Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-765/2022 12.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun ödənilməsi, müqavilənin ləğv edilməsi barədə iddia ərizəsinə dair mülki işə 12 yanvar 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 iyul 2020-ci il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya illik 26 faiz dərəcəsi hesablanmaqla 12 ay müddətinə ödəmək şərti ilə 2000 manat məbləğində kredit vermişdir. Borcun təminatı olaraq həmin tarixdə bankla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin, bankla Cavabdeh1 arasında bağlanmış 30 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən sonuncuya 15 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 6500 manat məbləğində kredit verilmişdir. Həmin borcun təminatı kimi bankla Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Hər iki kredit müqaviləsi üzrə öhdəliklər Cavabdeh1 tərəfindən icra edilmədiyindən bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən, 15 oktyabr 2021-ci il tarixə onun ilk müqavilə üzrə 442,91 manat əsas, 68,14 manat faiz, 55,65 manat cərimə borcu olmaqla ümumilikdə 566,7 manat, ikinci müqavilə üzrə isə 11 yanvar 2022-ci il tarixə 6114,12 manat əsas, 997,64 manat faiz, 386,13 manat olmaqla ümumilikdə 7497,89 manat borcu yaranmışdır. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birinci müqavilə üzrə yuxarıda göstərilən miqdarda borcun, habelə, 4,35 manat gecikdirilmiş faiz borcunun əldən çıxmış fayda qismində müştərək qaydada Cavabdeh1 və Cavabdeh2, ikinci müqavilə üzrə isə yuxarıda göstərilən miqdarda əsas və faiz borcunun, 68,87 manat cərimə borcunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh3 bankın xeyrinə tutulması və 30 mart 2021-ci il tarixli “kredit limitinin ayrılmasına dair müqavilə”nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi “iddia tələbinin həcminin azaldılması”na dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada bankın xeyrinə 30 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə 6114,12 manat əsas, 997,64 manat faiz və 386,13 manat cərimə borcu olmaqla ümumilikdə 7497,89 manat borcun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 118,17 manat məbləğində pul vəsaitinin tutulması, bank ilə Cavabdeh1 arasında bağlanmış 30 mart 2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, 28 iyul 2020-ci il tarixli kredit müqaviləsi üzrə borc məbləği tam olaraq banka ödənilmişdir. Digər müqavilə üzrə isə borcu ödəyə bilmədiyini, buna səbəb işlədiyi obyektin yanması olduğunu bildirib qətnamə çıxarılarkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Digər Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələbləri baxımından işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə məhkəmənin qərarına əsasən yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Cavabdeh1 30 mart 2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit borcunu və faizləri müqavilədə və onun ayrılmaz hissəsi olan ödəniş cədvəlində nəzərdə tutulan qaydada ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyə əməl etməmiş, beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 20 sentyabr 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, Cavabdeh1 30 mart 2021-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməmiş, əsas və faiz borcunu vaxtında ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh3 müqaviləyə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünə görə məhkəmə hesab edir ki, ona münasibətdə də iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddianın əsas və faiz borcuna münasibətdə iddia tələbinə uyğun təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilədə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 6114,12 manat məbləğində əsas borca tənasübsüz olaraq 386,13 cərimə borcunun hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulunun məbləği azaldılaraq 60 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 mart 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh1 və Cavabdeh3 həmin müqavilə üzrə yaranmış 6114,12 manat məbləğində əsas, 997,64 manat məbləğində faiz, 60 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 7171,76 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. İddia qismən təmin edildiyinə görə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 118,17 manat məbləğində pul vəsaitinin 105 manat hissəsi də müştərək qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 mart 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh3 həmin kredit müqaviləsi üzrə 6114,12 manat məbləğində əsas, 997,64 manat məbləğində faiz, 60 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə 7171,76 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 105 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev
Məhkəmə qərarları › İş №2(001)-765/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-765/2022
12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver