Məhkəmə qərarları › İş №2(001)-7311/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7311/2021

25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7311/2021 25.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rüstəmli Məhəmməd Əli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, 05 oktyabr 2019-cu il tarixli müqaviləyə əsasən, Hoffmann LED Televizor, X2 üçün 204,6 manat ödənilməmiş hissə, 20 manat cərimə, 13 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, X3 üçün 251,4 manat ödənilməmiş hissə, 25 manat cərimə, ümumilikdə 501 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq “ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh, İddiaçı MMC ilə 05 oktyabr 2019-cu il və 13 noyabr 2019-cu il tarixli müqavilələrə əsasən Hoffmannn markalı televizor, mini soba, Solo Soba almış və nəticədə 501 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 05 oktyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 632 manat (18 ay x 35 manat + 2 manat ilkin ödəniş) Hoffmann LED televizor, X2 üçün ümumilikdə, 224,6 manat olmaqla ondan, 204,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 20 manat cərimə, 13 noyabr 2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 506 manat (18 ay x 28 manat + 2 manat ilkin ödəniş) X3 üçün ümumilikdə, 276,4 manat olmaqla ondan, 251.4 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 682 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Beləliklə, mülki iş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 oktyabr 2019-cu il tarixli, 00960165 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 632 manat, ilkin ödəniş 2 manat ödənilməklə Hoffmann Led televizor, X2 sonuncunun istifadəsinə verilmiş, müqavilədə alınan əşyanın dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 05 oktyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00960165 saylı müqaviləyə əsasən qeyd olunan məhsulları tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-ci il tarixli, 01048675 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, qiyməti 506 manat, ilkin ödəniş 2 manat ödənilməklə olan X2 Cavabdeh istifadəsinə verilmiş, müqavilədə alınan əşyaların dəyərinin 18 ay ərzində hissə-hissə ödənilməsi nəzərdə tutulmuşdur. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. 13 noyabr 2019-cu il tarixli bildiriş və əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 01048675 saylı müqaviləyə əsasən qeyd olunan məhsulu tam qüsursuz halda İddiaçı MMC-dən təhvil almışdır. 01 may 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcunu icra etməməsi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. 27 avqust 2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05 oktyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 204,6 manat, cərimə 20 manat olmaqla, cəmi 224,6 manat, 13 noyabr 2019-cu il tarixli müqavilə üzrə əsas borcu 251,4 manat, cərimə 25 manat olmaqla, cəmi 276,4 manat məbləğində borc hesablanmışdır. Ümumilikdə Cavabdeh İddiaçınə 501 manat məbləğində borcu vardır. 30 avqust 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icarə edilməsi) başa düşülür; 445.2.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcıödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. İş materiallarından göründüyü kimi, cavabdeh tərəflər arasında bağlanmış müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də hesab edirəm ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, o, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilələr üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 05 oktyabr 2019-cu il tarixli, 00960165 saylı müqavilə üzrə əsas borc 204,6 manat, cərimə 20 manat olmaqla cəmi 224,6 manat, 13 noyabr 2019-cu il tarixli, 01048675 saylı müqavilə üzrə əsas borc 251,4 manat, cərimə 25 manat olmaqla cəmi 276,4 manat məbləğində borc tutulmalıdır. Həmçinin hesab edirəm ki, iddia tələbi təmin edildiyindən, iddiaçının iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumu cavabdehdən onun xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i m: İddia təmin edilsin. 05 oktyabr 2019-cu il tarixli, 00960165 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 204,6 (iki yüz dörd manat, altmış qəpik) manat, cərimə 20 (iyirmi) manat olmaqla, cəmi 224,6 (iki yüz iyirmi dörd manat, altmış qəpik) manat məbləğində borc tutulsun. 13 noyabr 2019-ci il tarixli, 01048675 saylı müqavilə üzrə Cavabdeh İddiaçı xeyrinə əsas borc 251,4 (iki yüz əlli bir manat, qırx qəpik) manat, cərimə 25 (iyirmi beş) manat olmaqla, cəmi 276,4 (iki yüz yetmiş altı manat, qırx qəpik) manat məbləğində borc tutulsun. Cavabdeh İddiaçı xeyrinə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Məhəmməd Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar