Məhkəmə qərarları › İş №2(001)-7654/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7654/2021

23.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7654/2021 23.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Rüstəmova Ofelya Əkbər qızının katibliyi ilə İddiaçı Yelo Bank ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Yelo Bank ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsinə və borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Yelo Bank ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh1 10.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən TBC Kredit BOKT-dan illik 28 faizlə 24 ay müddətinə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.06.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. TBC Kredit BOKT ilə Yelo Bank ASC arasında bağlanmış tələbin güzəşti barədə 09.09.2020-ci il tarixli müqaviləyə 19.02.2019-cu il tarixli 1 saylı əlavə sazişə əsasən Cavabdeh1 ilə TBC kredit BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 10.09.2021-ci il tarixinədək Cavabdeh1 banka 10.06.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3329,7 manat əsas borcu, 343,72 manat faiz borcu və 478,15 manat cərimə borcu olmaqla ümumilikdə 4151,57 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəməyə müraciət etdikdən sonra cavabdehin etdiyi ödəniş əsas borcdan silinmişdir. Ona görə də, 10.06.2020-ci il tarixli Azad-455-368 saylı kredit müqaviləsinin ləğv edilməsinə, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borca görə 3179,7 manat, faiz borcuna görə 343,72 manat, cəriməyə görə 478,15 manat olmaqla cəmi 4151,57 manat borcun, dövlət rüsumuna görə 30 manatın Yelo Bank ASCnin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, 10.06.2020-ci il tarixli kredit müqaviləsinə əsasən TBC Kredit BOKT-dan illik 28 faizlə 24 ay müddətinə qaytarmaq şərti ilə 5000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə 10.06.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. TBC Kredit BOKT ilə Yelo Bank ASC arasında bağlanmış tələbin güzəşti barədə 09.09.2020-ci il tarixli müqaviləyə 19.02.2019-cu il tarixli 1 saylı əlavə sazişə əsasən onunla TBC kredit BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. Maddi imkanı olmadığından aldığı borcu vaxtında qaytara bilməmişdir. Ona görə də bankın kredit müqaviləsinin ləğv edilməsinə əsas borca görə 3329,7 manat, faiz borcuna görə 343,72 manat tələbinin təmin edilməsinə, cərimə borcunun rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Banka olan borcunu hissə-hissə ödəyəcəkdir. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Borcverən TBC Kredit BOKT MMC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 10.06.2020-ci il tarixli AZAD-455-368 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana 24 ay müddətinə qaytarmaq, illik 28% ödəmək şərti ilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. 01.06.2020-ci il tarixli ödəniş tapşırıqlarının surətindən müəyyən olunur ki, TBC Kredit BOKT borcalan Cavabdeh1 ayrılmış kreditə görə 5000 manatı vermişdir. Borcverən TBC Kredit BOKT MMC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 10.06.2020-ci il tarixli AZAD-455-368-AZAD-456 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, zamin borcalanın 10.06.2020-ci il tarixli AZAD-455- 368 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasına təminat vermişdir. Hüquq sahibi TBC Kredit BOKT ilə hüquq əldə edən Yelo Bank ASC arasında bağlanmış tələbetmə hüquqlarının güzəşt olunmasına dair 09.09.2020-ci il tarixli müqavilənin 1.1.3-cü bəndinə əsasən, borcalana o cümlədən sonuncuların səhmdarları, vərəsələri və hər hansı əlaqədar şəxslərə qarşı bütün tələbləri habelə öhdəliyin icrasını təmin edən hüquqları, tələblə bağlı olan digər hüquqları və ödənilməmiş faizlərə hüququ güzəşt anında mövcud olmuş həcmdə və şərtlərlə hüquq sahibi güzəşt etmiş, hüquq əldə edən isə qeyd edilən hüquqları qəbul etmişdir. 09.09.2020-ci il tarixli tələbin güzəşti barədə müqaviləyə 1 saylı əlavədən müəyyən olunur ki, kreditor TBC Kredit BOKT borcalan Cavabdeh1 ilə bağladığı 10.06.2020-ci il tarixli AZAD-455-368 saylı kredit müqaviləsi üzrə tələb etmə hüququnu Yelo Bank ASC-yə güzəşt etmişdir. Yelo Bank ASC-nin 10.06.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 10.06.2020-ci il tarixli AZAD-455-368 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Yelo Bank ASC-yə əsas borca görə 3329,7 manat, faiz borcuna görə 343,72 manat, cəriməyə görə 478,15 manat borcu vardır. Yelo Bank ASC-nin 23.11.2021-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, 10.06.2020-ci il tarixli AZAD-455-368 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Yelo Bank ASC-yə əsas borca görə 3179,7 manat, faiz borcuna görə 526,35 manat, cəriməyə görə 1061,26 manat borcu vardır. Yelo Bank ASC-nin Cavabdeh1 və Cavabdeh2 ünvanladığı 06.09.2021-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, bank borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (MM-nin 421.1.,421.2.,422.2.-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, birgə borclular olan cavabdehlər iddiaçıya tələb etmə hüququ ilə güzəşt edilən 10.06.2020-ci il tarixli AZAD-455-368 saylı müqavilədən irəli gələn öhdəliklərini icra etmədiklərindən iddiaçıya əsas borca görə 3179,7 manat, faiz borcuna görə 343,72 manat borcları yaranmışdır. Ona görə də məhkəmə iddiaçının müqavilənin ləğv edilməsinə, əsas borca görə 3179,7 manat və faiz borcuna görə 343,72 manat tələblərini əsaslı hesab edib, iddia ərizəsini bu hissədə təmin edir. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimənin cavabdehlərin borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, kreditor pozulmuş hüquqlarının müdafiəsinə dair iddia tələbi ilə, yalnız 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə əslində dəyən zərərin miqdarının, yəni hesablanan cərimənin artmasına rəvac vermişdir. Baxmayaraq ki, kreditor bağladığı müqavilələrin şərtlərinə və yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərinə əsasən pozulmuş hüquqlarının müdafiəsi üçün vaxtında məhkəməyə müraciət etməklə ona vurula biləcək zərərin qarşısını ala bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehlərdən 10 manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iddiaçının ödədiyi dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ilə TBC Kredit BOKT arasında bağlanmış 10.06.2020-ci il tarixli AZAD- 455-368 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10.06.2020-ci il tarixli AZAD-455-368 saylı kredit müqaviləsinə əsasən əsas borca görə 3179,7 manat, faiz borcuna görə 343,72 manat, cəriməyə görə 10 manat, dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 3563,42 manat Yelo Bank ASC-nin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar