Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-723/2023 18.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin etibarnamə əsasında nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə xx.xx.2021-ci il tarixdə bağlanmış 1 saylı Əlavəyə əsasən, “Samsung Galaxy A31” markalı (İMEİ kodu **********82370) telefon üçün 685,5 (altı yüz səksən beş manat 50 qəpik) manat ödənilməmiş hissə, 68,5 (altmış səkkiz manat 50 qəpik ) manat dəbbə pulu olmaqla, ümumilikdə 754 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı MMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavəyə əsasən, alqı-satqı qiyməti 941,04 manat olan Samsung Galaxy A31 (İMEİ Kodu **********82370) markalı telefonu ilkin ödəniş 26,14 manat olmaqla, 35 ay müddətinə, hər ay 26,14 manat ödəmək şərti ilə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə ümumilikdə 754 manat olmaqla, ondan 685,5 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 68,5 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 255,54 manat təşkil edir. İş materiallarına əlavə edilmiş təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz halda təhvil almışdır. Həmçinin, cavabdehə öhdəliklərin icrası barədə xəbərdarlıq edilsə də, o, üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh 02 dekabr 2022-ci il tarixində məhkəməyə iddia ərizəsinə etiraz göndərərək, ailə vəziyyətinin ağır olmasını, vətən müharibəsi iştirakçısı olmasını, möhtəşəm qələbə qazandıqlarını nəzərə alıb, humanistlik göstərərək, yaranmış borc məbləğinə dair yumşaldıcı qərar verilməsini və yaxud onun ləğv edilməsi barədə müvafiq qərar verilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə kiçik mübahisələrə dair mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə bağlanmış 21025935 nömrəli malın nisyə alqı-satqı müqaviləsindən və X4 görünür ki, İddiaçı Cavabdeh ilkin ödəniş 5 manat olmaqla, 18 ay müddətinə, hər ay 44,3 manat ödəmək şərti ilə, dəyəri 802,4 manat olan “Samsung Galaxy A31” (İMEİ Kodu **********82370) markalı telefon satmışdır. X5 Cədvəlinin 2-ci bəndinə əsasən, “ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktından görünür ki, satıcı tərəfindən “Samsung Galaxy A31” (İMEİ Kodu **********82370) markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə bağlanmış 21025935 nömrəli müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən görünür ki, xx.xx.2020-ci il tarixdə bağlanmış 21025935 nömrəli müqaviləyə 01 saylı əlavə olan ödəniş cədvəli ləğv edilərək yeni ödəniş cədvəli qüvvəyə minir. Həmin ödəniş cədvəlinə əsasən borcun 26,14 manat ilkin ödəniş olmaqla, 35 ay müddətinə, ayda 26,14 manat ödənilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə İddiaçınə 685,5 manat əsas borc və 68,5 manat cərimə olmaqla, cəmi 754 manat borcu yaranmışdır. İş materiallarında olan bildirişdən və onun cavabdehə göndərilməsini təsdiq edən poçt qəbzindən görünür ki, Cavabdeh İddiaçı ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavədən irəli gələn öhdəlikləri ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış və iddiaçının iddia tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; -445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; -450.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; -598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. -600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; -600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. -600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; -601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə bağlanmış və həmin müqavilə üzrə cavabdehin 685,5 manat əsas borcu qalmışdır. Digər tərəfdən, iddiaçı 68,5 manat dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, həmin məbləğdə dəbbə pulunun hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 68,5 manat məbləğində hesablanmış dəbbə pulunun 5 (beş) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Məhkəmə işdə olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə və həmin müqaviləyə xx.xx.2021-ci il tarixli 01 saylı əlavə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 685,5 manat əsas borcu və 5 manat dəbbə pulu borcu alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 27 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 3 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 685,5 (altı yüz səksən beş manat 50 qəpik) manat məbləğində əsas borc və 5 (beş) manat məbləğində dəbbə pulu olmaqla, cəmi 690,50 (altı yüz doxsan manat 50 qəpik) manat məbləğində borc və 27 (iyirmi yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-723/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-723/2023
18.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver