m tikili sahəsi olan karamel və tikiş sexləri binasının boşaldılması, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş "xxxx" firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar, həmçinin 1996cı il texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binası da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20.04.2012-ci il tarixli qərardadı ilə qətnaməyə düzəliş edilmişdir, X2 adına verilmiş 0,48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktı həmin torpaq sahəsi ilə bağlı şəhadətnamə etibarsız hesab edildiyindən və cavabdehin həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüququ bağlılığı qalmadığından o, həmin ərazidə "xxxx" firmasına məxsus olan obyektlərin yerləşdiyi torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin icra edilməmişdir. Həmçinin, onun X5 və qeyrilərinə qarşı "torpaq sahəsinin boşaldılaraq əvvəlki vəziyyətinə qaytarılması" tələbinə dair iddiası Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(016)-39/2016 saylı qətnaməsi ilə təmin edilmiş, cavabdehlərin Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 2C ünvanda yerləşən (köhnə kolxoz bazarı ərazisi) qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.m torpaq sahəsindən çıxarılmaları, 0.48 ha torpaq sahəsində qanunsuz inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və torpaq sahəsindən çıxarılmaları qət edilmişdir. 2016-cı ildə Ukraynada yaşayan oğlu və gəlini avtoqəzada vəfat etmişlər və 3 azyaşlı uşaqları qalmışdır. O, uşaqları qəyyumluğa götürməklə bağlı Ukraynaya getmiş, Ukrayna Respublikasında olarkən icarə müqaviləsinə onun məlumatı olmadan 2016-ci il tarixdə xitam verilmişdir. İcarə müqaviləsinə xitam verilməsi səbəbindən Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. Onunla İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında həmin torpaq sahəsi ilə bağlı 162 saylı, 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlanarkən cavabdeh tərəf icarəyə verilən torpaq sahəsinin boşaldılacağına və onun istifadə etməyinə imkan yaradılacağına söz vermiş, lakin bu günə kimi həll etməmişdir. Xidmət müvafiq orqanlara bildiriş göndərməklə kifayətlənmiş, torpaq sahəsini zəbt etmiş şəxslərin oradan çıxarılması üçün ciddi tədbirlər görməmişdir. Hal-hazırda isə ondan icarə haqqının istənilməsi əsassızdır. Məhkəmə tərəfindən çıxarılmış qətnamə bir neçə dəfə icra edilsə də, torpaq sahəsini zəbt etmiş şəxslər tərəfindən qapılar sındırılaraq əraziyə daxil olmuş, həmçinin, 21 ferval 2018-ci il tarixdə icra məmurları və polis işçilərinin iştirakı ilə ona təhvil verilmiş, lakin yenidən qapıların qıfılları sındırılaraq əraziyə daxil olmuşlar və bu günə kimi həmin ərazidə qanunsuz fəaliyyətlərini davam etdirirlər. Göründüyü kimi, o, istifadəsinə icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsindən istifadə edə bilməmiş və bu gün də istifadə edə bilmir. Buna baxmayaraq, 18 iyul 2014-cü il tarixdən 02 noyabr 2016-cı il tarixədək və 25 dekabr 2020-ci il tarixdən 01 aprel 2021-ci il tarixədək icarə müqaviləsində nəzərdə tutulmuş haqqları ödəmişdir. Yəni, icarə müqaviləsində nəzərdə tutulan sahədən istifadə etmədiyi halda ondan icarə haqqları tutulmuşdur. Qeyd olunmalıdır ki, tərəfindən dəfələrlə Əmlak Məsələləri Dövlət Komitəsinə ərizə ilə müraciət edərək torpaq sahəsini zəbt edərək qanunsuz fəaliyyət göstərən şəxslərin çıxarılmaları üçün tədbir görülməsini xahiş etmiş, lakin müraciətləri nəticəsiz qalmışdır. Həmçinin Əmlak Məsələləri Dövlət Xidmətinə də ərizələrlə müraciət etmiş, yalnız müvafiq orqanlara göndərilməsi barədə ona cavablar verilmiş, heç bir əməli tədbir görülməmişdir. 10 iyul 2015-ci il tarixdə tərtib edilmiş aktla da onun torpaq sahəsindən istifadə etməməyi öz təsdiqini tapır. Halbuki, icarə müqaviləsi ilə onun istifadəsinə verilmiş torpaq sahəsinin zəbt etmiş şəxslər tərəfindən boşaldılaraq ona təhvil verilməsi üçün heç bir iş görülməmişdir. Həmin sahəni zəbt etmiş şəxslərin 0.48 ha torpaq sahəsinə heç bir aidiyyatı yoxdur, Rza Quliyevin 0,48 ha torpaq sahəsinə hüququ bağlılığı olmadığı halda hal-hazırda da həmin sahə onun istifadəsindədir və o, torpaq sahəsinə, şəxsi mülkiyyətində olan əmlaklara daxil ola bilmir. Hətta qəyyumluğumda olan uşaqların sosial təminatlarının təmin edilməsi məqsədi ilə ona mebel sexi avadanlıqları verilmiş, lakin o, həmin sahəyə daxil ola bilmədiyimdən həmin avadanlıqlardan da istifadə edə bilmir. Təqdim edilən surətlərdən də aydın olur ki, cavabdeh tərəf bu torpaq sahəsinin zəbt edilməsi və onun icarəyə verilmiş sahədən bir icarəyə götürən kimi istifadə edə bilməməyi barədə məlumatlıdır. O, icarəyə götürdüyü torpaqda olan əşyaların, o cümlədən yaşayış və təsərrüfat binalarının, yolların, arxların, drenaj sistemlərinin və hasarların adi təmirini öz hesabına aparmalıdır. 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsinin İİ bəndində İcarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil verilməsi barədə öhdəlik götürülmüşdür, lakin bu öhdəliyə əməl edilməmişdir. Belə ki, cavabdeh tərəf torpaq sahəsini boşaldılmış və qanunsuz tikililər sökülmüş vəziyyətdə ona təhvil verməli idi. Göründüyü kimi, o, bir icarəçi kimi icarəyə götürülən torpaq sahəsindən məlum səbəblərə görə istifadə edə bilmir və icarəyə verən tərəfindən də torpaq sahəsinə olan müdaxilələr aradan qaldırılmamış, belə olan halda isə ondan icarə haqqının tələb edilməsi tamamilə əsassızdır. Cavabdeh tərəfindən 0.48 ha sahəsi olan torpaq sahəsi boşaldılmalı, ona təhvil verilməlidir. Həmçinin, onun tərəfindən ödənilmiş icarə haqqları torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı aylara hesablanmalıdır. Belə ki, istifadə etmədiyi halda 2014-2016-cı illərdə 604 manat icarə haqqı ödəmiş və 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayının 1-dək 512 manat ödəniş etmişdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı qarşılıqlı iddiaya dair yazılı etirazı məhkəmə göndərərək göstərmişdir ki, cavabdehin Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahəsini zəbt etmiş şəxslərin həmin sahəsindən çıxarılması barədə tələbi əsassızdır. Belə ki, Mülki Məcəllənin 157.2, 157.8-ci maddələrinə və “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 15 ci maddəsinə əsasən icarəçinin əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir. Ona görə qarşılıqlı iddiaçının torpaq sahəsini zəbt etmiş şəxslərə qarşı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə, qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbinin digər hissəsini təşkil edən “onun tərəfindən ödənilmiş icarə haqqlarının torpaq sahəsinin ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanması” barədə tələbi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, cavabdeh icarə müqaviləsinə əsasən 2014-2016-cı illərdə ödədiyi 604 manat və 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayının birinədək ödədiyi 512 manat icarə haqqlarının torpaq sahəsininn ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanmasını xahiş etmişdir. Qeyd olunan pul vəsaitlərini qarşılıqlı iddiaçı tərəflər arasında bağlanmış icarə müqavilələri üzrə ödəmişdir və icarəçi icarə müqaviləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq aylıq icarə haqqlarının ödənilməsi öhdəliyini daşımışdır. Eyni zamanda, cavabdehin 2014-2016-cı illərdə ödədiyini bildirdiyi 604 manat məbləğində pul vəsaiti Əmlak Məsələləri Dövlət Komitəsi ilə onun arasında bağlanmış 18.07.2014-cü il tarixli, 3191 nömrəli icarə müqaviləsinə əsasən ödənilmişdir ki, qeyd olunan icarə müqaviləsi də 02.11.2016-cı il tarixdən ləğv edilmişdir. Mülki Məcəllənin 424.4-cü maddəsinə əsasən əgər həmin Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Göründüyü kimi, tərəflər arasında qeyd olunan icarə müqaviləsi ləğv edildiyindən cavabdehin qeyd olunan icarə haqları ilə hər hansı ödəniş tələb irəli sürməsi yolverilməzdir. Bundan əlavə, qarşılıqlı iddiaçının 2020-2021-ci illər ərzində ödədiyi icarə haqqları tərəflər arasında bağlanmış 25.12.2020-ci il tarixli, 162 nömrəli icarə müqaviləsinə əsasən icarəçinin üzərinə götürdüyü öhdəliyə uyğun olaraq onun vaxtaşırı ödəməli olduğu aylıq ödənişlərdir. Cavabdeh qeyd olunan hissədə tələbini Mülki Məcəllənin 676 və 677-ci maddələri ilə əsaslandıraraq, torpaq sahəsinin ona icarəyə verilən zaman həmin sahənin digər şəxslər tərəfindən zəbt olunmasının ona məlum olduğunu, bununla bağlı iddiaçı tərəfindən həmin sahənin boşaldılaraq ona təhvil verilməsi ilə bağlı öz üzərinə öhdəlik götürdüyünü bildirmişdir. Mülki Məcəllənin 339.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin icarə müqaviləsində icarəçinin ödəməli olduğu aylıq və illik icarə haqları ayrı-ayrılıqda göstərilmişdir və iddiaçı tərəfindən torpaq sahəsinin zəbt olunması ilə əlaqədar icarə haqqı ödənişlərinin torpaq sahəsinin boşaldılmasından sonrakı dövrə hesablanacağı barədə müqavilə də öz üzərinə hər hansı öhdəlik götürülməmişdir. Beləliklə, cavabdehin qarşılıqlı iddiası əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində və etirazda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdeh tərəfindən təqdim edilmiş məktublar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icra olunan məktublardır. İcarə müqaviləsində göstərilən torpaq sahəsinin cavabdehə təhvil verilməsi barədə hər hansı sənəd tərtib edilməmiş, belə ki, cavabdeh həmin torpaq sahəsinin yerini və həmin torpaq sahəsi ilə əvvəllər mübahisənin olduğunu bilir. Əgər icarəyə verilmiş torpaq sahəsini yerini icarəyəgötürən bilmirsə, o zaman Xidmətin nümayəndələri yerində həmin torpaq sahəsini göstərir və təhvil verir. Xidmət tərəfindən müxtəlif orqanlara müraciətlər olunmuşdur ki, torpaq sahəsi boşaldılsın. Məhkəmə iclasında iştirak edən cavabdeh qarşılıqlı iddiasını müdafiə edərək qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini, iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, 2020-ci ilin dekabr ayı üçün də bir neçə günün icarə haqqını – 35 manat ödəniş etmişdir. Xidmətin işçilərinin dəfələrlə qəbulunda olmuş və ona bildirilmişdir ki, narahat olmasın, torpaq sahəsi boşaldılaraq ona təhvil veriləcəkdir. Bu səbəbdən o, bir neçə ayın icarə haqqını ödəmişdir. Lakin sonradan torpaq sahəsi ona təhvil verilmədiyindən və müraciətləri nəticəsiz qaldığından icarə haqqını ödəməmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İcarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə icarəçi Cavabdeh arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli müqavilənin 1.1-ci bəndindən görünür ki, icarəyəverən icarəyə verdiyi Ağsu şəhəri, X6 küçəsi, 2C ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsini icarəçi tərəfindən icarə şərtləri əsasında müvvəqəti istifadəyə qəbul edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən torpaq sahəsinin illik icarə haqqı 1.945,2 manat, aylıq icarə haqqı 162,1 manat təşkil edir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən icarəyə verilən torpaq sahəsinin icarəçiyə təhvil vermək icarəyəverənin vəzifələrinə aid edilmişdir. Cavabdeh şəxsi hesab vərəqəsindən görünür ki, o, icarə müqaviləsi üzrə 09 ferval 2021-ci il tarixdə 161,6 manat, 29 mart 2021-ci il tarixdə 161,6 manat, 28 aprel 2021-ci il tarixdə 162,6 manat, ümumilikdə 485,8 manat məbləğində icarə haqqı ödəmişdir; 08 yanvar 2021-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinə 35 manat məbləğində icarə haqqı ödənilmişdir; Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Cavabdeh ünvanlanmış 23 iyun 2021-ci il tarixli məktubdan görünür ki, ona 162 nömrəli, 25 dekabr 2020-ci il tarixli icarə müqaviləsi üzrə yaranmış borcunun 7 gün müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğv edilməsi və yaranmış borcun ödənilməsi tələbinə dair qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir; Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavininə İqtisadiyyat Nazirliyinin nümayəndəsi tərəfindən ünvanlanmış və Xidmətin Şamaxı Ərazi Şöbəsinə 05 aprel 2021ci il tarixdə daxil olmuş “xidməti məlumat”dan görünür ki, icarəçi Cavabdeh bir neçə dəfə Əmlak Məsələləri Dövlət Xidmətinə yazılı və şifahi qaydada şikayətlə müraciət edərək, Xidmət tərəfindən onun icarəsinə verilmiş torpaq sahəsinin digər şəxs tərəfindən zəbt edilərək orada müxtəlif tikinti işlərinin aparıldığını və onun həmin torpaq sahəsindən istifadəsinə imkan vermədiyini bildirmiş və bununla əlaqədar olaraq icarəyəverən kimi Xidmətdən ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən icarəyə verilmiş torpaq sahəsinin zəbt olunması və bununla bağlı yol verilmiş qanunvericiliyin pozulması hallarının aradan qaldırılması üçün aidiyyəti dövlət orqanlarına (Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanı və s.) müraciət olunması üçün göstəriş verilməsi xahiş edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubun surətindən görünür ki, Xidmətin işçiləri tərəfindən Ağsu şəhəri ərazisində növbəti monitorinq keçirilmiş, monitorinq zamanı M.Ə.Rəsulzadə küçəsi, 2C ünvanında yerləşən vətəndaş Cavabdeh istifadəsində olan dövlət mülkiyyətinə aid 3240,3 kv.metr torpaq sahəsinin bir hissəsində qanunvericilikdə nəzərdə tutulan qaydada mülkiyyət, istifadə və ya icarə hüququ olmayan X5 tərəfindən yüngül konstruksiyadan ibarət çardaq quraşdırılması faktı müəyyən edilmişdir ki, bu da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinin tərkibi əlamətlərinə uyğun gəlir. Göstərilənləri nəzərə alaraq həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tədbirlərin görülməsi və nəticəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilməsi xahiş edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 aprel 2012 tarixli, 2(106)- 529/2011 saylı qərardadının surətindən görünür ki, Ağsu Rayon Məhkəməsinin 03 avqust 2010-cu il tarixli, 2(016)-151/2010 nömrəli qətnaməsi ilə Cavabdeh X4 və X3 qarşı zəbt edilmiş tikililərin məcburi qaydada boşaldılması, özbaşına sökülmüş tikililərin yenidən inşa edilərək əvvəlki vəziyyətinə gətirilməsi, əmlakdan istifadə və sahibliyə qoyulmuş maneələrin aradan qaldırılması və zərərin əvəzinin ödənilməsinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 11 avqust 2011-ci il tarixli, 2(106)-529/2011 saylı qətnaməsi ilə Ağsu Rayon Məhkəməsinin 03 avqust 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, X2 adına verilmiş 0,48 hektar torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət Aktının, həmin hissədəki tikililərə dair texniki pasportun və digər sənədlərin etibarsız hesab edilməsi, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktoru olduğu "xxxx" firmasına məxsus olmuş və 69,5 kv.metr tikinti sahəsi olan karamel və tikiş sexləri binasının boşaldılması, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş "xxxx" firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2,7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binasının və anbarın, həmçinin 1996-cı il tarixli texniki pasporta əsasən 16,2 kv.metr sahəsi olan 4,5x3,6 metr ölçülərdə olan mağaza binasının da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi, iddia avadanlıqlar və avtomaşının, vurulmuş 100.000 manat maddi və 50.000 manat mənəvi ziyanın cavabdehlərdən alınıb ona verilməsi və təqsirli şəxslər barəsində xüsusi qərardadın çıxarılması tələbi hissəsində təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Ağsu Rayon Məhkəməsinin 06 iyun 2016-cı il tarixli, 2(016)-39/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddiası qismən təmin edilərək cavabdehlər X5 və qeyrilərinin ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında 25 dekabr 2020-ci il tarixli, 162 nömrəli müqavilə bağlanmış, həmin müqaviləyə əsasən iddiaçının icarəyə verdiyi Ağsu şəhəri, X6 küçəsi, 2C ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsini cavabdeh icarə şərtləri əsasında müvvəqəti istifadəyə qəbul etməyi və aylıq icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən iddiaçı qeyd olunan torpaq sahəsini cavabdehə təhvil verməyi öhdəlik olaraq üzərinə götürmüşdür. Cavabdeh tərəfindən dörd ay icarə haqqı ödənilmiş, lakin torpaq sahəsi ona təhvil verilmədiyinə görə ödənişləri dayandırmışdır. Həmçinin müəyyən edilmişdir ki, həmin torpaq sahəsi ilə bağlı əvvəllər X2 iştirakı ilə məhkəmə mübahisələri olmuş, yekun məhkəmə aktlarına baxmayaraq həmin torpaq sahəsi onun istifadəsində qalmışdır. Hazırda iddiaçı cavabdehdən müqavilə üzrə icarə haqqlarının ödənilməsini, cavabdeh isə torpaq sahəsinin ona təhvil verilməsini və ödənilmiş icarə haqqlarının torpaq sahəsi təhvil verilən gündən sonrakı müddətə hesablanmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 675-ci maddəsin əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; 676.0.1 və 676.0.3-cü maddələrinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən aşağıdakılar üçün məsuliyyət daşıyır: kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olmalıdır; üçüncü şəxslərin hər hansı hüquqları və ya iddiaları kirayəyə verilmiş əşyanın müqavilədə nəzərdə tutulan istifadəsinə mane olmamalı və ya bu istifadəni istisna etməməlidir; 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; 708.3-cü maddəsinə əsasən icarəyə verilən torpağın qüsurları və üçüncü şəxslərin torpağa iddialarının və hüquqlarının olması üçün icarəyə verənin məsuliyyətinə, habelə icarəçinin həmin qüsurlar nəticəsində əmələ gələn hüquq və vəzifələrinə bu Məcəllənin 676 və 677-ci maddələrinin göstərişləri müvafiq surətdə tətbiq edilir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən icarəyə verilən torpaq sahəsini icarə müqaviləsi və torpaq qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada icarəçiyə təhvil vermək icarəyəverənin vəzifəsinə aid edilmişdir. Həmin Qanunun 23-cü maddəsinə əsasən torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək icarəçinin vəzifəsinə aid edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı icarə müqaviləsində göstərilən torpaq sahəsinin cavabdehə təhvil verilməsi barədə üzərinə öhdəlik götürmüşdür. Eyni zamanda, yuxarıda istinad olunan qanunvericiliyinin maddi hüquq normalarından da görünür ki, icarəyəverənin vəzifələrindən biri icarəyə verilən torpaq sahəsini icarəçiyə təhvil verməkdir. İş materiallarından müəyyən olunur ki, icarəyə verilmiş torpaq sahəsinin X5 tərəfindən zəbt olunması barədə cavabdeh dəfələrlə yazılı və şifahi qaydada Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etmişdir. Bundan başqa, həmin Xidmətin işçiləri tərəfindən keçirilən monitorinq zamanı da bu fakt müəyyən edilmişdir. İddiaçının məhkəmə iclasında verdiyi izahata əsasən də müəyyən olunur ki, torpaq sahəsinin cavabdehə təhvil verilməsi hər hansı formada rəsmiləşdirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, icarə müqaviləsinin predmeti olan Ağsu şəhəri, X6 küçəsi, 2C ünvanında yerləşən qeyriyaşayış binasının yerləşdiyi 3240,3 kv.metr torpaq sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmədiyinə, və belə olan halda cavabdeh də həmin torpaq sahəsindən istifadə etmədiyinə görə iddiaçının icarə haqqının ödənilməsi barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən həmçinin hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, tələb olunan 0,48 ha torpaq sahəsi deyil, icarə müqaviləsinin predmeti olan 3240,3 kv.metr torpaq sahəsi boşaldılaraq cavabdehə təhvil verilməlidir. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən tərəflər arasında bağlanmış 25 dekabr 2020-ci il tarixli, 162 saylı müqavilə üzrə ödənilmiş 520,8 manat məbləğində icarə haqqı torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanmalıdır. Belə ki, qanunvericiliyə və tərəflər arasında bağlanmış müqaviləyə əsasən icarəçi istifadə etdiyi torpaq sahəsinə görə icarə haqqı ödəmək vəzifəsi daşıyır. Hazırki iş üzrə isə müəyyən edilir ki, cavabdeh torpaq sahəsi ona təhvil verilmədiyi halda 4 ay olmaqla ümumilikdə 520,8 manat məbləğində icarə haqqını iddiaçıya ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 124.3-cü maddəsinə əsasən iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilməmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə mütənasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.14-cü maddələrinə əsasən büdcə təşkilatları məhkəmələrə verilən iddia ərizələri üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə Ağsu şəhəri, X6 küçəsi, 2C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi öhdəliyi qoyulmalı, Cavabdeh tərəfindən həmin torpaq sahəsinə görə ödənilmiş 520,8 manat məbləğində icarə haqqı torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablanmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edildiyi və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün Cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 50 manatı onun özünə qaytarılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq sahəsinə dair icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə Ağsu şəhəri, X6 küçəsi, C ünvanında yerləşən qeyri-yaşayış binasının yerləşdiyi 3240.3 kv.metr torpaq sahəsinin boşaldılaraq Cavabdeh təhvil verilməsi öhdəliyi qoyulsun. Cavabdeh tərəfindən həmin torpaq sahəsinə görə ödənilmiş 520,8 (beş yüz iyirmi manat, səksən qəpik) manat məbləğində icarə haqqı torpaq sahəsi ona təhvil verildiyi gündən sonrakı müddətə hesablansın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Cavabdeh tərəfindən qarşılıqlı iddianın qaldırılması üçün dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manatı onun özünə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7214/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7214/2021
06.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver