Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7414/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi Məhkəmə iclasının katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 28 sentyabr 2018-ci İl tarixli, SBNPT- 0058 saylı kredit müqaviləsi üzrə əsas borca görə 2.172,08 manat, faiz borcuna görə 578,25 manat, cərimə borcuna görə 157,26 manat olmaqla borcun cəmi məbləğində 2.907,59 manat və Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 70 manat pulun tutulması, tələbin cavabdehə tam mülkiyyət hüquq üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 46,3 kv.m, yaşayış sahəsi 26.3 kv.m, yardımçı sahəsi 20.0 kv.m, torpaq sahəsi 0.00354 ha olan (Fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1 - Hasar 2kv.m) fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti müəyyən edilməklə, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehdən 28 sentyabr 2018-ci İl tarixli, SBNPT- 0058 saylı kredit müqaviləsi üzrə cəmi 2.907,59 manat və 70 manat dövlət rüsumu məbləğində pulun ona ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində fərdi yaşayış evin cavabdeh tərəfindən boşaldılmış vəziyyətdə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2018-ci İl tarixli, SBNPT-0058 saylı kredit müqaviləsinə əsasən illik 22 faiz dərəcəsi olmaqla, 36 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 2.172,08 manat, faiz borcuna görə 578,25 manat, cərimə borcuna görə 157,26 manat olmaqla cəmi məbləğində 2.907,59 manat borc təşkil edir. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdehə tam mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanında yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 46,3 kv.m, yaşayış sahəsi 26,3 kv.m, yardımçı sahəsi 20.0 kv.m, torpaq sahəsi 0.00354 ha olan (Fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1 - Hasar 2 kv.m) fərdi yaşayış evi bank qarşısında 28 sentyabr 2018-ci il tarixli İpoteka müqaviləsinə əsasən yüklü edilmişdir. İpotekalar notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girovsaxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni pozmağa və bütün tələblərini vaxtından əvvəl ödəməyə hüququ vardır”. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, işə təxirə salınmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin ərizə təqdim edərək, ipoteka predmetinin satış qiymətinin müqaviləyə uyğun olaraq 30.000 manat məbləğində qiymətləndirilməsinə razı olduqlarını bildirdi və bu barədə yazılı ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul edərək bildirdi ki, koronavirus pandemiyasınadək hər ay ödənişlərini vaxtlı-vaxtında ödəmişdir. Lakin pandemiya səbəbindən işdən azad edilmişdir. Həmçinin, himayəsində 1-ci qrup əlil qardaşı var. Tələb olunan məbləği ödəməyə razıdır, lakin aylıq 200-250 manatdan artıq ödəməyə maddi gücü çatmır. Bununla bağlı bankla razılığa gəlmiş və qətnamə qəbul edildikdən sonra ona yeni qrafik açılaraq ödənişlər edilməsi bildirilmişdir. Həmçinin ərizə təqdim edərək, ipoteka predmetinin satış qimətinin müqaviləyə uyğun olaraq 30.000 manat məbləğində qiymətləndirilməsinə razı olduqlarını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, kreditor borcalana 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən borc alan kredit ödəniş cədvəlinə əsasən ödənişi gecikdirərsə, hər gecikdirilmiş günə görə hazırki müqavilənin 2.13-cü bəndinə əsasən dəbbə pulu (cərimə) ödəməlidir. Kredit məbləğinin ilk ödəniş tarixi 28 oktyabr 2018-ci il, son ödəniş tarixi isə 28 sentyabr 2021-ci ildir. İpoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və ipoteka qoyan Cavabdeh arasında 28 sentyabr 2018-ci il tarixdə bağlanmış ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı evi 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Müqavilənin 2.2-ci bəndinə əsasən ipoteka yüklü edilmiş əmlak müstəqil qiymətləndirici tərəfindən 30.000 manat məbləğində qiymətləndirilmişdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı ev İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında ipoteka ilə yüklü edilmişdir; Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı evi Cavabdeh məxsusdur və qeydiyyatda hec kəs yoxdur; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh göndərilmiş 18 fevral 2021-ci il tarixli ipoteka predmetinə tutmanının yönəldilməsi barədə bildirişdən görünür ki, borcalandan kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra edilməsi tələb edilmiş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdar edilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə göndərilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında 24 fevral 2021-ci il tarixli ərizəsindən görünür ki, 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı kredit müqaviləsi əsasında Cavabdeh üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı evə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş və İdarənin 15 mart 2021-ci il tarixli məktubuna əsasən ipoteka predmetinə dair bildiriş qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün Reyestr Xidmətinə 10 manat və 30 manat olmaqla, cəmi 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 14 sentyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı kredit müqaviləsinə əsasən 2.172,08 manat məbləğində əsas borc, 578,25 manat məbləğində faiz borcu, 157,26 manat məbləğində cərimə olmaqla, cəmi 2.907,59 manat borcu var; 14 sentyabr 2021-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddianın qaldırılması üçün üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı krediti müqaviləsinə əsasən kreditor borcalana 36 ay müddətinə illik 22% dərəcəsi ilə istehlak məqsədi ilə 10.000 manat məbləğində kredit vermiş, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəlikləri icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı hazırda cavabdehin həmin müqavilə üzrə 2.172,08 manat məbləğində əsas, 578,25 manat məbləğində faiz, 157,26 manat məbləğində cərimə olmaqla, cəmi 2.907,59 manat borcunun yaradığını iddia edir və həmin məbləği cavabdehdən tələb edir. Cavabdeh öz növbəsində borcu etiraf edərək iddia tələbini qəbul edir. Göründüyü kimi, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları): 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir; 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər; 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Qərardadının 21-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 28 sentyabr 2018-ci il tarixli İpoteka müqaviləsinə əsasən, 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı ev ipoteka ilə yüklü edilmişdir. Cavabdeh-borcalan Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Cavabdehə bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər 1 saylı Ərazi İdarəsində qeydə alınmışdır. Tərəflərin razılığı ilə əmlakın ilkin satış qiymətinin ipoteka müqaviləsinə uyğun olaraq 30.000 manat müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetlərinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu öhdəliklərin icrası müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əmlakın satılmasını və əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik cavabdeh tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyan Cavabdeh tərəfindən ipotekaya qoyulmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı evə yönəldilməli, həmin ev açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə olunan vəsait hesabına kredit borcu ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana – Cavabdeh qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunmuş məbləğdə, yəni 30.000 manat məbləğində müəyyən edilməli, həmçinin “İpoteka haqqında” Qanunun 59.3.1-ci və 59.4-cü maddələrinin tələblərinə uyğun olaraq Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, S.Məmmədova küçəsi, 13a saylı ev satıldıqda Cavabdeh 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılmalı və həmin ev boşaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı kredit müqaviləsi üzrə 2.172,08 manat məbləğində əsas, 578,25 manat məbləğində faiz borcu, 157,26 manat məbləğində cərimə olmaqla, cəmi 2.907,59 manat borc, habelə bildirişin qeydiyyatı üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Rabitəbank" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 13a ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 46,3 kv.m, yaşayış sahəsi 26,3 kv.m, yardımçı sahəsi 20.0 kv.m, torpaq sahəsi 0.00354 ha olan (fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1- Hasar 2 kv.m) fərdi yaşayış evinə yönəldilməli, həmin ev açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə olunan vəsait hesabına kredit borcu və ödənilmiş dövlət rüsumlarının əvəzi iddiaçıya ödənilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılmalı, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı evin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməli, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, S.Məmmədova küçəsi, 13a saylı ev satıldıqda Cavabdeh 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılmalı və həmin ev boşaldılmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia təmin edilsin. 28 sentyabr 2018-ci il tarixli, SBNPT-0058 saylı kredit müqaviləsi üzrə 2.172,08 (iki min bir yüz yetmiş iki manat, səkkiz qəpik) manat məbləğində əsas, 578,25 (beş yüz yetmiş səkkiz manat, iyirmi beş qəpik) manat məbləğində faiz borcu, 157,26 (bir yüz əlli yeddi manat, iyirmi altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2.907,59 (iki min doqquz yüz yeddi manat, əlli doqquz qəpik) manat borc, habelə bildirişin qeydiyyatı üçün ödənilmiş 40 (qırx) manat dövlət rüsumu və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı “Rabitəbank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, ev 13a ünvanında yerləşən bir mərtəbəli, iki otaqlı, ümumi sahəsi 46,3 kv.m, yaşayış sahəsi 26,3 kv.m, yardımçı sahəsi 20.0 kv.m, torpaq sahəsi 0.00354 ha olan (fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1- Hasar 2 kv.m) fərdi yaşayış evinə yönəldilsin. Həmin ev açıq hərrac vasitəsilə satılsın. Satışdan əldə olunan vəsait hesabına kredit borcu və ödənilmiş dövlət rüsumlarının əvəzi iddiaçıya ödənilsin. Ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyan Cavabdeh qaytarılsın. İpoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, 13a saylı evin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilsin. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Məmmədova küçəsi, S.Məmmədova küçəsi, 13a saylı ev satıldıqda Cavabdeh 1 (bir) ay ərzində həmin evi tərk etmədiyi halda o, məcburi qaydada evdən çıxarılsın və həmin ev boşaldılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7414/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7414/2021
26.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver