Məhkəmə qərarları › İş №2(001)-763/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-763/2022

09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-763/2022 09.02.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 030R********** saylı kredit razılaşması üzrə 1.116,82 manat məbləğində əsas, 525,96 manat məbləğində faiz, 1.369,71 manat məbləğində cərimə, cəmi 3.012,49 manat məbləğində borcun və ödənilmiş 50,12 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə etmiş və iş materiallarında olan sübutlara əsaslanaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək, iddiaçıya iddia üzrə tələb edilən 1.116,82 manat məbləğində əsas borcunun olduğunu, həmin borcu aylar üzrə hissə-hissə ödəmək imkanına malik olduğunu, iddia tələbini qalan hissədə əsassız hesab etdiyini bildirmiş və ondan iddiaçının xeyrinə iddia üzrə tələb edilən əsas borcun ayda 60- 70 manat olmaqla hissə-hissə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, bu cavabdehlər hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdilər. Məhkəmə işə bu cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 030L**********14 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, İddiaçı QSC Cavabdeh1 120 ay müddətinə, 50.000 manat məbləğində uzunmüddətli kredit xəttini açır və ayrıca razılaşma əsasında ona kredit verir. Həmin uzunmüddətli kredit müqaviləsi çərçivəsində iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 030R********** saylı kredit razılaşmasına əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə aylıq 2.1667 faiz dərəcəsi ilə faiz hesablamaq və borcu ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd edilən kredit razılaşması ilə müəyyən edilmiş məbləği iddiaçıdan qəbul etmiş və bu kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi, müəyyən olunmuş müddətlərdə və məbləğlərdə əsas kredit borcunu qaytarmağı, habelə hesablanmış faizləri və gecikmələrə yol verdiyi təqdirdə hesablanacaq cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra edə bilməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərərək, borc məbləği barədə məlumat verilməklə, ondan borcun ödənilməsini tələb etmiş, əks halda yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona məlumat verilmişdir. Lakin bu da bir nəticə verməmiş, cavabdeh bundan sonra da öhdəliyi tam icra etməmişdir. Bu səbəbdən iddiaçı 50,12 manat məbləğində dövlət rüsumu ödəməklə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və cavabdehin xx.xx.2021-ci il tarixə 1.116,82 manat məbləğində əsas, 525,96 manat məbləğində faiz, 1.369,71 manat məbləğində cərimə, cəmi 3.012,49 manat məbləğində borcunun yarandığını iddia etməklə, bu məbləğin, habelə ödənilmiş 50,12 manat dövlət rüsumunun əvəzinin ondan tutulmasını tələb edir. Kredit razılaşması üzrə kredit müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı qeyd edilən razılaşma üzrə həmin tarixə 356,15 manat məbləğində faiz, 330,06 manat məbləğində cərimə borcunun yarandığını bildirir. Cavabdeh1 iddianı yalnız əsas borcun tutulması hissəsində qəbul edir, həmin borcu ayda 60-70 manat olmaqla hissə-hissə ödəmək imkanına malik olduğunu bildirir və iddia üzrə tələb edilən əsas borc məbləğini ondan aylar üzrə hissə-hissə tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə, aparılmış araşdırmanın nəticələrinə əsaslanıb, bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, o cümlədən yuxarıda qeyd edilən müddəaları rəhbər tutub qeyd edir ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan müddətlərdə və məbləğlərdə ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kredit müqaviləsi üzrə iddiaçı tərəfindən tələb edilən əsas borc məbləğini nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Cavabdeh1 1.116,82 manat məbləğində əsas borc İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı kredit müqaviləsi üzrə cavabdehdən iddia tələbində qeyd olunan məbləğdə, yəni 525,96 manat məbləğində faiz borcunu kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini xx.xx.2021-ci il tarixədək hesablamaqla tələb edir. Halbuki, kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Məhkəmə iddiaçının kredit müqaviləsi üzrə faizlərin kredit müddətinin bitdiyi tarixdən sonra da eyni faiz dərəcəsi ilə hesablanması ilə bağlı istinad etdiyi halları əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Ən nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşmasının 2.3-cü bəndində nəzərdə tutulmuş şərt isə, yəni Mülki Məcəllənin 449.4-cü maddəsinə uyğun olaraq kredit üzrə faizlərin kredit borcunun tam ödənildiyi tarixədək hesablanıb tutulması, kredit müqaviləsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə deyil, Mülki Məcəllənin 449.1-ci maddəsində nəzərdə tutulmuş bank uçot faiz dərəcəsi ilə pulun tutulmasını ehtiva edir. Belə ki, Mülki Məcəllənin: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu səbəbdən məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə iddiaçının tələb etdiyi kimi kredit müqaviləsində nəzərdə tutulmuş faizlə deyil, 449.1-ci maddəsinə uyğun olaraq bank uçot faiz dərəcəsi ilə faizlərin tutulması gələcəkdə iddiaçının daha böyük zərərə görə pul tələbi ilə çıxış etməsinin qarşısını aldığından iddia tələbindən kənara çıxma kimi qiymətləndirilməklə yolverilməzdir. Belə ki, Mülki Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində kreditin vaxtında qaytarılmaması ilə bağlı kredit müddətindən sonra borclunun kredit müqaviləsi üzrə faiz dərəcəsi ilə gecikdirmə faizlərinin ödənilməsi üzrə hər hansı şərt nəzərdə tutulmadığından, iddiaçının tələb etdiyi faiz məbləği yalnız kredit müqaviləsinin bitdiyi tarixədək (xx.xx.2021-ci il) hesablanmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə tutulmalı olan faiz borcu müəyyən edilərkən borcun xx.xx.2021-ci il tarixə hesablanmasını əks etdirən maliyyə arayışı əsas götürülməli və Cavabdeh1 iddiaçının xeyrinə həmin maliyyə arayışında göstərilmiş 356,15 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmənin gəldiyi bu qənaət gələcəkdə iddiaçının vurulmuş real zərərin və əldən çıxmış fayda qismində faizlərin tutulması üzrə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə araşdırılması zamanı, o da müəyyən edilmişdir ki, kredit razılaşması üzrə iddiaçı ilə cavabdeh arasında gecikməyə yol verildiyi təqdirdə cərimə borcunun hesablanması haqqında yazılı formada razılaşma olmuş, yəni cavabdeh cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin kredit razılaşmasında öz əksini tapmışdır. Hazırda da iddiaçı kredit razılaşması üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən kredit müqaviləsi üzrə 1.369,71 manat məbləğində cərimə borcunun tutulmasını tələb edir. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alıb, belə qənaətə gəlir ki, cavabdehə kredit müqaviləsi üzrə tənasübsüz surətdə yüksək dəbbə pulu hesablanmışdır. Bu səbəbdən iddiaçı tərəfindən kredit müqaviləsi üzrə hesablanmış cərimə məbləği endirilərək, 100 manat məbləğində müəyyən edilməli, həmin məbləğdə cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə zaminlər Cavabdeh3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda bağlanmış xx.xx.2018-ci il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 borcalan Cavabdeh1 xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi və onun çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşması üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşlər. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən bu cavabdehlərə də bildiriş göndərilməklə kredit müqaviləsi üzrə yaranmış kredit borcunun ödənilməsi tələb olunmuş, əks təqdirdə borcun tam şəkildə qaytarılması tələbi ilə iş materiallarının hazırlanıb aidiyyəti üzrə məhkəməyə göndəriləcəyi bildirilmiş, lakin bu da bir nəticə verməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zamin kimi borcalan Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərlərinə götürdüklərindən, zaminlik müqavilələrində zaminlərin subsidiar məsuliyyəti, habelə zaminlik müqavilələrində başqa hal nəzərdə tutulmadığından, iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, məhkəmə tərəfindən müəyyən edilmiş əsas, faiz və cərimə borcu müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən Cavabdeh1 əsas borcun ondan aylar üzrə hissə-hissə tutulması barədə xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Məhkəmə, cavabdehlərdən ümumilikdə (1.116,82 + 356,15 + 100 = 1.572,97) 1.572,97 manat məbləğində borcun tutulması qənaətinə gəlindiyindən cavabdehdən iddiaçının xeyrinə bu məbləğ üçün nəzərdə tutulmuş məbləğdə, yəni 35,80 manat məbləğində dövlət rüsumu tutulmalı, dövlət rüsumunun qalan, yəni (50,12-35,80= 14,32) 14,32 manat hissəsi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 030R********** saylı kredit razılaşması üzrə 1.116,82 manat məbləğində əsas, 356,15 manat məbləğində faiz, 100 manat məbləğində cərimə, cəmi 1.572,97 manat məbləğində kredit borcu, habelə ödənilmiş dövlət rüsumunun 35,80 manat hissəsinin əvəzi tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə xx.xx.2018-ci il tarixli uzunmüddətli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 030R********** saylı kredit razılaşması üzrə 1.116,82 (bir min bir yüz on altı manat, səksən iki qəpik) manat məbləğində əsas, 356,15 (üç yüz əlli altı manat, on beş qəpik) manat məbləğində faiz, 100 (bir yüz) manat məbləğində cərimə, cəmi 1.572,97 (bir min beş yüz yetmiş iki manat, doxsan yeddi qəpik) manat məbləğində kredit borcu, habelə ödənilmiş dövlət rüsumunun 35,80 (otuz beş manat, səksən qəpik) manat hissəsinin əvəzi tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar