Məhkəmə qərarları › İş №2(001)-736/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-736/2022

26.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-736/2022 26.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 1423,3 manat məbləğində kredit borcu, 308,19 manat məbləğində faiz borcu və 450,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2182,10 manat məbləğində borcun və 41,82 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə 04.03.2020-ci il tarixdə bağladığı 001L**********36 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 04.03.2020-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 18 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 1500 (min beş yüz) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.01.2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 76,7 manat ödəmiş, onun 1423,3 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 05.11.2021-ci il tarixə 305 gün üçün hesablanmış faiz borcu 308,19 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 05.11.2021-ci il tarixə 305 gün üçün hesablanmış cərimə 450,61 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı QSC-nin etibarnamə əsasında nümayəndəsi X2 iddia tələblərini müdafiə edib, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 001R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması üzrə 1423,3 manat məbləğində kredit borcu, 308,19 manat məbləğində faiz borcu və 450,61 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2182,10 manat məbləğində borcun və 41,82 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2020-ci il tarixli 001L**********36 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən, Cavabdeh1 120 ay müddətinə illik faiz dərəcəsinin yuxarı həddi 28 faiz dərəcəsi olmaqla, 100000 (yüz min) manat məbləğində kredit xətti açılmış, müqavilənin 1.2-ci bəndində həmin müqavilənin bankın kredit vermək vədini ifadə etmədiyi və kreditin tərəflər arasında müxtəlif formada bağlanmış razılaşmalar əsasında veriləcəyi nəzərdə tutulmuşdur. İş materiallarından həmçinin aydın olur ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşması bağlanmış və borcluya aylıq 2,0833% olmaqla, 18 ay müddətinə 1500 (min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.03.2020-ci il tarixli ödəniş planından görünür ki, 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşmasına əsasən götürülmüş 1500 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri 101 manat olmaqla 06 sentyabr 2021ci ilə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi barədə 19 avqust 2020-ci il tarixli, 001R**********SA saylı sazişdən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 04.03.2020-ci il tarixli 001L**********36 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 04.03.2020-ci il tarixdə bağlanmış 001R********** saylı kredit razılaşması əsasında kredit alan götürdüyü kreditin qalığını Sazişə əlavə olunan 19 avqust 2020-ci il tarixli ödəniş planına uyğun olaraq ödəməlidir. İş materiallarında olan 19.08.2020-ci il tarixli ödəniş planından görünür ki, 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşmasına əsasən götürülmüş 1500 manat məbləğində kredit vəsaitinin aylıq ödənişləri 50; 125,57; 125,58; 96 və 93,76 manat olmaqla 06.06 2022-ci ilə kimi qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşması üzrə 05.11.2021-ci il tarixə 1423,3 manat əsas kredit borcu, 308,19 manat faiz borcu və 450,61 manat cərimə olmaqla, cəmi 2182,10 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, 04.03.2020-ci il tarixdə İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 001S**********02 saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 borclu Cavabdeh1 04.03.2020-ci il tarixli 001L**********36 saylı uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından aydın olur ki, iddiaçı bank cavabdehlərə ünvanlanmış bildirişlər göndərməklə onları borc barədə xəbərdar etmiş və borcun ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Göründüyü kimi, Cavabdeh1 04.03.2020-ci il tarixli 001L**********36 saylı uzunmüddətli kredit müqaviləsi və 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşması və həmin kredit razılaşmasına dəyişiklik edilməsi barədə 19 avqust 22020-ci il tarixli Saziş ilə, cavabdeh Cavabdeh2 04.03.2020-ci il tarixli 001S**********02 №-li Zaminlik müqaviləsi ilə götürdükləri öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və İddiaçı QSC-yə ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri müqavilə şərtlərinə uyğun ödəməmiş və bununla da, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişlər. Digər tərəfdən, iddiaçı 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşması üzrə 450,61 manat məbləğində dəbbə pulu tələb etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən məbləğlərdə cərimənin hesablanması ədalətli deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən də, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəblə məhkəmə, 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşması üzrə 450,61 manat məbləğində hesablanmış cərimə məbləğinin 140 (bir yüz qırx) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 001R********** saylı kredit müqaviləsi ləğv edilməli və cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlərdən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşması üzrə 1423,3 manat məbləğində əsas borc, 308,19 manat məbləğində faiz borcu və 140 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1871,49 manat borc tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 41,82 manat dövlət rüsumunun 38 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, 03,82 manatı isə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 001R********** saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 001R********** saylı, 04.03.2020-ci il tarixli kredit razılaşması üzrə 1423,3 (bir min dörd yüz iyirmi üç manat 30 qəpik) manat məbləğində əsas borc, 308,19 (üç yüz səkkiz manat 19 qəpik) manat məbləğində faiz borcu və 140 (bir yüz qırx) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1871,49 (bir min səkkiz yüz yetmiş bir manat 49 qəpik) manat məbləğində borc və 38 (otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq, İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar