Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-767/2022 24.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əhmədli Fərid Elçin oğlunun katibliyi, İddiaçı Bank "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğvi və borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə X5 arasında bağlanmış 16.12.2019-cu il tarixli, MK-00053-14/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 11.10.2021-ci il tarixə ödənilməmiş 5526,18 manat əsas borc, iddia qaldırılması üçün 76 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə cavabdeh X5 arasında bağlanmış 16.12.2019-cu il tarixli, MK-00053-14/19A saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdeh istehlak məqsədi ilə 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh 16.12.2019-cu il tarixdə iddiaçıyla MKZ-00053-14/19A saylı zaminlik müqaviləsi bağlayaraq X2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Kreditin təminatı qismində cavabdeh X5 16.12.2019-cu il tarixdə iddiaçıyla MKYG-00053- 14/19A saylı girov müqaviləsi bağlayaraq tam mülkiyyət hüququ üzrə özünə məxsus olan ev əşyalarım girova qoymuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 avqust 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 may 2020-ci il tarixdə ölmüşdür. İddiaçı Bank BTB ASC ilə X5 və Cavabdeh Abdulİa oğlu arasında bağlanmış 16.12.2019-cu il tarixli MKZ-00053-14/19A saylı zaminlik müqaviləsinə əsasən zamin, borclunun 16 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X2 adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətlərini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh və zamin kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək gecikməyə səbəb olmuşdur. Cavabdeh 29.12.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini bildirmişdir. Məhkəmə iclasında iddiaçı Bank "xxxx" ASC-nin etibarnamə əsasında nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi, Bank "xxxx" ASC-nin “Əcəmi” filialı ilə cavabdeh X5 arasında bağlanmış 16.12.2019-cu il tarixli, MK-00053-14/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn 11.10.2021-ci il tarixə ödənilməmiş 5526,18 manat əsas borc, iddia qaldırılması üçün 76 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini və hal-hazırda borcu ödəməyə maddi imkanının olmadığını bildirmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 16.12.2019-cu il tarixli MK-00053-14/19A nömrəli kredit müqaviləsindən görünür ki, Bank "xxxx" ASC ilə X5 arasında bağlanmış müqaviləyə əsasən, borcluya 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilməsi haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan 16.12.2019-cu il tarixli MK-00053-14/19A nömrəli kredit müqaviləsinə Əlavə olan Ödəniş qrafikindən görünür ki, X5 tərəfindən götürülmüş kreditin aylıq ödənişləri 528,71 manat olmaqla, 16.12.2021-ci il tarixinə qədər geri qaytarılması razılaşdırılmışdır. İş materiallarında olan Bank "xxxx" ASC ilə X5 arasında bağlanmış 16.12.2019-cu il tarixli MKYG-00053-14/19A №-li girov müqavilədən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, “girovqoyan” xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan və müqavilənin ayrılmaz hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı “girovsaxlayan” qarşısında girov ilə yüklü edilmişdir. İş materiallarında olan 16.12.2019-cu il tarixli, MKZ-00053-14/19A saylı Zaminlik müqaviləsindən görünür ki, Cavabdeh ilə bank arasında zaminlik müqaviləsi bağlanmış, sonuncu cavabdeh X3 zamin duraraq, 16.12.2019-cu il tarixli MK-00053-14/19A nömrəli Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyi halda məsuliyyəti üzərinə götürmüşdür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, Zamin borcalanın Kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi və lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borcun tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 11.10.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, X2 16.12.2019-cu il tarixli müqavilə üzrə 11.10.2021-ci il tarixə 5526,18 manat əsas borcu vardır. İş materiallarında olan bildirişdən görünür ki, cavabdehə 16.12.2019-cu il tarixli Kredit Müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməməyə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı № 107589 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 20 may 2020-ci ildə travmatik subdural qansızmadan Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 24 avqust 2020-ci ildə 685 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Elektron Xidmətlər üzrə 21.09.2021-ci il tarixli Çıxarışdan aydın olur ki, X2 adına vərəsəlik işinin açılması barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin -14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. -448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -739.1 maddəsinə görə Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. -739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. -472.1-ci və 472.2-ci maddələrinə görə isə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. -424.5-ci maddəsinə görə əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Göründüyü kimi iddiaçı ilə X5 arasında 16.12.2019-cu il tarixli MK-00053-14/19A nömrəli kredit müqaviləsi və həmin müqavilə əsasında Cavabdeh arasında 16.12.2019-cu il tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. X5 20.05.2020-ci il tarixdə ölmüş və vərəsəsi müəyyən edilməmişdir. Zamin Cavabdeh isə Zaminlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Qeyd olunanlara qiymət verərək məhkəmə belə hesab edir ki, Cavabdeh 5526,18 manat məbləğində əsas borc tutularaq, iddiaçıya ödənilməli və X5 ilə Bank "xxxx" ASC arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli MK-00053-14/19A saylı kredit müqaviləsi ləğv edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə müvafiq olaraq, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınmalı olduğundan, iddiaçı tərəfindən ödənilmiş 76 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5526,18 (beş min beş yüz iyirmi altı manat 18 qəpik) manat məbləğində əsas borc, 76 (yetmiş altı) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı olmaqla, cəmi 5602,58 (beş min altı yüz iki manat 58 qəpik) manat məbləğində pul vəsaiti alınıb iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. X5 ilə Bank "xxxx" ASC arasında bağlanmış 16 dekabr 2019-cu il tarixli MK-00053- 14/19A saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-767/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-767/2022
24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver