Məhkəmə qərarları › İş №2(001)-745/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-745/2021

27.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-745/2021 27.05.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 1000 manat tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyana görə 1000 manat tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki iş üzrə 24.11.2020-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 107 saylı mənzilində yaşayır. Cavabdehlərin evi onun evinin yuxarı mərtəbəsində yerləşir. Cavabdehlər tərəfindən tez-tez onun evinə su axıdılır. O, dəfələrlə cavabdehlərə bununla bağlı xəbərdarlıq etsə də, cavabdehlər yenə də, öz əməllərini davam etdirirlər. Cavabdehlərin bu əməli ona həm maddi, həm də mənəvi zərər yetirir. O, ona vurulan maddi zərərin ödənilməsini cavabdehlərdən tələb etsə də, cavabdehlər onun zərərini ödəmir hətta gələcəkdə də bu əməlin qarşısının alınmasında heç bir niyyətlərinin olmadığını bildirirlər. Onun hesablamalarına əsasən ona 1000 manat ziyan dəymişdir. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 maddi ziyana görə 1000 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibətini, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş ÖM № 224572 seriyalı 18.02.2005-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Binəqədi rayonu 9-cu mkr., Mir Cəlal küçəsi 121 saylı evin 107 saylı mənzili İddiaçı adına 1374 saylı reyestr kitabında 206322 nömrəsi ilə qeydə alınmışdır. Binəqədi rayonu 92 saylı MKİS-in mühəndisi X5, sanitexniki X3 və sahə nəzarətçisi X6 tərəfindən tərtib olunmuş 21.10.2020-ci il tarixli aktdan müəyyən olunur ki, 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 107 saylı mənzilində yaşayan İddiaçı yaşadığı mənzilə 15.10.2020-ci il tarixdə baxış keçirilərkən hamam və ayaq yolunun tavanında yuxarı qonşudan axıdılmış suyun fəsadları aydın şəkildə görünür. Yuxarı qonşudan yəni Cavabdeh2 Məhəmməd qızına məxsus həmin binada yerləşən 110 saylı mənzilə baxış keçirilən zaman aşağıdakı mənzilin bu vəziyyətə düşməsində səbəbkarın 110 saylı mənzildə yaşayan sakinlər olması aydın şəkildə görünür. X1 ilə alıcı Cavabdeh1 arasında bağlanmış 10.07.2002-ci il tarixli müqavilənin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri 9-cu mkr., Mir Cəlal küçəsi 121 saylı evin 110 saylı mənzilini alıcıya satmışdır. Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh2 arasında bağlanmış daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən müəyyən olunur ki, satıcı Bakı şəhəri 9-cu mkr., Mir Cəlal küçəsi 121 saylı evin 110 saylı mənzilini alıcıya satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 30.10.2020-ci il tarixli **********60 saylı məktubundan müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu M.Cəlal küçəsi 121 saylı evin 110 saylı mənzili 43 saylı DNK-nın 19.10.2019-cu il tarixli 4Ə/305 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24.10.2019-cu il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Binəqədi rayonu M.Cəlal küçəsi 121 saylı evin 110 saylı mənzili Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 3207 nömrəli reyestr kitabının 299416 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.03.2021-ci il tarixli 10/3984 saylı rəyindən müəyyən olunur ki, tədqiqat Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 107 və 110 saylı mənzilləri üzrə aparılmış, tədqiqatın aparılması üçün mübahisəli mənzillərə ekspert tərəfindən iddiaçının iştirakı ilə baxış keçirilmiş, ölçü işləri aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzillər 9 mərtəbəli binanın 6-cı və 7-ci mərtəbələrində yerləşirlər. Mənzilinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzil 2 yaşayış otağından və yardımçı tikililərdən ibarətdir. Hamamın divarları kafellə döşəməsi metlaxla üzlənmiş, tavanı isə boya ilə rənglənmişdir. Həmin tikilinin sahəsi 3,5m2 (2,10x1,65), hündürlüyü 2,7 m olub. Bu tikilinin tavanı üzərində boya qatının qabarması kimi və sarımtıl su sızma ləkələrinin olduğu müşahidə olunmuşdur. Rəydən daha sonra müəyyən olunur ki, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 107 saylı mənzilin tavandakı su sızma ləkələrini, eləcə də mülki iş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu 92 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş 21.10.2020-ci il tarixli aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 110 saylı mənzilindən 107 saylı mənzilinə suyun sızması müəyyən olunmuşdur. Lakin 107 saylı mənzilin üst mərtəbəsində yerləşən 110 saylı mənzillin qapısı bağlı olduğundan həmin mənzilə baxış keçirilməsi mümkün olmamış və bu səbəbdən də 107 saylı mənzilə dəymiş ziyanın texniki səbəbini müəyyən etmək mümkün olmamışdır. Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 107 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 61 manat məbləğində müəyyən edilmişdir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1111.2.-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla iddiaçının mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 107 saylı mənzilinə Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu 9-cu mkr., M.Cəlal küçəsi 121 saylı evin 110 saylı mənzilindən su axıdılması nəticəsində iddiaçıya 61 manat maddi ziyan dəyməsi öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehə qarşı maddi ziyan tələbini bu hissədə əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, dövlət rüsumu və iş üzrə keçirilən ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh2 maddi ziyana görə 61 manat və dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 91 manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar