Məhkəmə qərarları › İş №2(001)-7652/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7652/2023

11.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7652/2023 11.12.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2277.4 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Belə ki, əvvəla cavabdehlərin sayına uyğun olaraq iddia ərizəsinin surəti əlavə edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.1 və 152.1.1-ci maddələrinin tələbinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətlərinin əlavə edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Bundan əlavə iddia ərizəsinin forma və məzmun şərti olan iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının göstərilməli olması barədə tələbə də riayət edilməmişdir. Halbuki Mülki-Prosessual Məcəllənin 149.2.5-ci və 152.1.1-ci maddəsinin tələbinə əsasən ərizədə ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməli və bu forma şərtinə əməl olunmaması iddia ərizəsinin geri qaytarılması üçün əsasdır. Beləliklə hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilən sənədlər iddiaçıya geri qaytarılmalıdır və iddiaçıya izah edilməlidir ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Bundan başqa iddiaçının nəzərinə çatdırılmalıdır ki, yenidən iddia ərizəsi verilərkən cavabdehdən tutulması xahiş olunan məbləğin kimin xeyrinə ödənilməli olması barədə tələbini dəqiqləşdirsin, çünki Mülki Prosessual Məcəllənin 50.2-ci maddəsində qeyd edilmişdir ki, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın tutulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar