Məhkəmə qərarları › İş №2(001)-738/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-738/2023

28.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-738/2023 28.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “maneənin aradan qaldırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 fərdi yaşayış evinə pəncərə açılmasına cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və pəncərə açılacaq evin hasarı qarşısında qoyulmuş avtomobilin götürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar ünvan 2 fərdi yaşayış evində yaşayırlar. Həmin yaşayış evi darısqal və havasızlıq şəraitində olduğundan ev üçün əlavə pəncərə açılmasını istəyirlər, lakin cavabdeh buna süni maneələr yaradır, həmin hissədə avtomobilini saxlayır, onları təhqir edir. Bununla bağlı 43-cü Polis Bölməsinə, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət olunsa da, heç bir nəticə əldə olunmamışdır. Həmçinin, əlavə pəncərənin açılmasına yerli icra nümayəndəliyinin heç bir etirazı olmamışdır. Bu səbəbdən də iddiaçılar mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Bakı şəhəri Binəqədi RİH-nin Binəqədi qəsəbə üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 2 fərdi yaşayış evinin yan divarında pəncərə açılmasına heç bir etirazın olmadığını bildirmişdir. - 47 nömrəli ev dəftərinin surətindən görünür ki, ünvan 2 fərdi yaşayış evi İddiaçı1 adına qeydiyyata alınmışdır. - Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/720 saylı ekspert rəyindən görünür ki, ünvan 2 fərdi yaşayış evindən pəncərənin açılması aidiyyəti təşkilatlardan müvafiq icazə sənədləri aldıqdan sonra mümkün ola bilər və 1,20x1,50m ölçüdə pəncərə boşluğu açıla bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır. -158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. -158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mülki iş materiallarından müəyyən edilir ki, iddiaçının faktiki istifadə və sahibliyində olan ünvan 2 fərdi yaşayış evinə Azərbaycan Respublikası Binəqədi Rayonu, icra Hakimiyyəti Başçısının Binəqədi Qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən baxış keçirilmiş və evin yan divarında pəncərənin açılmasına heç bir etirazın olmadığını bildirmişdir. “Şəhərsalma əsasları haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində göstərilir: - maddə 10. Şəhərsalma sənədləri - Təsdiq olunmuş şəhərsalma sənədlərində yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsi yalnız tərtibatçılara və sənədləri təsdiq etmiş müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırıldıqdan sonra keçirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması “Qaydalarının 4.1. və 4.2. bəndlərində göstərilir: - 4.1. bəndi - (bina və qurğularda genişləndirmə, yenidən planlaşdırma və yenidənqurma işlərinin təşkili) sifarişçi, mülkiyyət sahibi və ya icarədar, ilk növbədə, mövcud obyektdə edəcək dəyişikliklərin məzmunu və məqsədi barədə şəhər (rayon) yerli icra hakimiyyətinə müraciət etməlidir. Bu müraciətə Azərdövləttikintikomun qərarı ilə təsdiq olunmuş formada təqdimat əlavə olunmalıdır. Müraciətə yerli icra hakimiyyəti tərəfindən təyin edilmiş və mütəxəssislərdən ibarət komissiya baxmalı və nətijəsi haqqında texniki rəy verməlidir. - 4.2. bəndi - Şəhər (rayon) yerli icra hakimiyyətinin müvafiq memarlıq-tikinti xidməti mövjud obyektdə dəyişikliklərin eskiz jizgilərini nəzərdən keçirməli və bu barədə öz rəyini yerli icra hakimiyyətinin rəhbərliyinə bildirilməlidir. Eyni zamanda Tikinti Norma və Qaydaları 2.08.01.89-un bəndində göstərilir: - bəndi 1.3. Yaşayış otağı təbii işıq ilə təmin olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert rəyində qeyd olunur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən yerləşən yaşayış otağında pəncərənin açılması aidiyyəti təşkilatlardan müvafiq icazə sənədləri aldıqdan sonra mümkün olduğu müəyyən edilir. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvan 2 fərdi yaşayış evindən pəncərə açmaq üçün cavabdeh tərəfindən maneələr yaradılmış, həmin hissədə avtomobil saxlanılmışdır. Ekspert tərəfindən keçirilən baxış zamanı həmin evən pəncərənin açılması mümkün görülmüş və pəncərə boşluğunun 1,20x1,50m ölçüdə ola bilməsi müəyyən olunmuşdur. Beləliklə, baxılan iş üzrə iddiaçıların tələbinin əsasını cavabdehin həmin yaşayış evindən pəncərənin açılmasına maneələr yaratması və bununla bağlı hüquqlarının pozulmasının qarşısının alınması təşkil edir. Nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək; yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək; işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək imkanları vermişdir (MPM-in 64.1, 79.1 və 97.1-ci maddələri). İş üzrə ekspert rəyləri mülki iş üzrə əldə edilən sübutlar sırasında olmaqdadır. Məhkəmə qeyd edir ki, vicdanlılıq prinsipi mülki hüquqların həyata keçirilməsini və hüquqi vəzifələrin icra edilməsinin əsas prinsiplərindən biridir. Bu prinsip qanunda birbaşa fomulə edilmişdir. Mülki Məcəllədə göstərilir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Vicdanlılıq prinsipinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən hər bir tərəf vicdanlı hərəkət etməlidir. Vicdanla hərəkət etmək dedikdə, mülki hüquq münasibətləri iştirakçılarının öz vəzifələrini və hüquqlarını nəzərdə tutulmuş vaxtda və yerdə, lazımınca, həmin münasibətin şərtlərinə və qanun tələlərinə müvafiq surətdə yerinə yetirməsi başa düşülür. Əgər o, vicdanla hərəkət etməsə, bu, mülki hüquq pozuntusunun yaranmasına səbəb olur. Ağlabatanlılıq prinsipi mülki hüquqların həyata keçirilməsində və vəzifələrin icra edilməsində böyük rol oynayır. Ağlabatanlılıq prinsipinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən mülki hüquq münasibəti iştirakçılarından hər biri normal, məntiqə uyğun surətdə hərəkət etməlidir. Həmin münasibətin icrası bu prinsipə tabe olmalıdır. Mülki hüquq münasibəti iştirakçılarının öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdansız surətdə qeyri –ağlabatan tərzdə hərəkət etmələri mülki hüquq pozuntusuna səbəb olur. Qanun mülkiyyətçiyə üçlü səlahiyyət verməklə, bərabər, həm də bu səlahiyyətlərin həyata keçirilməsinin hədlərini müəyyən edir. Belə hədlərin nəzərdə tutulması əmlak münasibətlərinin tənzimlənməsinin ən vacib üsuludur. Mülkiyyətçi ona mənsub olan əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər. Qanunda və ya müqavilədə nəzərdə tutulan hallarda mülkiyyət hüququnun həyata keçirilməsi məhdudlaşdırıla bilər. Qanun iki halda mülkiyyətçinin ona mənsub olan əmlakı barəsində öz mülahizəsi ilə istənilən hərəkəti etmək imkanını məhdudlaşdırır: digər şəxslərin (qonşuların, üçüncü şəxslərin) hüquqlarının pozulduğu halda; hüquqdan sui-istifadə etdiyi halda. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına yalnız və yalnız ziyan vurmaq niyyəti ilə istifadə edir. Məsələn, hazırki mülki işdə olduğu kimi: cavabdeh avtomobilini açılacaq pəncərənin divarının önündə saxlamaqla süni maneə yaradır və bununla iddiaçıların hüquqlarını pozur. Bu, hüquqdan sui-istifadədir. Halbuki, mülkiyyətçi qonşularına və üçüncü şəxslərə narahatlıq gətirən bütün hərəkətlərdən çəkinməlidir. Mülkiyyət hüqunun məhdudlaşdırılması mülkiyyətçinin xüsusi mənafeyi ilə bütövlükdə cəmiyyətin ümumi (ictimai) mənafeyi arasındakı uyğunsuzluğu aradan qaldırmaq məqsədi güdür. Belə ki, mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılması cəmiyyətin ümumi (ictimai), ayrı-ayrı şəxslərin, əsasən, qonşuların mənafeyi mülahizələri ilə şərtlənir. Məlum məsələdir ki, mülkiyyətçi öz geniş məzmunlu mülkiyyət hüququnu həyata keçirərkən onun mənafeyi ilə cəmiyyət üzvlərinin, hər şeydən əvvəl, qonşuların mənafeyi arasında uyğunsuzluq yarana bilər. Belə hallarda, şübhəsiz ki, qonşuların mənafelərinin təmin edilməsinə zərurət yaranır. Bu, mülki qanunvericiliyin müəyyən etdiyi qonşuluq hüququ institunun vasitəsi ilə qaydaya salınır və tənzimlənir. Bu institutun əsas təyinatı mülkiyyətçinin öz mülkiyyət hüququnu ağlabatan, başqa şəxslərin mənafeyinə xələl gətirmədən həyata keçirməsini təmin etməkdən ibarətdir. Qonşuluq hüququ mülkiyyət hüququnu mülki-hüquqi məhdudlaşdırma vasitəsidir. Qonşuluq hüququ institunun müəyyən etdiyi əsas qayda ondan ibarətdir ki, mülkiyyətçilər öz hüquqlarını həyata keçirərkən ağlabatan hərəkət etməlidirlər. Qonşuluq hüququ institutu mülkiyyətçilər arasında hər hansı ixtilaf və mübahisəyə yol verilməsinə imkan vermir. O, qonşuluq mənafelərinin uyğunlaşdırılmasını nəzərdə tutur. Qonşuluq hüququna (qazıntı və tikinti işləri ilə bağlı qonşuluq münasibətlərinə) görə, mülkiyyətçinin borcudur ki, öz torpaq sahəsində qazıntı və tikinti işləri apararkən qonşuya ziyan vurmasın. Göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış otağında 1,20 m (eni) x 1,50 m (hündürlüyü) ölçüdə pəncərə boşluğu açılmalı və pəncərə boşluğunun açılmasına yaradılan maneələr aradan qaldırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 227 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış otağında 1,20 m (eni) x 1,50 m (hündürlüyü) ölçüdə pəncərə boşluğu açılsın. ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yaşayış otağında 1,20 m (eni) x 1,50 m (hündürlüyü) ölçüdə pəncərə boşluğunun açılmasına yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar