Məhkəmə qərarları › İş №2(001)-747/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-747/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-747/2023 24.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 6500 manat məbləğində borc pulun, eləcə də, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun tərəfindən hüquqi xidmətə görə 6 saylı Vəkil bürosunun vəkili Vəkil hesabına ödənilən 200 manat məbləğində və məhkəmənin hesabına ödənilən 100 manat məbləğində dövlət rüsumunun cəmi 6800 manat məbləğində pulun Cavabdeh tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış 05 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 6500 manat məbləğində pulu xx.xx.2022-ci il tarixinədək qaytaracağını öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərində göstərilən vaxt keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələr altında borc aldığı pulu ödəməkdən yayınır. Eyni zamanda cavabdehin günahı üzündən aralarından baş vermiş mübahisənin həll edilməsi üçün Bakı şəhəri 6 saylı vəkil bürosunun hesabına Vəkil ilə hüquqi xidmətin göstərilməsinə görə 200 manat məbləğində müqavilə bağlanmışdır. Bundan başqa onun tərəfindən Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlə rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edillmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki,iddia tələbini qəbul edir. Məhkəmə iclaslarının isə iştirakı olmadan keçirilməsini xahiş edir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

6. İddiaçı ilə Cavabdeh arasında notarial qaydada bağlanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borc verən (İddiaçı) borcalana (Cavabdeh) 6500 manat məbləğində pulu borc verir. Müqavilənin 2-ci bəndinə əsasən borcalan krediti xx.xx.2022-ci il tarixinədək borcverənə qaytarmağı öhdəsinə götürür.

7. İddiaçı ilə Vəkil arasında bağlanan 1979 saylı Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, Binəqədi Rayon Məhkəməsində baxılacaq mülki iş üzrə vəkilə hüquqi yardıma görə ödəniləcək haqq 200 manat məbləğində müəyyən edilmişdir.

8. 16.11.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 6 saylı Vəkil bürosunun hesabına 1979 saylı müqavilə üzrə 200 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

9. İddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, müqavilə şərtlərinə əsasən, borc verən (İddiaçı) borcalana (Cavabdeh) 6500 manat məbləğində pulu xx.xx.2022-ci il tarixinə qaytarılmaq şərtilə borc vermişdir.

10. İddiaçı həmin borc məbləğinin cavabdeh tərəfindən ona qaytarılmadığını, həmin borc məbləğini və yaranmış mübahisənin həlli üçün çəkdiyi xərcin əvəzini istəyir.

11. Cavabdeh isə əvvəlki məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini bildirmiş, bu barədə yazılı ərizəsini təqdim etmişdir. Tətbiq edilən maddi hüquq normaları:

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

14. 386.1-ci maddəsinə əsasən Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur;

15. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

16. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin;

17. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

18. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur;

19. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

20. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür;

21. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

22. 740-cı maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmənin mövqeyi:

23. Tərəflər arasında borc münasibətlərindən irəli gələn öhdəlik münasibətləri olmuş, iddiaçı müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyini icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Odur ki, cavabdehin hərəkətləri öhdəliyin lazimi qaydada icra edilməməsi kimi qiymətləndirilməli və o, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməlidir.

24. Bundan əlavə cavabdeh iddianı etiraf edir və iddianın etirafı qanuna zidd olmamaqla hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.

25. Bu səbəbdən də iddianın etirafı qəbul edilməli və iddia borcun tutulması hissəsində təmin edilməlidir. Tətbiq edilən prosessual normalar:

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

27. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

28. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

29. 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır;

30. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir;

31. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

32. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:

33. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kredit müqaviləsi üzrə 6500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir.

34. Məhkəmə xərcləri ilə bağlı isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinin tələbi baxımından iddiaçı məhkəməyə müraciət etmək üçün vəkilə ödədiyi vəsaiti cavabdehdən tələb etməkdə haqlıdır.

35. Belə ki, iş materiallarında hüquqi yardım üçün iddiaçı tərəfindən 200 manat xərcin çəkilməsi müəyyən edilir və həmin məbləğ ağlabatandır.

36. Dövlət rüsumu ilə bağlı isə qeyd edilməlidir ki, iddianın qiyməti 6500 manat məbləğindədir və iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 85 manat rüsum ödənilməli idi, lakin iddiaçı 100 manat rüsum ödəmişdir. Bu səbəbdən də iddiaçının artıq ödədiyi 15 manat məbləğ dövlət büdcəsindən ona qaytarılmalı, 85 manat məbləğ isə cavabadehdən tutularaq iddiaçıya ödənilməlidir.

37. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh kredit müqaviləsi üzrə 6500 (altı min beş yüz) manat, hüquqi yardıma çəkilən xərcə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi qismində 85 (səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artıq ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat məbləğində pul vəsaiti dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar