Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7272/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin dəyişdirilərək cavabdehdən 28 dekabr 2008-ci il təvəllüdlü İsa-zadə Selcan Kamran qızının saxlanılması üçün hər ay 175 manat olmaqla sabit pul mənləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan 28 dekabr 2008-ci il təvəllüdlü İsa-zadə Selcan Kamran qızının onun yanında qalması müəyyən edilmiş və onun saxlanması üçün 100 manat məbləğində alimentin tutulmuşdur. Lakin, cavabdeh bir müddət həmin alimenti ödəsə də, hazırda bunuda etmir. Azərbaycan Respublikasında uşağın saxlanması üçün tələb olunan vəsaitin minimum həddi 175 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği hazırda uşağın saxlanması üçün kifayət etmir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı, 278709 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İsa-zadə Selcan Kamran qızı 28 dekabr 2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İsa-zadə Günel Rafiq qızıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli, 2(001)- 4725/2013 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İsa-zadə Günel Rafiq qızı ilə Cavabdeh arasında 30 noyabr 2007-ci il tarixdə Binəqədi rayon VVADQ şöbəsində 1515 saylı qeydə alınmış nikahın pozulması, Cavabdeh qızı - 28 dekabr 2008-ci il təvəllüdlü İsa-zadə Selcan Kamran qızının saxlanılması üçün hər ay 100 manat məbləğində alimentin 30 may 2013-cü il tarixdən etibarən uşaq yetkinlik yaşına çatana qədər tutulub iddiaçı İsa-zadə Günel Rafiq qızına verilməsi, birgə nikahdan anadan olmuş uşağın anasının yanında qalması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 04 sentyabr 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, 28 dekabr 2008-ci il təvəllüdlü İsa-zadə Selcan Kamran qızı iddiaçının yanında saxlanmış və onun saxlanılması üçün 100 manat məbləğində aliment cavabdehdən iddiaçının xeyrinə tutulmuşdur. Hazırda iddiaçı 100 manat məbləğində müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının 175 manat məbləğinə artırılmasını xahiş edir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay 28 dekabr 2008-ci il təvəllüdlü İsa-zadə Selcan Kamran qızının saxlanılması üçün 100 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 8 ildən artıq müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Beləliklə, məhkəmə tərəflərin birgə nikahından olan uşağın ananın himayəsində olmasını, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, 28 dekabr 2008-ci il təvəllüdlü İsa-zadə Selcan Kamran qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli, 2(001)-4725/2013 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməli və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə ödənilməli olan 30 manat dövlət rüsumunun 20 manatının iddiaçı tərəfindən ödənildiyini nəzərə alaraq belə qənaətə gəlir ki, 20 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, qalan 10 manat məbləğində kəsir hissə isə dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. 28 dekabr 2008-ci il təvəllüdlü İsa-zadə Selcan Kamran qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 oktyabr 2013-cü il tarixli, 2(001)-4725/2013 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7272/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7272/2021
14.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver