Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7245/2021 12.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 10 iyul 2019-cu il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğinin Cavabdeh tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh ilə 23.05.2019-cu ildə 1127 nömrə ilə akt qeydləri kitabında qeyd olunaraq rəsmi nikaha daxil olub ailə qurmuşdur. Bigə nikahlarından10.07.2019-cu il təvəllüdlü X6 anadan olmuşdur. İddiaçı övladı ilə cavabdehdən ayrı yaşadığı və bir övladlarının olmasına baxmayaraq cavabdeh uşağın saxlanılmasına heç bir maddi köməklik göstərmədiyi və iddiaçı təkbaşına bu xərcləri ödəyə bilmədiyi üçün iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli, iş nömrəsi 2(001)-2661/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 120 manat aliment və uşağın 3 yaşınadək hər ay 50 (əlli) manat pul məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hal-hazırda X4 2 yaşı var. Binəqədi Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir təlabatının ödənilməsinə yetmir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, hazırda kirayə yaşayır. Uşağın maddi təlabatını ödəyə bilmir. Cavabdeh isə işləyir, özünəməxsus evi var. Maddi imkanı isə yaxşıdır. Cavabdehlə uşağın görüşməsinə imkan yaradır. Hazırda 150 manat kirayə ödəyir. Uşağın saxlanmasına və özünün dolanışına anası köməklik göstərir. Əvvəlki məhkəmə iclasında iddiaçı eyni məzmunlu izahat vermiş və bildirmişdir ki, o işləmir, kirayə qalır, cavabdeh 2 aydır alimenti ödəmir. Cavabdehin rəsmi iş yeri görünməsə də, o dönərçi işləyir və günə 45 manat qazanc əldə edir. Cavabdehin öz həftəyə 200 manat xərcləyir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Maddi imkanı yoxdur. Fərdi qaydada işləyir. Dönərçidə köməkçi işləyir. İddiaçı isə onun uşağı ilə görüşməsinə şərait yaratmır. Cavabdeh əvvəlki məhkəmə iclasında oxşar izahat verərək bildirmişdir ki, iddiaçı onun uşaqla ünsiyyətinə imkan vermir, bu səbəbdən uşaqla ünsiyyətə dair iddia qaldırmışdır. Eyni zamanda hazırda işləmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(001)- 2661/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə Hüseynova (Kərimova) Elvinə Eləzbər qızı arasında 23.05.2019-cu il tarixdə 1127 nömrəli akt qeydi ilə 4 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş 10.07.2019-cu il təvəllüdlü X4 anası Hüseynova (Kərimova) Elvinə Eləzbər qızının yanında saxlanması, 17.02.2021-ci il tarixindən başlayaraq 10.07.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək anası Hüseynova (Kərimova) Elvinə Eləzbər qızı üçün hər ay 50 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaç Hüseynova (Kərimova) Elvinə Eləzbər qızına ödənilməsi qət edilmişdir. 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən veilən 20.07.2019-cu il tarixli, AZ-İV seriyalı, 319933 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 10.07.2019-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 20.07.2019-cu il tarixinə 4130 № ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh ilə Hüseynova (Kərimova) Elvinə Eləzbər qızı arasında bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahından doğulmuş 10.07.2019-cu il təvəllüdlü X5 anasının yanında qalması müəyyən edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(001)-2661/2021 saylı qətnaməsi ilə 17.02.2021-ci il tarixindən başlayaraq 10.07.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək anası Hüseynova (Kərimova) Elvinə Eləzbər qızı üçün hər ay 50 manat pul məbləğinin Cavabdeh tutularaq iddiaç Hüseynova (Kərimova) Elvinə Eləzbər qızına ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı 06 may 2021-ci il tarixli 2(001)-2661/2021 saylı qətnamə ilə tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay üçün 175 manat məbləğində müəyyən edilməsini tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddia tələbinə uşağın və tərəflərin mənafeyi baxımından məhz müəyyən edilmiş alimentin artırılmasının mümkünlüyünə qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X3 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bundan əlavə, nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında 28 mart 2016-cı il tarixli Ali Məhkəmənin Plenum qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Plenum qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(001)-2661/2021 saylı qətnaməsi ilə müəyyənləşdirilən aliment məbləğinin dəyişdirilməsinə əsas olan hallardan biri də iddiaçının maddi vəziyyətində olan dəyişiklikdir. Belə ki, məhkəmə iclasında iştirak edən iddiaçı, artıq cavabdehlə birlikdə yaşamadığını və övladı ilə birlikdə kirayə qaldığını, aylıq 150 manat kirayə haqqı ödədiyini bildirmişdir. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının tələbi ilə razılaşaraq, yetkinlik yaşına çatmayanlar üçün 2021-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşaqların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə sabit pul məbləğində tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay üçün 175 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə aliment məbləğinin artırılması ilə bağlı cavabdehin etirazına münasibətdə qeyd edir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, iddiaçının uşaqla ünsiyyətə şərait yaratmaması onu aliment ödəmək vəzifəsindən azad etmir. Belə ki, “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Tərəflərin izahatlarından müəyyən edilən hal ondan ibarətdir ki, cavabdeh təkrartəkrar onunla uşağın ünsiyyətinə iddiaçı tərəfdən mane olduğunu bildirərək, alimentin artırılmasına bu səbəbdən etiraz etdiyinə işarə etmişdir. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, cavabdehin etirazı formal xarakter daşımaqla, uşaqla ünsiyyətə dair iddiaçı ilə aralarında baş vermiş narazılıqdan irəli gəlir. Halbuki cavabdeh əmək qabiliyyətli olmaqla yetkinlik yaşına çatamayan övladının yaşayış minimumu həddində saxlanılması iqtidarındadır. Odur ki, məhkəmə hesab edir ki, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(001)-2661/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli və cavabdehdən hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulduğundan Ali Məhkəmənin 28 mart 2016-cı il tarixli Plenum qərarında göstərilmiş mövqeyə uyğun olaraq, artırılmış alimentin məbləğinin tutulması hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(001)-2661/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 10.07.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli 2(001)- 2661/2021 saylı qətnaməsi ilə yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 10.07.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlansın. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7245/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7245/2021
12.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver