Məhkəmə qərarları › İş №2(001)-7632/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7632/2023

11.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7632/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Binəqədi Rayon Məhkəməsinin 2(001)-2724/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh əmək haqqısının və digər gəlirlərinin ¼ hissəsində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddia ərizəsinə əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, alimentin artırılması ilə bağlı mübahisə tərəflər arasında mediasiya prosesində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişi ilə nəticələnmişdir. Halbuki Ailə Məcəlləsinin 22-ci maddəsinin tələbinə görə alimentlə bağlı saziş olmadıqda aliment tələbinə məhkəmə qaydasında baxıla bilər. Bununla belə iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı mediasiya prosesində bağlanmış barışıq sazişinin icra edilməsini cavabdehin işlədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən tələb etsə də, maliyyə və təminat idarəsinin rəisinin xx.xx.2023-cü il tarixli məktubu ilə sazişin icrasından “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34.3-cü maddəsinə istinad edilməklə imtina edilmişdir. Bu baxımdan hesab edirəm ki, nə qədər ki, mediasiya prosesində bağlanmış barışıq sazişinin icrası ilə bağlı tərəflər məsuliyyət daşıyır və tərəf(hazırki mübahisədə cavabdeh) barışıq sazişini çalışdığı müəssisədə icra etdirə bilmir, bu zaman onun hərəkətləri barışıq sazişinin könüllü icrasından imtina kimi qəbul edilməli və bu hal barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə iddia ilə məhkəməyə müraciət edilməsi üçün əsas kimi qəbul edilməlidir. Bununla belə, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi ilə bağlı prosessual qanunvericilikdə xüsusi icraat qaydasında məhkəməyə müraciət edilməsi qaydası nəzərdə tutulsa da, iddiaçı alimentin artırılması tələbi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Beləliklə hesab edirəm ki, yuxarıda göstərilənlərə əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalı və iddiaçıya mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında müvafiq məhkəməyə ərizə ilə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilsin. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar