Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7704/2021 26.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdeh iştirakı ilə, İddiaçı Xalıqova (Babayeva) Gülnar Heybət qızının Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Xalıqova (Babayeva) Gülnar Heybət qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 11 oktyabr 2005-ci il təvəllüdlü X13 və 24 avqust 2014-cü il təvəllüdlü X14 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh xeyrinə hər ay 175 manat olmaqla, cəmi 350 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 13 oktyabr 2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladları 11 oktyabr 2005-ci il təvəllüdlü X13 və 24 avqust 2014-cü il təvəllüdlü X14 doğulmuşdur. Binəqədi rayon məhkəməsinin 16 may 2016-cı il tarixli, 2(001)-4701/2016 saylı qətnaməsinə əsasən nikahlarına xitam verilmişdir. Həmin qətnaməyə əsasən hər iki uşağın onun yanında saxlanması və yetkinlik yaşına çatana qədər onların hər biri üçün 117 manat, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması qərara alınmışdır. Sonradan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2018-ci il tarixli qətnaməsinə əsasən həmin məbləğin miqdar artırılaraq 154 manat olmaqla, cəmi 308 manat məbləğində müəyyən edilmişdir. Lakin qeyd edilən məbləğ övladlarının saxlanması üçün yetərli deyildir. Həmçinin 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, vəkil X7 izahatında bildirmişdir ki, iddianı müdafiə edir və təmin edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı uşaqların maddi tələbatını ödəməkdə çətinlik çəkir. İddiaçının özü tibb bacısı işləyir. Uşaqlar hazırlıqlara gedirlər və xərcləri çoxdur. Cavabdeh isə maddi yardım etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Əlavə olaraq bildirmişdir ki, aliment məbləği artırılarsa, həmin məbləği ödəmək imkanı yoxdur. İşsizdir. Bundan əlavə xəstə anasına baxır. Anası insult olmuşdur. Həmin vaxtdan sonra ona özü baxır. Anasına görə işləyə bilmir. 4 bacısı var və bacıları da ona köməklik edirlər. Əvvəl H. Əliyev adına hava limanında işləmişdir. Sonra işdən çıxmış və 2013-cü ildə etibarən işsizdir. Alimentdən əlavə uşaqlara paltar almış, gəzdirmiş və məktəb ləvazimatları almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 734968 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 05.08.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 678158 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 08.09.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası X5r. Binəqədi Rayon Məhkəməsinin 16 may 2016-cı il tarixli 2(001)-4704/2016 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X10 arasında olan nikah pozulmuş, 11 oktyabr 2005-ci il təvəllüdlü X13 və 24 avqust 2014-cü il təvəllüdlü X2 Gülnar Heybət qızının yanında saxlanılmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, ümumilikdə 234 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(001)-9272/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Xalıqova (Babayeva) Gülnar Heybət qızının Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası təmin edilmiş, tərəflərin birgə nikahından olan uşaqların saxlanılması üçün müəyyən edilmiş alment məbləği hər ay hər uşağa görə 154 manat olmaqla, 308 manat sabit pul məbləğində müəyyən edilmişdir. Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 315787 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X11 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 06 sentyabr 2016-cı il tarixində 364 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra ərə Babayev, arvada Xalıqova soyadı verilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur.Nikah pozularkən tərəflərin birgə nikahından 11 oktyabr 2005-ci il təvəllüdlü X8 və 24 avqust 2014-cü il təvəllüdlü X1 üçün, hər ay hə ruşaq üçün 117 manat olmaqla, 234 manat məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 19.12.2018-ci il tarixli 2(001)- 9272/2020 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat alimentin Cavabdeh tutularaq Xalıqova (Babayeva) Gülnar Heybət qızına ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı tutulan aliment məbləğinin dəyişdirilərək, hər ay hər uşaq üçün 175 manat məbləğində müəyyən edilməsini tələb edir. Cavabdeh isə işsiz olduğunu, himayəsində xəstə anası olduğunu bildirərək, alimentin artırılmasına etiraz etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Birləşmiş Millətlər Təşkilatının X6 3-cü maddəsinin tələblərinə əsasən, “Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir”. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü maddəsinə əsasən Azərbaycan Respııblikasında uşaq hüquqlarının müdafıəsini müvaliq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar; 13-cü maddəsinə əsasən hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafızəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. İddiaçı alimentin artırılmasının zəruriliyini onunla əsaslandırmışdır ki, uşaqlar üçün yaşayış minimumu artmışdır. Cavabdeh isə işsiz olduğunu vurğulamaqla iddiaya etiraz etdiyini bildirmişdir. Məhkəmə, hazırda uşaqların saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə qismən razılaşır. Belə ki, uşaqların yaşlarına uyğun olaraq xərclərinin artması hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır. Eyni zamanda yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu alimentin müəyyən edildiyi 2018-ci ildən müəyyən məbləğdə artmışdır. Bu baxımdan alimentin müəyyən məbləğdə artırılması işin hallarına və uşaqların mənafeyinə uyğun hesab edilə bilər. Yaşayış minimumu haqqında tələblərin artması birbaşa alimentin artırılması üçün əsas olmamaqla aliment ödəməli olan şəxsin gəlirinin də artması demək deyildir. Belə ki, Uşaqlar üçün yaşayış minimumu ilə bağlı qanunvericiliyin hazırki mübahisələrə tətbiqi baxımından Ali Məhkəmənin Plenumunun və Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarları mövcuddur. Həmin qərarlarda mövqe ondan ibarət olmuşdur ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bundan başqa həmin qərarlarda qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Göründüyü kimi mövqe ondan ibarət olmuşdur ki, alimentin artırılması tələbinə baxarkən yalnız uşağın təminat səviyyəsi deyil, eyni zamanda aliment ödəyənin maddi vəziyyəti də nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə həm iddiaçının, həm aliment ödənilməli olan uşaqların, həm cavabdehin, diqqətəlayiq maraqlarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və hər uşaq üçün ödənilməli olan alimentin məbləği artırılaraq 170 manat miqdarda müəyyən edilməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(001)-9272/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilməli, 11 oktyabr 2005-ci il təvəllüdlü X8 və 24 avqust 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq Xalıqova (Babayeva) Gülnar Heybət qızına verilməli, iddia qalan hissədə təmin edilməməli, alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun (mübahisə yaranan zaman qüvvədə olan) : 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 20 manat miqdarında dövlət rüsumu ödənilir; 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmə həmçinin hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment miqdarının fərqinin məcmusu (iddia qiyməti) 500 manatdan az olduğundan (170 - 154=16 x 2 x 12=384) ödənilməli olan dövlət rüsumu 20 manat məbləğində müəyyən edilməli və bu qəbildən olan iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyindən, həmin məbləğ Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 124-cü və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Binəqədi Rayon Məhkəməsinin 19 dekabr 2018-ci il tarixli 2(001)-9272/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. 11 oktyabr 2005-ci il təvəllüdlü X8 və 24 avqust 2014-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay, hər uşaq üçün 170 (bir yüz yetmiş manat) manat olmaqla, ümumilikdə 340 (üç yüz qırx manat) manat sabit pul məbləğində aliment tutularaq Xalıqova (Babayeva) Gülnar Heybət qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu Qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçının ödəməkdən azad edildiyi 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-7704/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7704/2021
26.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver