Məhkəmə qərarları › İş №2(001)-736/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-736/2021

17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-736/2021 17.02.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Bank Technique ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/41 nömrəli kredit müqaviləsinə əsasən borcalana 12 ay müddətinə illik 24 % dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, kredit müqaviləsinin təminatı kimi Bank Technique ASC ilə Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixdə 28/41 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyinin icra edilməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Ölkə başçısının Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə bağlı cavabdehə bildiriş göndərilmişdir. Lakin, cavabdeh tərəfindən banka yeni müqavilə bağlanması üçün müraciət edilməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə və xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməmişdir. Bu səbəbdən də borc alan Cavabdeh1 xx.xx.2019-cu il tarixinədək İddiaçı ASC-yə ödənilməmiş 290,84 manat əsas, müqavilənin bitmə tarixinə hesablanmış 25,20 manat faiz, 298,67 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 66,84 manat borc, ümumilikdə 681,55 manat kredit borcu vardır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməmiş əsas borca görə 290,84 manat, müqavilənin bitmə tarixinə hesablanmış faizə görə 25,20 manat, cəriməyə görə 298,67 manat, müqavilənin bitdiyi tarixdən xx.xx.2019-cu il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik 5 % olmaqla 66,84 manat olmaqla cəmi 681,55 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. X4 ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/41 saylı kredit müqaviləsindən müəyyən olunur ki, bank borcalana istehlak məqsədilə 12 ay müddətinə, illik 24 % ödəmək şərti ilə 3000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.3-cü bəndinə əsasən borcalan üzərinə düşən öhdəlikləri lazımınca icra etmədikdə və ya müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditin ödənilməmiş məbləğinin, vaxtında ödənilməmiş faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,1%-i miqdarında borcverənə dəbbə pulu ödəməlidir. xx.xx.2013-cü il tarixli 28/41 saylı kredit müqaviləsinin ödəniş cədvəlindən müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində əsas borca görə 3000,02 manat, faiz borcuna görə 404,14 manat olmaqla cəmi 3404,16 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. X4 ASC, borcalan Cavabdeh1, zamin X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 28/41 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin X3 borcalanın xx.xx.2013cü il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişdir. Zaminlik müqaviləsinin 13.2-ci bəndinə əsasən borcalan kreditorla bağladığı xx.xx.2013-cü il tarixli 28/41 saylı kredit müqaviləsinə əsasən üzərinə götürdüyü borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borcalanın öz vəzifəsini vaxtında və düzgün yerinə yetirməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək bu müqavilə qüvvədə olur. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2018-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh1 ünvanladığı xx.xx.2019-cu il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh1 kreditinin Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxxx 2019cu il tarixli Fərmanına əsasən restrukturizasiya edilməsi məqsədilə ləğv prosesində olan Dəmirbank ASC-nin Əməliyyat İdarəsi filialına və yaxud yaşadığı ünvana yaxın olan ləğv prosesində olan istənilən bankın inzibati binasına yaxınlaşması xahiş olunmuşdur. Bildirişə əlavə olunan koddan bildirişin cavabdehə təqdim olunub-olunmadığını müəyyən etmək mümkün deyildir. Ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2019-cu il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 əsas borca görə 290,84 manat, fazi borcuna görə 25,20 manat, cəriməyə görə 298,67 manat, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 5% görə 66,84 manat olmaqla cəmi 681,55 manat borcu vardır. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh1 ilə ləğv prosesində olan İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, Fərmanın qüvvəyə mindiyi günə xx.xx.2019-cu il tarixinə Cavabdeh1 sözügedən kredit müqaviləsi üzrə vaxtı keçmiş əsas kredit borcu 290,84 manat təşkil etdiyindən həmin borcun restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2020-ci il tarixli problemli kreditlərin kompensasiyasına dair elektron informasiya sistemindən çıxarışından müəyyən olunur ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə əsas kredit borcu 290,84 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəsinə minmişdir. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X1 müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6. bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Qeyd olunan Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanan xx.xx.2013-cü il tarixli 28/41 saylı kredit müqaviləsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşdüyündən Fərmanın qüvvəyə mindiyi tarixə borcalanın borcverənə olan 290,84 manat əsas borcunun restrukturizasiya edilməsi nəzərdə tutulsa da, borcverən borcalanla güzəştli şərtlərlə yeni müqavilə bağlamamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi cavabdehin ünvanına bildiriş göndərilməsini bildirsə də, məhkəmə araşdırması zamanı bildirişin cavabdehə təqdim olunmasını müəyyən etmək mümkün olmadığından, məhkəmə həmin bildirişi mötəbər sübut növü olaraq qəbul etmir. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi qaydasının 5.1,-5.3-cü bəndlərinə əsasən kredit təşkilatı fiziki şəxsin kompensasiya hesablanan əsas kredit borcları üzrə 2019-cu il martın 1-nə hesablanmış faiz və dəbbə pulunun məbləğini müəyyən edir və bu Qaydanın 1 nömrəli əlavəsində müəyyən edilmiş qaydada bu barədə Palataya məlumat verir. Kredit təşkilatı fiziki şəxsin xarici valyutada olan əsas kredit borcları üzrə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan faiz və dəbbə puluna dair kredit təşkilatının tələblərindən aşağıdakı həcmdə imtina edilməsi haqqında qərar qəbul edir. Fərmana əsasən restrukturizasiya olunacaq vaxtı keçmiş əsas kredit borclarına münasibətdə – hesablanmış faizlər və dəbbə pulları tam şəkildə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə – faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir; əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansdankənar hesablarında olan əsas kredit borclarına münasibətdə – faiz və dəbbə pulları aşağıdakı qaydada silinir: kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən çox olduqda – tam şəkildə; kompensasiya əsas kredit borcunun qalığının 30 faizindən az olduqda –kompensasiyanın əsas kredit borcuna nisbətindən az olmamaqla. Kredit təşkilatları bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş güzəştlərlə bağlı borcalanları məlumatlandırır (yazılı və ya elektron formada (elektron poçt, SMS) bildiriş göndərməklə) və hər ay üzrə həmin güzəştlər tətbiq edilən şəxslərin siyahısını bu Qaydanın 2 nömrəli əlavəsində müəyyən olunmuş qaydada Palataya təqdim edir. Həmin Qaydaların 6.1-6.16-cı bəndlərinə əsasən Fərmana əsasən kredit təşkilatları tərəfindən fiziki şəxslərin restrukturizasiya olunacaq əsas kredit borcları aşağıdakı tələblərə cavab verməlidir: həmin kredit borcunun verilməsinə dair fiziki şəxslə kredit təşkilatı arasında müvafiq kredit müqaviləsi 2012-ci il yanvarın 1-dən 2019-cu il martın 1dək bağlanmalıdır; fiziki şəxsin bütün kredit təşkilatları və ləğvetmə prosesində olan kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas kredit borcunun (balans və (və ya) balansdankənar hesablarında olan əsas kredit borcları) qalıq məbləğinin cəmi 17 000 manatdan və ya 10 000 ABŞ dollarından (Mərkəzi Bankın 2019cu il martın 1-nə elan etdiyi məzənnəyə uyğun olaraq, 10 000 ABŞ dolları ekvivalentindən) çox olmamalıdır; fiziki şəxsin bağlanmış kredit müqavilələri üzrə 2019-cu il martın 1-nə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş olmalıdır. Fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. Kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. Fiziki şəxslə kredit təşkilatı arasında bağlanan yeni güzəştli kredit müqaviləsində ən azı aşağıdakılar nəzərə alınmalıdır: kreditin məqsədi restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi kimi müəyyən olunur; kreditin müddəti 5 il (1 il güzəşt müddəti ilə) müəyyən olunur və güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur; kreditin illik faiz dərəcəsi 1 faiz müəyyən edilir; kredit müqaviləsi milli valyutada rəsmiləşdirilir; müqavilənin rəsmiləşdirilməsi ilə bağlı komisyon haqq tutulmur; kreditin vaxtından əvvəl ödənilməsi ilə bağlı əlavə ödəniş alınmır; kredit müqaviləsi üzrə müəyyənləşdirilən dəbbə pulunun yuxarı həddi 5 il müddətinə 0,1 faizdən çox olmamalıdır; kredit müqaviləsində restrukturizasiya olunan kredit borcunun aid olduğu kredit müqaviləsində nəzərdə tutulan şərtlərdən daha ağır şərtlər müəyyən edilə bilməz. Palata kredit təşkilatlarının verdiyi məlumatlar əsasında hər bir fiziki şəxs üzrə restrukturizasiya olunacaq kreditlərin məbləğini və kredit təşkilatlarının restrukturizasiya olunacaq ümumi kredit portfelinin həcmini müəyyən edir. Palata restrukturizasiya olunacaq kreditlərlə bağlı Mərkəzi Bank tərəfindən dövlət zəmanəti ilə veriləcək kreditlərin ümumi məbləği, həmçinin hər bir kredit təşkilatı üzrə ayrılacaq kredit məbləği barədə məlumatı Mərkəzi Banka və Maliyyə Nazirliyinə təqdim edir. Bu Qaydanın 6.7-ci bəndinə uyğun olaraq, Palatanın təqdim etdiyi məlumatlar əsasında Maliyyə Nazirliyi Fərmanın 9.1-ci bəndinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən verilən kreditlərin ümumi məbləğinə dövlət zəmanəti verilməsini təmin edir. Mərkəzi Bank hər bir kredit təşkilatına dövlət zəmanəti ilə tranşlarla (hissələrlə) ödənilməsi nəzərdə tutulan kredit xətti açır. Kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. Kredit təşkilatları bu Qaydaya uyğun olaraq, fiziki şəxslərlə bağlanmış yeni güzəştli kredit müqavilələri barədə məlumatı hər növbəti həftənin ikinci iş günü bu Qaydanın 3 nömrəli əlavəsində müəyyən edilmiş qaydada Palataya təqdim edir. Palata bu Qaydanın 6.10-cu bəndinə əsasən məlumatı əldə etdikdən sonra 5 iş günü müddətində kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılması məqsədilə Mərkəzi Banka müraciət edir.Bu Qaydanın 6.11-ci bəndində nəzərdə tutulan müraciət daxil olduqdan sonra Mərkəzi Bank 5 iş günü ərzində “Banklar haqqında” və “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq rəsmiləşdirməklə kredit təşkilatına açılmış kredit xətti üzrə dövlət zəmanəti ilə növbəti güzəştli kreditin ayrılmasını və həmin kredit təşkilatının hesabına köçürülməsini təmin edir. Palata kredit təşkilatlarının xarici valyutada olan kreditlərin manatla verilən kreditlərlə əvəzlənməsi nəticəsində yaranan valyuta mövqeyi barədə məlumatı Mərkəzi Banka təqdim edir. X6 5.2-ci bəndinə və bu Qaydanın 6.13-cü bəndinə əsasən təqdim olunmuş məlumat nəzərə alınmaqla, banklara onların müraciəti əsasında ABŞ dollarında ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin edir. Həmin qiymətli kağızlar Fərmanın 5.1-ci bəndinə əsasən banklara ayrılan vəsait hesabına əldə edilir. Kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. İstinad olunanlardan müəyyən olunur ki, Qaydaların tələblərini nəzərə almaqla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını təklif etmək hüququ birbaşa kredit təşkilatlarına həvalə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə iddiaçının faiz, cərimə, 5% tələbi ilə bağlı qeyd edir ki, vaxtında öz hüquqlarından istifadə edib borcalanla güzəştli kredit müqaviləsi bağlamayan iddiaçının hazırda borcalana qarşı faiz, cərimə, 5% tələbi irəli sürməsi hüquqdan suistifadə olduğundan iddia tələbləri bu hissədə təmin edilə bilməz. Məhkəmə iddiaçının zaminə qarşı tələbi ilə bağlı qeyd edir ki, borcverən zaminə qarşı hazırkı tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyindən bu tələbdə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası MM-nin 367-ci maddəsinin tələblərinə əsasən müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva etməli və zaminlik müqaviləsi zaminliyin verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilməlidir. Tərəflər arasında bağlanmış müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verildiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən zaminliyə xitam verilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçının Cavabdeh1 əsas borca görə 290,84 manat tələbi əsaslı olduğundan iddia ərizəsi bu hissədə təmin, qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2013-cü il tarixli 28/41 kredit müqaviləsinə əsasən əsas borca görə 290,84 manat, dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 320,84 manat ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar