Məhkəmə qərarları › İş №2(001)-7387/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7387/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7387/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı “Expressbank" ASC-nin xeyrinə 2.451,46 manat məbləğində əsas, 440,51 manat məbləğində faiz, cəmi 2.891,97 manat məbləğində borcun və 30,40 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bundan sonra İddiaçı ASC məhkəmənin dəftərxanası vasitəsilə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2.394,51 manat məbləğində əsas, 434,53 manat məbləğində faiz, cəmi 2.829,04 manat məbləğində borcun və 30,40 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə ərizəsini nəzərə alıb, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, onunla İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 4.900 manat məbləğində kredit verilmişdir. İlk vaxtlar vaxtıvaxtında ödənişlər etmişdir. Lakin sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən öhdəliklərini lazımi qaydada icra edə bilməmiş və nəticədə Banka borcu yaranmışdır. Hazırda ondan tələb edilən məbləği etiraf edir, lakin bu məbləği bir dəfəyə ödəmək üçün maddi imkanı yoxdur. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən məbləğin ondan aylar üzrə hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 05 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 25,5% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 4.900 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faizləri ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləği barədə məlumat verilmiş və borcun 5 gün müddətində qaytarılması ondan tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə 02.09.2021-ci il tarixə 2.451,46 manat məbləğində əsas, 440,51 manat məbləğində faiz borcunun yarandığını iddia edərək, bu məbləğin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir. 05.10.2021-ci il tarixdə həmin müqavilə üzrə 200 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra iddiaçı iddia tələbinin həcmini azaltmış və hazırda cavabdehin 06.10.2021-ci il tarixinə 2.394,51 manat məbləğində əsas, 434,53 manat məbləğində faiz borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh borcunu etiraf edir, lakin ondan tələb edilən məbləği bir dəfəyə ödəmək imkanına malik olmadığını bildirir və həmin məbləğin ondan aylar üzrə hissəhissə tutulmasını xahiş edir. Kredit müqaviləsi üzrə kredit müddəti bitməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, cavabdeh 05.08.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra edə bilməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, həmin müqavilə üzrə borc məbləğini əks etdirən maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.394,51 manat məbləğində əsas, 434,53 manat məbləğində faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə həmin müqavilə üzrə 05.10.2021-ci il tarixə 200 manat məbləğində pulun ödənilməsi ilə bağlı onu da qeyd edir ki, həmin məbləğin 56,95 manat hissəsi mövcud olan əsas borcdan silinmişdir ki, ilk olaraq tələb edilən 2.451,46 manat məbləğində əsas borcdan bu məbləğin silinməsi nəticəsində qalıq əsas borc məbləği məhz (2.451,46 – 56,95 = 2.394,51) hazırda iddia üzrə tələb edilən 2.394,51 manat təşkil edir. Ödənilmiş 200 manat məbləğin 59,08 manat hissəsi mövcud olan faiz borcundan silinmişdir ki, iddia üzrə ilk olaraq 440,51 manat məbləğində faiz borcunun tələb edildiyi əsas götürüldüyü halda, qalıq faiz borcu (440,51-59,08 =381,43) 381,43 manat təşkil etməli idi. Lakin iddiaçı bu ödənişdən sonra 434,53 manat, yəni 53,10 manat daha artıq məbləğdə faiz borcunun tutulmasını tələb edir. Bu da həmin məbləğin ödənildiyi 05.10.2021-ci il tarixə kredit müqavilə üzrə artıq daha yüksək məbləğdə faiz borcunun yaranması ilə bağlı olmuşdur. Belə ki, ilk olaraq 02.09.2021-ci il tarixə yaranmış faiz borcu tələb edilmişdir. Ödəniş isə bu tarixdən 1 ay 8 gün sonra aparılmışdır. Həmin müddət ərzində də, yəni təkcə 1 aya (2.394,51 x 25,5 % /100 = 610,60 manat faiz borcu 1 il üzrə faiz borcu, 610,60 / 12 ay = 50,88 manat 1 ay üzrə faiz borcu) 50,88 manat məbləğində faiz borcu yaranmış olur. Bu səbəbdən məhkəmə iddia tələbini faiz borcu hissəsində də əsaslı hesab etmişdir. Ödənilmiş 200 manat məbləğində pulun 83,97 manat hissəsi isə mövcud olan cərimə borcundan silinmişdir. Belə ki, kredit müqaviləsi üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit razılaşmasında öz əksini tapmışdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh əsas və faiz borcunun ondan aylar üzrə hissəhissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. “Dövlət rüsumu haqqında”Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.394,51 manat məbləğində əsas, 434,53 manat məbləğində faiz, cəmi 2.829,04 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının əvəzi İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 05 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 2.394,51 (iki min üç yüz doxsan dörd manat, əlli bir qəpik) manat məbləğində əsas, 434,53 (dörd yüz otuz dörd manat, əlli üç qəpik) manat məbləğində faiz, cəmi 2.829,04 (iki min səkkiz yüz iyirmi doqquz manat, dörd qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar