Məhkəmə qərarları › İş №2(001)-7575/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7575/2021

28.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7575/2021 28.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6.964,79 manat məbləğində əsas, 1.872,24 manat məbləğində faiz, cəmi 8.837,03 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 manat məbləğində bank xidməti haqqının əvəzinin tutulmasını xahiş etmişdir. İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfin bu barədə ərizəsini nəzərə alıb, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə 8.000 manat məbləğində pulu iddiaçıdan götürmüş, lakin sonradan maddi vəziyyətinin pisləşməsi səbəbindən öz üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə banka borcu yaranmışdır. İddia üzrə tələb edilən məbləği bir dəfəyə ödəmək üçün hazırda da maddi imkanı yoxdur. Lakin həmin məbləği hər ay hissə-hissə ödəyə bilər. Göstərilənlərin nəzərə alınmasını və iddia üzrə tələb edilən məbləğin ondan aylar üzrə hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o, Bankdan hər hansı məbləğdə pul götürməmişdir. İddia üzrə tələb edilən məbləğin ödənilməsi üçün də maddi imkanı yoxdur. Sadəcə olaraq Cavabdeh2 müraciətinə əsasən ona zamin durmuşdur. Göstərilənlərin nəzərə alınmasını və iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbini nəzərə alıb, cavabdehlərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 29% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 8.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmiş və kredit müqaviləsi ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı, habelə hesablanmış faiz borcunu ödəməyi barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə müvafiq bildiriş göndərilməklə yaranmış borc məbləği barədə məlumat verilmiş və borcun 5 gün müddətində qaytarılması ondan tələb edilmiş, əks təqdirdə borcun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdarlıq edilmişdir. Lakin cavabdeh bundan sonra da üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddiaçı 30 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin həmin müqavilə üzrə 16 sentyabr 2021-ci il tarixinə 6.964,79 manat məbləğində əsas, 1.872,24 manat məbləğində faiz, cəmi 8.837,03 manat məbləğində borcun yarandığını iddia edir və həmin məbləğin, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının əvəzinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh2 iddianı qəbul edir, lakin iddia üzrə tələb edilən məbləği bir dəfəyə ödəmək üçün maddi imkanının olmadığını bildirir. Həmin məbləğin ondan aylar üzrə hissə-hissə tutulmasını xahiş edir. Kredit müqaviləsi üzrə kredit müddəti bitməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə mülki işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, Cavabdeh2 qeyd edilən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcu məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə sənədlərini mötəbər sübut kimi qiymətləndirib, hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində əsaslıdır və təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 6.964,79 manatı məbləğində əsas, 1.872,24 manat məbləğində faiz, cəmi 8.837,03 manat məbləğində borc tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Araşdırma zamanı o da müəyyən edilmişdir ki, İddiaçı ASC ilə zamin Cavabdeh1 arasında bağlanmış 31.01.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 borcalan Cavabdeh2 31.01.2020-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən cavabdehlərə bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Cavabdeh1 iddianı qəbul etmir. İddiaçıdan hər hansı məbləğdə kredit götürmədiyini bildirir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 zamin kimi Cavabdeh2 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüyündən, zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti, habelə zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmadığından, iddiaçı qarşısında Cavabdeh2 ilə birgə və eyni həcmdə məsuliyyət daşımalı və müəyyən edilmiş əsas və faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı tərəfindən tələb edilən 30 manat məbləğində dövlət rüsumu, habelə 0,40 manat bank xidməti haqqı da eyni qaydada cavabdehlərə aid edilməlidir. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh2 əsas və faiz borcunun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6.964,79 manat məbləğində əsas, 1.872,24 manat məbləğində faiz, cəmi 8.837,03 manat məbləğində borc, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidməti haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 31 yanvar 2020-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 6.964,79 (altı min doqquz yüz altmış dörd manat, yetmiş doqquz qəpik) manat məbləğində əsas, 1.872,24 (bir min səkkiz yüz yetmiş iki manat, iyirmi dörd qəpik) manat məbləğində faiz, cəmi 8.837,03 (səkkiz min səkkiz yüz otuz yeddi manat, üç qəpik) manat məbləğində borc, habelə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidməti haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar