Məhkəmə qərarları › İş №2(001)-760/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-760/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-760/2020 13.11.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Ağalı Əli Rasim oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X4, Cavabdehin nümayəndəsi, Vəkil, X2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “aktların və komissiya rəyinin etibarsız hesab edilməsi, dəymiş zərərin və qaz sayğacının göstəricisinə əsasən hesablanmış cari borcun abonent hesabından silinməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 14116,20 manat məbləğində hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 22318 manat məbləğində pul və İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərc, həmçinin ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. 05 dekabr 2019-cu il tarixində İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14116,20 manat məbləğində hesablanmış cari borc və qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 4463,60 manat məbləğində pul olmaqla cəmi 18579,80 manat, İddiaçı pozulmuş hüquqlarını bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərc və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı ilə Cavabdeh arasında bağlanmış 30 yanvar 2017-ci il tarixli, AKX-500-01-17 saylı “Qaz paylayicisi ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasıdna qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ünvansız massivdə yerləşən istixana İddiaçı tərəfindən qazla təchiz olunmağa başlamışdır. Bağlanmış müqaviləyə əsasən abonentə İddiaçı X1 Departamenti tərəfindən **********00016 nömrəli abonent kodu verilmiş və cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən istixanaya gedən xəttin üzərində G-6 markalı, 1605AH**********79 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdehlə Socar İddiaçı arasında bağlanmış müqaviləyə əsasən o qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın tələbini tam ödəməli olduğu halda bunu etməmişdir. Bunun nəticəsində cavabdehin 14116,20 manat məbləğində cari borcu yaranmışdır. Bundan başqa cavabdeh müqavilə bağlanan sayğaca müdaxilə edərək təbii qazdan qanunsuz olaarq istifadə etmiş və bununla da İddiaçınə zərər vurmuşdur. Bu barədə 23 aprel 2018-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Tərəflər arasında imzalanmış 30 yanvar 2017-ci il tarixli, AKX-500-01-17 saylı müqavilənin 2.3.5-ci bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları” na əsaslanaraq İddiaçı İB-nin itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının 30 aprel 2018-ci il tarixli qərarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində itirilmiş qazın həcmi 22318 m3 təşkil edir. Cavabdehlə İddiaçı arasında bağlanmış müqavilənin 3.1-ci maddəsində göstərildiyi kimi Azərbaycan Respublikasını Tarif Şurasının müəyyən etdiyi tarifə əsasən 1 m3 üçün 0,20 manat müəyyən edildiyindən qanunsuz istismar nəticəsində dəymiş zərərin miqdarı 4463,60 manat təşkil edir. Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar edildiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən , qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Cavabdeh nümayəndəsi, Vəkil 06 fevral 2020-ci il tarixində qarşılıqlı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, İddiaçı İstehsalat Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 22 aprel 2018-ci il tarixli ******* №-li aktın və 30 aprel 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi, hesablanmış 4463,60 manat dəymiş zərər, qaz sayğacının göstəricisinə əsasən hesablanmış 14116,20 manat məbləğində cari borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 23 oktyabr 2020-ci il tarixində qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi, vəkil qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Ərizədə qeyd edilmişdir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddia üzrə cavabdehə bildirişlər təqdim edilməmişdir. Onun sayğacına gecə vaxtı nəzarət keçirilmiş, lakin gecə vaxtı nəzarətin vaxtı nəzarəti həyata keçirmələrinə dair əmr məhkəməyə təqdim edilməmişdir. Onun həyətinə nəzarətçilər qanunsuz olaraq onun iştirakı olmadan daxil olmuşlar. Sayğac dövlət yoxlamasına aparılan zaman istehlakçı bu barədə xəbərdar edilməli və üç gün ərzində o gözlənilməlidir. Çıxarılmış sayğaca dair laboratoriyanın rəyi olmalıdır, sayğac çıxarılanda onun foto şəkili çəkilməli və həmin şəkildə sayğacda olan son göstərici açıq aydın görsənməlidir. Qaz sayğacı dövlət yoxlamasına aparılan zaman onun yerinə müvəqqəti sayğac quraşdırılmalıdır. İddia ərizəsinə əlavə olaraq təqdim olunmuş sayğacın dövlət yoxlanılmasına aparılması barədə 16 aprel 2018-ci il, İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2018-ci il tarixli aktlara və 30 aprel 2018-ci il tarixli komisiya rəyində çıxarılmış sayğacın zavod nömrəsi, sayğacın mexaniki və ya elektron olması, xüsusi plombun nömrəsi, habelə son göstəricilər qeyd olunmamışdır. Həmçinin bildirir ki, məhkəməyə verdiyi qarşılıqlı iddia ərizəsində İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “ 22 aprel 2018-ci il tarixli ******* №-li aktın və 30 aprel 2018-ci il tarixli komisiya rəyinin etibarsız hesab edilməsi, hesablanmış 4463,60 manat dəymiş zərər, qaz sayğacının göstəricisinə əsasən hesablanmış 14116,20 manat məbləğində cari borcun abonent hesabından silinməsinə dair iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin tələbdə sayğacın dövlət yoxlanılmasına aparılması barədə 16 aprel 2018-ci il tarixli akt öz əksini tapmamışdır. Habelə ******* saylı aktın tarixi səhvən 22 aprel 2018-ci il tarixi kimi göstərilmişdir. Halbuki aktın tarixi 23 aprel 2018-ci il olaraq göstərilməli idi. Beləliklə sayğacın dövlət yoxlanılmasına aparılması barədə 16 aprel 2018-ci il tarixli aktın İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında “ 23 aprel 2018-ci il tarixli ******* №-li aktın və 30 aprel 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi, hesablanmış 4463,60 manat dəymiş zərərin, qaz sayğacının göstəricisinə əsasən hesablanmış 14116,20 manat məbləğində cari borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bir il müddətinə bağlanmış 30 yanvar 2017-ci il tarixli, AKX-500-01-17 saylı “Qaz paylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində ünvansız massivdə yerləşən istixananın qazla təchiz olunması üzün yazılı razılıq əldə edilmişdir. Bağlanmış müqaviləyə əsasən ona İddiaçı İB Regional qazın satışı Departamenti tərəfindən **********00016 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində G6 markalı 1605AH**********79 nömrəli qaz sayğacı quraşdırılmışdır. Müqavilə Cavabdeh ilə bağlanan zaman qazla təchiz olunmalı sahədə istixanaya qazın verilməsi nəzərdə tutulmuşdur, lakin o müqavilə bağlanan vaxtdan həmin ərazidə olmamış, istixananı işlətməmiş və qazdan istifadə etməmişdir. Müqavilənin müddəti 30 yanvar 2019-cu il tarixdə bitmişdir.Buna baxmayaraq 14 oktyabr 2019-cu il tarixdə İddiaçı İB-dən aldığı 06 may 2019-cu il tarixli pretenziya məktubundan Cavabdeh məlum olmuşdur ki, istehlak olunmuş qazın dəyəri tam ödənilmədiyindən müəssisəsinin (halbuki, onun heç bir müəssisəsi yoxdur və o, heç bir hüquqi şəxs yaratmadan müqaviləni fiziki şəxs qismində bağlamışdır) 03 may 2019-cu il tarixə Birliyə 18579,80 manat debitor borcu yaranmışdır. Həmin borcun hesablanması üçün 16 aprel 2018-ci il tarixdə onun iştirakı olmadan Bakı RQSD-nin əməkdaşlarının tərtib etdikləri akta əsasən sayğacın dövlət yoxlanılmasına aparılması adı ilə demontaj olunmuşdur. 23 aprel 2018-ci il tarixdə yenə də onun iştirakı olmadan tərtib olunmuş ******* №-li akta əsasən qeyri qanuni qosulma, təbii qazdan qanunsuz istifadə olunmasının aşkar edilməsi göstərilərək itirilmiş qazın istifadəsinə görə dəymiş ziyanın hesablanması hesablanması, 30 aprel 2018-ci il tarixli komissiya rəyi. Bu sənədlərdən məlum olmuşdur ki, yoxlamalar nəticəsində müqavilənin 3.1-ci maddəsində göstərilən tarifə əsasən 1 kub metr qazın dəyəri 0,20 manat müəyyən edildiyindən qanunsuz istismar nəticəsində dəymiş zərərin miqdarı 4463,60 manat, qaz sayğacının göstəricisinə əsasın hesablanmış 14116,20 manat məbləğində cari borc yaranmışdır. Bu barədə İddiaçı “ Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22.04.2018-ci il tarixli ******* saylı aktı və 30 aprel 2018-ci il tarixli komissiyanın rəyi ilə razı deyildir. Hesab edir ki, həmin akt və rəy etibarsız hesab edilməli, qanunsuz istismar nəticəsində dəymiş zərər və cari borc abonent hesabından silinməlidir.Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın tələbləri və Cavabdeh ilə bağlanmış müqavilənin şərtləri pozulmuşur. Cavabdeh məxsus qaz sayğacı və sayğacdan gələn qaz boruları küçədə yerləşir. Qaz kəməri istixananın işlədilməsi üçün çəkilsə də, faktiki olaraq Cavabdeh müqavilə bağladığı vaxtdan həmin yerdə olmamış və qazdan istifadə etməmişdir. İB tərəfindən 16 aprel 2018-ci il tarixli ilkin akt tərtib edilərkən qeyri-qanuni qoşulma və təbii qazdan qanunsuz istifadə olunmasının aşkar edilməsi göstərilməmişdir. Əgər belə bir fakt aşkar edilsə idi onun və hal şahidlərinin iştirakı ilə sənədləşdirilməsi müvafiq qaydada həyata keçirilməli idi. Lakin akt tərtib edilər kən nə Cavabdeh nədə ki, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Həmin akta əsasən sayğac çıxarılarkən onun üzərində hansı göstəricilərin olması Cavabdeh və ya hal şahidləri tərəfindən təsdiq olunmamışdır. Bundan sonra İddiaçı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 22 aprel 2018-ci il tarixli ******* №-li akt tərtib edilərkən, istehlakçının nümayəndəsi qrafasında Cavabdeh adı qeyd edilsə də, o faktiki olaraq aktın tərtib edilməsində iştirak etməmişdir. Təəccüb doğurur ki, ilkin aktda göstərilməyən qeyri qanuni qoşulma, təbii qazdan qanunsuz istifadə olunmasının aşkar edilməsi 22 aprel 2018-ci il tarixli ******* №-li aktda göstərilmişdir. Lakin bunun nədən ibarət olması və kimin tərəfindən edilməsi məlum deyil. Qeyri-qanuni qoşulma, təbii qazdan qanunsuz istifadə olunmasından Cavabdeh məlumatı yoxdur. Onun tərəfindən ümumiyyətlə qazdan istifadə olunmayıb. Bu barədə İB tərəfindən hər hansı sübut ona təqdim edilməmişdir. Buna görə də itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması ilə razı deyildir. Aktda göstərilən pozuntuya görə Cavabdeh istehlakçı kimi məsuliyyət daşımır. Qyd olunan akt onun hüquqlarını və qanunla qorunan mənafelərini pozduğuna görə sözü gedən akt və rəy qanuni sayıla bilməz. Akt və rəy etibarsız hesab edilməli və hesablanmış 4463,60 manat dəymiş zərər, qaz sayğacının göstəricisinə əsasən hesablanmış 14116.20 manat məbləğində cari borc silinməlidir. Sayğac quraşdırıldığı və qaz kəməri çəkilən vaxtdan qaz paylayıcısı “Qaydalar”da və müqavilədə nəzərdə tutulan vəzifələrini yerinə yetirməyərək- qaz qurğularına texniki baxış keçirilməsini təmin etməmiş, nəticələrini aktla rəsmiləşdirməmiş, bu barədə xüsusi kitabda qeyd aparmamışdır. “Qazdan istifadə Qaydaları” barədə Cavabdeh məlumatladırılmamış, verilən qazın həcminin və dəyərinin tam uçotu aparılmamışdır. Göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin qeyd etdi ki, o, cavabdehə hesablanan 8841,60 manatlıq borca görə qaz sərfiyyatı ilə bağlı akt tərtib edilməmişdir. Hesablanan borc məbləğlər sayğacda öz əksini tapdığından əlavə sübuta ehtiyac yoxdur.Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasında hər hansı razılaşma yoxdur. İlkin iddia ilə bağlı akt tərtib olunmuşdur. Cari borcla bağlı smart və mexaniki sayğacdan çıxarışı təqdim etmişdir. 18 noyabrdan bəri pul tələb edilməmişdir. Qarşılıqlı iddia sübut edir ki, vətəndaş sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Qarşı tərəf bildirir ki, onların istixana fəaliyyəti olmamışdır. Lakin qarşılıqlı iddia ərizəsində yazır ki, istixanaya qaz xəttinin çəkilməsi üçün müqavilə bağlanmışdır. Necə olur ki, 2017-ci ilin yanvar ayında istixananın qazla təchiz olunma müqaviləsi bağlanılır, lakin istixana istifadə edilmir. Sahibkarlıq fəaliyyəti ilə bağlı normativ 20 qəpikdən hesablanır. Müqavilə şablon qaydada bağlanır. Bağlanan müqavilələr İddiaçı İB-nin 3 və 1 nömrəli müqavilələri vardır. 1 nömrəli müqavilə isə vətəndaşla bağlanan müqavilədir. Sayğacdan çıxarışdan da görsənir. Ödənişlər 1570 manat, 1871 manat, 1471 manatlıq qaz işlədilir, sonra isə birdən-birə aprel ayında 390 manatlıq işlədilib. Borc qaz işlədilən vaxta aid olan borcdur. Borclar saldoda göstərilmişdir. 2017-ci ilin yanvar ayından kubu 20 qəpikdən hesablanmışdır. Vətəndaşa kubu 10 qəpikdən hesablanır. 250 kv keçdikdən sonra kubu 20 qəpikdən hesablanır. Faktiki olaraq cavabdeh sahibkardır. Ortada faktiki sahibkarlıq münasibəti vardır. Cavabdeh sahibkar ola-ola özünə VÖEN açdırmamışdır. Apreldə akt tərtib edilmişdir ki, qanunsuz istifadə vardır. Apreldəki akt 116 günə hesablanmışdır. Bu maddi ziyan formasında pozuntu kimi hesablamışdır. Müqavilə qaz paylayıcı ilə vətəndaş arasında olan müqavilədir. 16 apreldə sayğac götürülmüş, 30 apreldə qanunsuz qoşulma olmuşdur. İlkin iddianın təmin olunması, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş edirəm. Məhkəmə iclasında iclasında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatında bildirmişdir ki, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin əlavə olaraq bildirmişdir ki, heç bir daxili əmr olmadan istehlakçının iştirakı təmin edilmədən, sayğac yerindən çıxarılıb aparılmışdır. Sayğacın zavod nömrəsi, plomb nömrəsi qeyd edilməmişdir.Onun fərdi xüsusiyyətləri qeyd edilməyən aktlar tərtib edilmişdir. Cavabdehə qeyri-qanuni 8800 borc hesablanmışdır. Həmin borc məbləğinin nəyin əsasında yazıldığı məlum deyildir. İş üzrə ekspertiza keçirilməsinə lüzum isə yoxdur. Qoyulan sayğacın mexaniki və ya elektron olunması qeyd olunmamışdır. Sayğacın “Smart” növü qoyulanda ondan istifadə edilmişdir. Sayğacın dövlət yoxlanmasına aparılmasından istehlakçının xəbəri olmamışdır. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi, vəkil izahatlarında bildirmişdir ki, Sözügedən müqavilə 30 yanvar 2017-ci il tarixində bağlanılmışdır. Həmin müqavilədə istixanaya qazın verilməsi nəzərdə tutulmuşdur. Müqavilə bağlandıqdan sonra nə istixana düzəldilib nə də şəxsi məqsədlər üçün istifadə edilməmişdir. Sayğac da qoyulmuşdur. Burada təbii qazdan istifadə qaydalarına riayət edilməmişdir. Qarşı tərəf fərz etmişdir ki, həqiqətən istixana fəaliyyət göstərmişdir. 30 yanvar 2019-cu ildə müqavilə müddətli olduğundan vaxtı bitmişdir. 2019-cu il 6 may tarixli pretenziya məktubu gəlir ki, onun belə bir borcu vardır. Daha sonra bu akt ələ keçirildikdən sonra məlum olur ki, 16 aprel 2018-ci il tarixdə akt tərtib olunmuşdur. İstehlakçının iştirakı olmadan tərtib olunan aktda yazırlar ki, sayğac dövlət yoxlamasının aparılması üçün demontaj olunmuşdur. İstelkaçının iştirakı olmadan akt tərtib olunur ki, qeyri-qanuni qoşulma vardır. Və bu akt tərtib olunanda nə istehlakçı nə də hal şahidi olmuşdur. İş materiallarına şəkillər əlavə olunmuşdur. Lakin o şəkillərin haradan çəkildiyi və istehlakçıya nə aidiyyəti olduğu bilinmir. Əvvəlcə cavabdehin ilkin fikri istixananın olması idi. Lakin sonra bu məsələ alınmadı. Qarşı tərəf isə heç bir yoxlama aprmadı. Burada nəzarət kitabçası olmalıdır. İlkin iddia üzrə cavabdeh müqavilə bağlandıqdan sonra sahibkarlıqla məşğul olan fiziki şəxs kimi qeydiyyatdan keçməmişdir. Akt tərtib olunarkən 80 saylı qərarın qaydaları pozulmuşdur. İlkin iddia üzrə iddiaçı tərəfindən prosessual qaydalar pozulmuşdur. Sənədləşdirmə düzgün aparılmamışdır. İstehlakçının öz iştirakı olmalı idi. Aktın birində istehlakçının öz iştirakını yazıblar. Lakin istehlakçını imzası yoxdur. Hal şahidləri də olmamışdır. 14.000 manat borc yazırlar. Sayğac dövlət yoxlamasına aparılmış, lakin yazıblar ki, sayğacda problem olmamışdır. Sonra isə yazırlar ki, qanunsuz qoşulma vardır. Bilinmir ki, bu haradan qoşulmadır. Ən azıdan 14 min borca görə mübahisə yaratmamaq üçün tərəfi dəvət edərdilər. Müqavilə müddətli olmuşdur. Müqavilənin vaxtı bitdiyindən müqaviləyə xitam edilməmişdir. Həmin obyekt bir yay qazsız istifadə edilmişdir. Qaz yayda istifadə olunmur. Əslində bu iş məhkəmə qədər gəlib burada baxılmaya bilərdi. Səbəbi isə odur ki, qaz idarəsi ona verilmiş səlahiyyət çərçivəsində hərəkət etməlidir. Qazın istehlakına nəzarət olmalıdır. AR Nazirlər Kabinetinin 80- saylı qərarı ilə onlara bu səlahiyyət verilmişdir. Hal-hazırda biz məhkəmədə MPM-sinin tələbləri çərçivəsində hərəkət edirik. Eynilə onlar da NK-nin 80 saylı qərarın çərçivəsində hərəkət etməlidirlər. Lakin onlar qərara məhəl qoymayaraq öz bildikləri kimi hərəkət etmişlər. İddiaçı sahibkarlıq adı ilə müqavilə bağladığı halda ortada sahibkarlığı təsdiq edən hər hansı sübut yoxdur. Onlar özlərində nəzarət kitabçası açalı idilər. Və nəzarət kitabçasında hər şeyə nəzarət edilməli idi. Lakin qarşı tərəf bir gecə vətəndaşın həyətinə gəlir. Qanunsuz qoşulma aşkar edərək, sayğacın şəklini çəkib aparır. Eyni zamanda vətəndaşın həyətinə icazəsiz girilir. Saldonu aparıb analiz edirlər ki, istehlaka və kənardan istifadəyə bu qədər borc vardır. MPM-nin 76.3-cü maddəsinin tələblərinə görə qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə edilə bilməz. Onlar qanunu pozaraq öz bildiklərini sübut qismində təqdim edirlər. Həmin sübutlar qanunu pozmaqla əldə edilmişdir. Artıq yerində müayinə də aparılmış və hər şey məlumdur. Sayğacın içində disk vardır və həmin disk dövr edəndə rəqəmlər ortaya çıxır. Dövlət yoxlanışına aparanda tərəf orada yoxdursa necə müəyyən edilə bilər ki, o disk fırladılaraq dəyişdirlməmişdir. Vətəndaş özü axtarılıb tapılmalı idi. Prosedurlar vətəndaşın iştirakı ilə həyata keçirilməli idi. Qarşı tərəf 30 aprel tarixindəki akta istinad edir. 16 apreldə sayğac dövlət yoxlanışı üçün aparılır. 23 aprel tarixində isə 2-ci akt tərtib olunur ki, sayğacın dövlət yoxlanışında qeyri-qanuni istifadə aşkar olundu. Onu da qeyd edim ki, saldo mötəbər sübut deyildir. İstehlakçının baş verənlərdən məlumatı olmamışdır. Məhkəmə iclasında iştirak edən mütəxəssis qismində məhkəməyə çağırılan İddiaçı İBnin nəzarət şöbəsində mühəndis vəzifəsində çalışan X9 izahatında bildirmişdir ki, 30 aprel 2018-ci il tarixli itirilmiş təbii qazın dəyərinin hesablanması barədə AKT-a imza edən şəxslərdən biridir, lakin Akt tərtib olunan zaman onun iştirakı olmamışdır. O yalnız sayğacın fotoşəkillərini görmüşdür. Adətən aktlar abonentin iştirakı ilə onun yanında tərtib edilir. Əgər abonent aktın imzalanmasından imtina edərsə onun adı qarşısında imtina etdi ifadələri yazılır. Yoxlamaların aparılması zamanı gecə qrupları təşkil olunur. Gecə qrupları təşkil olunduqdan sonra onlar tərəfindən yoxlamalar aparılır. Daxili əmrə əsasən qeyri-qanuni qoşulma olan 180-ci gün cərimə yazılır. Sayğac akt tərtib edilərək, dövlət yoxlamasına göndərilir. Bundan sonra qanunsuz qoşulma halı aşkar edilir. Sayğacı onun şöbəsinin əməkdaşları götürmür. Abonentin ünvanında sayğac yoxdur. Sahibkarlı fəaliyyəti ilə məşğul olan şəxslərə hər kub metr üçün 20 qəpikdən hesabat aparılır. Bundan əvvəl abonentin ünvanında elektron sayğac olmuşdur. Əvvəlki sayğacın klapanına müdaxilə olmuş və o minusa doğru işləmişdir. -8800 manat borc sayğac minusa işləyərkən yazılmışdır. Balan qurtarsa da, sayğac işləməyə davam etmişdir. Bu rəqəm sayğacın beynindən götürülmüşdür. 14000 manat məbləğində olan ümumi borc məbləğidir. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh etibrnaməsinə əsasən X7 arasında 30 yanvar 2017- il tarixdə, № ***-**-** saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 3.1-ci maddəsinə əsasən bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər bir m3 üçün 0,20 manat məbləğində müəyyən edilir. Abonent saldosunun surətindən görünür ki, verilən qaz xətti üzrə abonent kodu **********00016 olan Cavabdeh tərtib olunan aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borcu 18579,80 manat təşkil edir. Həmçinin saldodan görünür ki, sayğac oxunmasına görə istehlakçı tərəfindən 2018-ci ilin yanvar ayında 1570,60 manatlıq, 2018-ci ilin fevral ayında 1871,60 manatlıq, 2018-ci ilin mart ayında 1437,60 manatlıq, 2018-ci ilin aprel ayında isə 394,80 manatlıq, ümumilikdə isə 5274,60 manatlıq qaz sərfiyyatı olmuşdur. 2018-ci ilin aprel ayından noyabr ayınadək qaz sərfiyatı olmamışdır. Daha sonra tərtib olunan akt əsasında 4463,60 manatlıq qaz sərfiyyatı, ödəmələr üzrə isə 8841,60 manatlıq qaz sərfiyyatı müəyyən edilmişdir. İddiaçı İB-nin 29 noyabr 2016-cı il tarixli 2139 saylı texniki şərt tələbindən görünür ki, Cavabdeh 02 noyabr 2016-cı il tarixində ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsinə (istixana) alçaq təzyiqli qaz xəttindən obyektədək xətt çəkmə xahiş edilmişdir. Texniki şərtin müddəti 29 noyabr 2018-ci il olaraq qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri D.Hüseynov və A. Ələkbərov tərəfindən tərtib edilən qaz təminatın dayandırılması ilə bağlı aktdan görünür ki, Cavabdeh ouna məxsus istixananın qaz təminatı debitor borcunun yaranması səbəbindən qaynaqla 16 aprel 2018-ci il tarixdə dayandırılmış, sayğac dövlət yoxlamasına aparılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 23 aprel 2018-ci il tarixli, ******* saylı aktdan görünür ki, abonent kodu **********00016 olan sayğac dövlət yoxlamasındadır. Sayğaca qeyri-qanuni qoşularaq təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir. İddiaçı İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən ******* saylı 23 aprel 2018-ci il tarixli akt əsasında qəbul edilən 30 aprel 2018-ci il tarixli qərardan görünür ki, qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/ saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 116 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejjimi 18 saat və hesabat müddəti 116 gün, Qeyri-standart su qızdırıcısının maksimal saatlıq qaz sərfi 8 m3/ saat, orta günlük iş rejimi 20 saat və hesabat müddəti 116 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ cəmi 22318 m3 müəyyən edilmişdir. İddiaçı İB tərəfindən Cavabdeh ünvanlanan 28 yanvar 2019-cu il tarixli və 06 may 2019-cu il tarixli pretenziya məktublarından görünür ki, Cavabdeh İddiaçı İB-nə olan borcunu 10 gün müddətində ödəməsi barədə məlumat verilmiş əks təqdirdə ona məxsus əmlakın qaz təchizatının dayandırılacağı və müvafiq qaydada məhkəməyə müraciət diləcəyi barədə xəbərdarlıq edilmişdir. 30 sentyabr 2020-ci il tarixli məhkəmənin yerində müayinə protokolundan görünür ki, qaz borusuna baxış keçirilən zaman hər-hansı kənar xətt olmamış, sayğac qutusu boş olmuş və qaz xətti şəbəkədən ayrılmışdır. Eyni zamanda abonent müqaviləsinin bağlandığı sahənin əvvəllər istixana olduğu və baxış keçirilən zaman yararsız və işlək vəziyyətdə olmadığı müəyyən edilmişdir. Həyətin baxımsız olması ərazinin uzun müddətdir istifadə edilmədiyi, lakin mövcud olan vəziyyətin, quraşdırılan şəbəkələrin ərazinin əvvəllər istixana kimi istifadə edilmiş olması qənaətinə gəlməyə əsas verir. 01.10.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş halları aşağıdakılardan ibarətdir: 1) 30 yanvar 2017-ci ildə ***-**-** saylı müqaviləyə əsasən Cavabdeh Allahverdi oğlu ilə İddiaçı İB arasında qazın alqı-satqısı barədə razılaşma olmuşdur. 2) Həmin müqavilədə qazın 1 kub metr üçün dəyəri 0.2 manat məbləğində müəyyən edilmişdir. 3) 29 noyabr 2016-cı il tarixli İddiaçı İB tərəfindən Cavabdeh müraciətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Səlimov küçəsi 11, d 16 qeyri yaşayış sahəsinə Texniki Şərt verilmişdir. 4) 28 dekabr 2017-ci il tarixli AKT-a(Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi haqqında) əsasən istehlakçı Cavabdehin Buzovna qəsəbəsində yerləşən İstixanasından smart tipli sayğac çıxarıldılaraq müvəqqəti olaraq Elestr tipli sayğac quraşdırılmışdır. Səbəbi keçən qazın sərfiyyatının qeyd edilməməsidir. Həmin akta abonent imza etməkdən imtina etmişdir. 5) 17 aprel 2018-ci il tarixdə AKT tərtib edilərək Elestr tipli qaz sayğacı xüsusi plombun qırıq olmasına görə çıxardılmışdır, həmin akta icrayəyə götürənin oğlu imza etməkdən imtina etmişdir. 6) 23 aprel 2018-ci il tarixdə tərtib edilmiş AKT-a( Təbii qazdan istifadə qaydalarının pozulması haqqında) əsasən sayğacın dövlət yoxlamasında olduğu, lakin təbii qazdan qeyri qanuni qoşulma ilə istifadə edildiyi aşkar edilmişdir. İstehlakçının nümayəndəsi aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. 7) 30 aprel 2018-ci ildə itirilmiş təbii qazın dəyərinin hesablanması barədə müvafiq komissiya qərar qəbul etmiş, 116 gün üçün hesablanmış məbləğ 22318 kub metr, yəni 4463.6 manat müəyyən edilmişdir. Beləliklə ilkin iddia üzrə iddiaçı qanunsuz qoşulmaya görə tərtib edilmiş akta əsasən 30 aprel 2018-ci il tarixə qədər 116 gün hesablamaqla 4463.6 manat, 2018-ci il yanvar ayına olan borca əsasən 8841.6 manat , 2018-ci ilin yanvar-aprel ayları üçün sərf olunmuş qaza görə hesablanmış 5274.6 manat pul tələb edir. Qarşılıqlı iddia üzrə iddiaçı isə ilkin iddia tələbinin əsasını təşkil edən komissiya rəyinin və borcun hesablanması barədə aktın etibarsız hesab edilməsini, ilkin iddia üzrə iddiaçı tərəfindən tələb olunan borc məbləğinin onun abonent hesabından silinməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 19-cu maddəsində qeyd edilmişdir ki, Dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. HəminMəcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan maddi hüquq normalarının (MM 1096,1097) mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə tələblərin mahiyyətini nəzərə alaraq ilk növbədə qarşılıqlı iddia üzrə iddiaçının tələbinə hüquqi qiymət verilməsinin zəruri olduğu qənaətinə gəlir. Belə ki, qarşılıqlı iddianın təmini onsuz da ilkin iddianın təmin olunmasını istisna edir. Bu baxımdan ilkin mərhələdə qarşılıqlı iddia üzrə hüquqi dəyərləndirilmə aparılması məqsədəmüvafiqdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının 23 aprel 2018-ci il tarixli ******* saylı aktın və 30 aprel 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi hissəsində tələbi əsaslıdır. 16.04.2018-ci il tarixli aktın etibarsız hesab edilməsinə münasibətdə isə məhkəmə bu tələbi ona görə əsassız hesab edir ki, əvvəla iddiaçının etibarsız hesab edilməsini xahiş etdiyi AKT heç bir hüquqi nəticə doğurmayan, hərəkətin icrasını təsdiqləyən formal xarakterli tərtib edilmiş bildirişdir, yəni həmin AKT fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli akt hesab edilə bilməz. Bu səbəbdən iddiaçı heç bir hüquqi nəticə doğurmayan həmin AKT-ın etibarsızlığını tələb etməkdə haqlı deyildir. Məhkəmə digər AKT-ların etibarsız hesab edilməsini ona görə əsaslı hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən tərtib edilmiş 23 aprel 2018-ci il tarixli akt iddiaçı təşkilatın əməkdaşları tərəfindən gecə vaxtı, istehlakçının iştirakını təmin etmədən, hal şahidləri cəlb edilmədən,birtərəfli qaydada tərtib edilmişdir. O cümlədən istehlakçının akt tərtib edilən zaman orda olmadığını bilə-bilə imza etməkdən imtina etdiyi qeyd edilmişdir. Bu səbəbdən 23 aprel 2018-ci il tarixli və bundan irəli gələn 30 aprel 2018-ci il tarixli AKT-ların mötəbərliliyi əsaslı dərəcədə şübhə doğurur. Belə ki, 16-17 apreldə qaz təminatı qaynaqla kəsildikdən və qaz sayğacı çıxarıldıqdan sonra 6 gün sonra istehlakçının yenidən gecə vaxtı yoxlama aparması və sayğacdan kənar qanunsuz qoşulma faktını müəyyən etməsi inandırıcı deyildir. İddiaçı eyni zamanda yanvar, fevral, mart, aprel ayları üçün sərf edilmiş qazın dəyərini tələb etməklə bir növ həmin tarixlərdə qanunsuz qoşulma faktının mövcudluğunu inkar etmişdir. Yəni ilkin iddia üzrə iddiaçı 2018-ci ilin ilk 4 ayı üçün həm sərf edilmiş qazın dəyərini tələb edir, həm də hesab edir ki, həmin tarixlərdə xüsusi plomb qırılaraq sayğacdan kənar qanunsuz qoşulma halı olmuş, eyni zamanda 6 gün sonra birbaşa qaz xəttinə sayğacsız qoşulma halı olmuşdur. Bu baxımdan yanaşıldıqda məhkəmə o qənaətə gəlir ki, qarşılıqlı iddia tələbi 23 aprel 2018-ci il tarixli ******* №-li aktın və 30 aprel 2018-ci il tarixli komissiya rəyinin etibarsız hesab edilməsi hissəsində əsaslı olduğundan təmin edilməlidir, dolayısı ilə ilkin iddia tələbi qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpası ilə əlaqədar hesablanmış 4463.6 manat məbləğində pulun tutulması hissəsində isə rədd edilməlidir. Məhkəmə qarşılıqlı iddianın qaz sayğacının göstəricisinə əsasən hesablanmış 14116,20 manat məbləğində cari borcun istehlakçının abonent hesabından silinməsi hissəsində də iddianı qismən əsaslı hesab edir. Belə ki, abonentin saldosundan görünür ki, qaz paylayıcısı ilə sənaye qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə ***-**-** saylı 30 yanvar 2017-ci il tarixində müqavilə bağlandıqdan sonra istehlakçı tərəfindən 2018-ci ilin yanvar ayında 1570,60 manatlıq, 2018-ci ilin fevral ayında 1871,60 manatlıq, 2018-ci ilin mart ayında 1437,60 manatlıq, 2018-ci ilin aprel ayında isə 394,80 manatlıq, ümumilikdə isə 5274,60 manatlıq qaz sərfiyyatı olmuşdur. Bundan əlavə 28 dekabr 2017-ci il tarixdə müvəqqəti sayğac quraşdırılan zaman sayğacın mexaniki göstəricisi(41606) və 17 aprel 2018-ci il tarixdə müvəqqəti sayğac çıxarılan zaman olan göstəricisi(67979) arasında fərq hesablandıqda((67979-41606) X 0.2=5274.6) alınan məbləğ tələb olunan məbləğə uyğun gəlir. Belə ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləğin əsassız olaraq hesablanması barədə mötəbər sübut təqdim edə bilməmişdir. Bu səbəbdən qarşılıqlı iddia ərizəsinin hesablanmış cari borcun abonent hesabından silinməsi tələbi bu hissədə əsassız hesab edilməklə rədd edilməli, dolayısı ilə ilkin iddia tələbi 5274.6 manat pulun tutulması hissəsində təmin edilməlidir. Qarşılıqlı iddia ərizəsinin 8841.6 manat cari borcun abonent hesabından silinməsini məhkəmə əsaslı hesab edir. Belə ki, abonentin saldosundan və iddia tələbindən ehtimal olunur ki, tələb olunan məbləğ 28 dekabr 2017-ci il tarixədək hesablanmış məbləğdir. Çünki nə ilkin iddia üzrə iddiaçı, nə qarşılıqlı iddia üzrə iddiaçı həmin məbləğin hansı tarixlər üçün və hansı əsasla hesablandığını müəyyən edə bilmir. 2018-ci ilin ilk 4 ayı üçün hesablanmadığı aşkardır, belə ki, 2018-ci ilin ilk 4 ayı üçün abonentin saldosunda sərf edilmiş qazın məbləği göstərilmişdir. Ehtimal olunur ki, həmin məbləğ sayğac ilk dəfə dəyişdirilərkən, yəni 28 dekabr 2017-ci ilədək hesablanmış məbləğdir. Lakin 28.12.2017-ci il tarixli AKT-da sayğacın smart tipli olması müəyyən edilsə də, smart tipli sayğaclarda mexaniki göstəricilərə əsasən deyil, yüklənmiş məbləğə münasibətdə qaz sərfiyyat edilir. Yəni sayğacın nasaz olmasına(sayğacın minusa işləməsinə görə) görə istehsalçı məlum olmayan qaydada hesabladığı məbləği cavabdehdən tələb etməsi əsassızdır. Üstəlik həmin sayğacın harda olması, həmin məbləğin hansı laboratoriya şəraitində hesablanması müəyyən edilmir, ilkin iddia üzrə iddiaçı bununla bağlı hər-hansı tutarlı əsas gətirə bilmir. Odur ki, ilkin iddia üzrə iddiaçının hansı əsasla həmin məbləği hesablaması müəyyən edilmədiyindən qarşılıqlı iddia tələbi 8841.6 manat pulun silinməsi hissəsində əsaslıdır, dolayısı ilə ilkin iddia tələbi 8841.6 manat pulun tutulması hissəsində rədd edilməlidir. Məhkəmə iddia tələbinin pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin tutulması ilə bağlı aşağıdakıları qeyd edir: "xxxx" MMC ilə “Mirzayev and X13” MMC arasında bağlanan 01 may 2019-cu il tarixli “Alyans yaradılmasına dair” müqavilənin 3.5-ci bəndinə görə partnyor tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 130 manat, böyük hüquqşünas tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 100 manat, hüquqşünas tərəfindən 1 saatlıq hüquqi xidmətin göstərilməsi üçün 80 manat dəyərində tariflər müəyyən edilmişdir. “Mirzəyev və Partnyorları” vəkil brosunun direktoru Səyyad Mirzəyev tərəfindən İddiaçıİB-nə ünvanlanan məktubdan görünür ki, İddiaçı İB-nin maraqlarının bütün instansiya məhkəmələrində müdafiə edilməsi ilə bağlı “Mirzayev and X13” MMC-yə 25.07.2019-cu il tarixli, 189/AZQ saylı sifariş daxil olmuşdur. Məktubda "xxxx" MMC ilə “Mirzayev and X13” MMC arasında bağlanan 01 may 2019-cu il tarixli “Alyans yaradılmasına dair” müqavilənin 3.5-ci bəndinə görə hər bir iş üzrə böyük hüquqşünas tərəfindən göstərilən hüquqi xidmətin dəyəri hazırlıq və digər iclaslarda iştirakın müddəti 1 saat hesablanmış və 1 saat üçün 100 manat xidmət haqqı müəyyən edilməsi qeyd edilmişdir. İş materialları üçün tanışlıq müddəti isə 2 saat olacağı qeyd edilmişdir. Nəticə olaraq isə hər bir iş üzrə xidmət haqqının 300 manat təşkil edəcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, ilkin iddia üzrə iddiaçının vəkil xidmətləri üçün sərf etdiyi 300 manat vəsait, keçirilmiş məhkəmənin hazırlıq və dəfələrlə baxış iclaslarında iştirakının müddəti nəzərə alınmaqla ağlabatandır və həmin vəsait cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan başqa, Mülki Prosessual Məcəllənin 218.1 və 218.3-cü maddələrinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan başqa “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləlilkə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia iddia qismən təmin edilməli, Cavabdeh 5274,60 manat məbləğində pul vəsaiti, hüquqların bərpası məqsədilə çəkilən 300 manat xərc olmaqla ümumilikdə 5574,60 manat pul vəsaiti tutularaq İddiaçı İB-nə ödənilməli, iddia digər hissədə təmin edilməməli, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında “ 23 aprel 2018-ci il tarixli ******* №-li akt və 30 aprel 2018ci il tarixli komissiya rəyi etibarsız hesab edilməli, 4463,60 manat dəymiş zərər(qanunsuz qo.ulmaya əsasən), qaz sayğacının göstəricisinə əsasən hesablanmış 8841.6, ümumilikdə 13305,2(8841,60 +4463,60) manat məbləğində cari borc abonent kodu **********00016 olan hesabdan silinməli, qarşılıqlı iddia digər hissədə təmin edilməməlidir. İlkin iddia qismən təmin edildiyindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 10 manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçınə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı SOCAR İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə qaydalarının pozulmasına görə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. Cavabdeh 5274,60 (beş min iki yüz yetmiş dörd manat, altmış qəpik) manat məbləğində pul vəsaiti, hüquqların bərpası məqsədilə çəkilən 300 (üç yüz) manat xərc olmaqla ümumilikdə 5574,60 (beş min beş yüz yetmiş dörd manat, altmış qəpik) manat pul vəsaiti tutularaq İddiaçı İB-nə ödənilsin. İlkin iddia digər hissədə təmin edilməsin İddiaçı Cavabdeh İddiaçı İB-nə qarşı “aktların və komissiya rəyinin etibarsız hesab edilməsi, dəymiş zərərin və qaz sayğacının göstəricisinə əsasən hesablanmış cari borcun abonent hesabından silinməsi” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı İB-nin təbii qazdan istifadə qaydalarının pozulması haqqında Cavabdeh barəsində tərtib edilmiş “ 23 aprel 2018-ci il tarixli ******* №-li akt və 30 aprel 2018-ci il tarixli komissiya rəyi etibarsız hesab edilsin. Qanunsuz qoşulmaya görə hesablanmış 4463,60 manat və qaz sayğacının göstəricisinə əsasən hesablanmış 8841.6 manat, ümumilikdə 13305,2 (on üç min üç yüz beş manat, iyirmi qəpik) manat məbləğində cari borc iddiaçı Cavabdeh abonent kodu **********00016 olan hesabından silinsin. Qarşılıqlı iddia digər hissədə təmin edilməsin. İlkin iddia üzrə 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 10 (on) manat məbləğində hissəsi ilkin iddia üzrə Cavabdeh tutularaq ilkin iddia üzrə İddiaçınə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi iləBakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar